Tıxac yaradanlar cəzalandırılacaq

Tıxac yaradanlar cəzalandırılacaq
  20 Fevral 2013    Oxunub:2789
Yol hərəkəti haqqında qanunla qadağan olunan yerdə avtomobili saxlayan sürücülər haqqında ciddi tədbirlər görüləcək.
Paytaxt ərazisində yaranan tıxacların əsas səbəbinin avtomobillərin qadağan olunan yerdə saxlanılması olduğu bildirilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, paytaxt ərazisində yaranan sıxlıq, tıxaclarla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, dayanmanı, durmanı qadağan edən yol nişanlarının təsir zonalarında və yolların hərəkət hissələrində dayanan avtomobillər tıxacların yaranmasında əsas rol oynayır: “Paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini bərpa etmək üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərin diqqətinə çatdırır ki, yol hərəkəti haqqında qanunla qadağan olunan yerdə avtomobili saxlayan sürücülər haqqında ciddi tədbirlər görüləcək. Belə ki, qadağan olunan yerdə avtomobili saxlayan sürücülərin avtomobili evakuasiya olunmaqla bərabər, həm də Post patrul xidmətinin maşınlarında quraşdırılan “bolt” kompüterlər vasitəsi ilə avtomobilin 3 istiqamətdən fotosu çəkiləcək və fotomaterial hazırlanacaq. Həmin fotolar təyin edilən cərimə ilə birlikdə avtomobilin ön şüşəsinə vurulacaq”.

Şöbə rəisi APA-ya onu da bildirib ki, bu gün paytaxt yollarında dayanma və durma qaydasını pozan sürücülərin aşkarlanması istiqamətində Əhməd Cavad, İstiqlaliyyət küçələrində və Azərbaycan prospektində reydlər keçirilib. Reyd zamanı 60-dan çox avtomobilin dayanma və durma qaydasını pozduğu aşkarlanıb.



Teqlər:  





Xəbər lenti