Kişi həmkarı qadın deputatın başına butulka çırpdı - VİDEO

Kişi həmkarı qadın deputatın başına butulka çırpdı - VİDEO
  07 Noyabr 2015    Oxunub:7739
Ukrayna parlamentində dava-dalaş həmişə əyləncəli və gülməli görünüb. Ta ki Xalq Cəbhəsindən olan millət vəkili Andrey Teterukla “Batkivşina” Partiyasını təmsil edən qadın deputat Aleksandra Kujelin mübahisəsinə qədər.

Sonuncu hadisədə Andrey Teteruk Aleksandra Kujelin başına butulka ilişdirib. “Butulka əməliyyatı” parlamentin növbəti sessiyası başa çatandan sonra baş verib. Özü də spiker Vladimir Qroysmanın otağının qarşısında.

Hadisə nəticəsində 62 yaşlı Kujelin gözü qaralıb, beyin silkələnməsi keçirib.

“Batkivşina” Partiyasının yaydığı məlumatda deyilir ki, şahidlərin bildirdiyinə görə, Teteruk Kujeli əvvəlcə təhqir edib. Sonra da əlindəki butulka ilə onun başına zərbə vurub.

“Batkivşina”dan olan deputatlar Teterukun öz mandatını təhvil verməsini tələb edir. Deyirlər ki, bu, baş verməyənədək parlamentin iclaslarında iştirak etməyəcəklər.



Partiyanın lideri Yuliya Timoşenko insidenti pisləyib və Kujelə vurulan zərbəni “doğma anaya vurulan zərbə” ilə müqayisə edib.

Digər partiyalardan olan qadın deputatlar da zərərçəkmiş qadın həmkarları ilə həmrəylik nümayiş etdiriblər.

Prezident Petro Poroşenkonun blokundan olan Olqa Çervakova A.Teterukdan tələb edib ki, bu hərəkətinə görə mandatını könüllü təhvil versin. O, Teterukun deputat toxunulmazlığının götürülməsini, onun məsuliyyətə cəlb edilməsini də istəyib.

A.Teteruk isə özünümüdafiəyə keçib. Deyib ki, A.Kujeli vurmaq niyyətində olmayıb. A.Teteruk “Obozrevatel” saytına deyib ki, birinci Kujel onu əl çantası ilə vurmaq istəyib. Əlində butulka olan Teteruk bunun qarşısını almağa çalışıb. Butulka təsadüfən Kujelin üzünə dəyib.

Teteruk araşdırma müddətində toxunulmazlığının qaldırılmasını, istintaq orqanları ilə əməkdaşlığa hazır olduğunu da deyib: “Qoy ictimaiyyət bilsin ki, hadisə əslində niyə və necə baş verib”.

Ukrayna parlamenti deputatlar arasında şillə-təpikli davalara öyrəncəlidir. 2013-cü ildə rus dilində edilən çıxışa görə, 2014-cü ildə isə büdcə müzakirəsi zamanı başlayan dava-dalaş bir neçə deputatın al-qana bulanması ilə nəticələnmişdi.

2010-cü ildə Sevastopol hərbi dəniz bazasının Rusiyanın Qara dəniz donanmasına icarəyə verilməsi məsələsi müzakirə ediləndə isə deputatlardan biri bir qədər də irəli getmişdi. O, həmkarlarına tüstü şaşkası atmışdı. Digərləri də öz sərrastlıqlarını rəqiblərinə yumurta atmaqla yoxlamışdılar. (virtualaz.org)




Teqlər:  





Xəbər lenti