Politoloqlardan kim deputat olmaq istəyir? - Sorğu

Politoloqlardan kim deputat olmaq istəyir? - Sorğu
  07 Avqust 2015    Oxunub:8045
Azərbaycanda bu ilin noyabr ayında keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca, cəmiyyətdə siyasi ekspertlərin də seçkilərdə namizəd qismində iştirak edəcəyi ilə bağlı suallar yaranır.

AzVision.az politoloqlar arasında qeyd olunan məsələ ilə bağlı sorğu aparıb.



Politoloq Elman Nəsirli bildirir ki, seçkidə iştirakla bağlı qərar qəbul etməyib.



Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə bu barədə düşünmədiyini və belə bir iddiadan uzaq olduğunu söylədi.



Politoloq Qabil Hüseynli isə bildirdi ki, əgər siyasi mühit sağlam olsa, parlament seçkilərində iştirak edəcək: “Vəziyyətə, namizədlərə, siyasi mühitdəki gedişata baxıb, qərar verəcəyəm”.



Politoloq Fikrət Sadıqov hesab edir ki, siyasi ekspert olmaq hər hansı bir posta iddialı olmaq üçün əsas vermir: “Hər halda bu haqda danışmaq hələ tezdir. Çox güman ki, seçkilərdə iştirak etməyəcəm. Öz peşəmlə məşğulam. Ona görə də belə bir planım yoxdur”.



Politoloq Rasim Musabəyov isə yenidən deputat mandatı uğrunda mübarizə aparmaq niyyətindədir: “Hələ bununla bağlı qərar verməmişəm. Düşünürəm ki, vaxta var. Ümumən mənim namizəd olmağım daha üstün namizədin irəli sürülməsindən asılı olacaq. Yəni, hər hansı bir perspektivli gəncin həmin dairədən seçilməsi mənim üçün xoş olar. Buna görə də geri də çəkilə bilərəm. Bununla belə şeçkilərdə iştirakı nəzərdə tuturam”.



Politoloq Ərəstun Oruclu isə vurğulayıb ki, hələlik bu barədə yekun qərarı yoxdur və olduğu təqdirdə elan edəcək.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti