`Hakimiyyətə barışıq əli uzatdım` - Rəsul Cəfərov

`Hakimiyyətə barışıq əli uzatdım` - Rəsul Cəfərov
  07 Avqust 2015    Oxunub:1954
Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov Kürdəxanı İstintaq Təcridxanasından Dərnəgül qəsəbəsindəki 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. O, öz vəkili vasitəsilə həbsinin bir ili ilə bağlı Turan-ın suallarını cavablandırıb.

Cəfərov ötən ili itirilmiş hesab edir. O vurğulayıb ki, bütün bu müddət ərzində hakimiyyəti bütün fəaliyyətinin barışıq xarakterli olduğuna inandırmağa çalışıb. Hələ ibtidai istintaq zamanı, 15 oktyabr 2014-cü il tarixində o, ölkə prezidentinə müraciət edib. Bu yaxınlarda dövlət büdcəsinə vergi borcunu ödəyib.

“Həbsimdən əvvəl, həbs dövrü və ondan sonra da müstəqil hüquq müdafiəçilərinə məxsus olan prinsiplərə əməl etmişəm və bundan sonra da edəcəyəm”, - deyə o bildirib.

Cəfərov ümid edir ki, onun uzatdığı əl havada qalmayacaq.

“İnanmaq istəyirəm ki, müraciətlərimə cavab veriləcək və mən azadlığa çıxacağam”, deyə Cəfərov bildirib.

Həbsdə vaxtını necə keçirdiyi barədə suala cavabında Cəfərov saxlanma şəraitindən və ona qarşı davranışdan şikayət etməyib.

O, bir ili İstintaq Təcridxanasında keçirib, rəhbərliklə də, işçi heyətlə də yaxşı münasibətləri olub.

Hər rübdə bir dəfə Ombudsman Aparatının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ona baş çəkiblər. İstintaq Təcridxanasının həkimləri də müntəzəm olaraq onun səhhəti ilə maraqlanıblar.

R.Cəfərov fziki və psixoloji nöqteyi-nəzərdən də özünü normal hiss edir.

İstintaq Təcridxanasında o, çoxlu mütailə edib, radio dinləyib, xəbərlərə və futbol matçlarına baxıb.


Teqlər:





Xəbər lenti