Təhsil Nazirliyi ilə TQDK arasında fikirlər toqquşur

Təhsil Nazirliyi ilə TQDK arasında fikirlər toqquşur
  19 Fevral 2013    Oxunub:1922
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi monitorinqin yekun rəyi və bu rəy əsasında ekspert şurasının qərarı subyektiv fikirlər əsasında hazırlanıb və onların heç bir elmi-metodoloji əsası yoxdur.
Bu barədə Təhsil Nazirliyindən (TN) ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün 2012-ci ildə çapdan buraxılmış “Riyaziyyat” dərslik komplektinə dair TQDK-nın monitorinqinin nəticələrinə münasibət olaraq bildirilib.

TN-dən deyilib ki, ümumiyyətlə, rəy sovet dərslikləri ənənələrinə istinadən hazırlanıb: “Rəydə irəli sürülmüş əsassız iradlar kurikulumun tələblərinin və onun tətbiqi ilə bağlı tədris metodikasının düzgün qiymətləndirilməməsindən irəli gəlir. Bu səbəbdən də yekun rəydə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi əsasında dərsliyə gətirilmiş yeniliklər ya bütünlüklə inkar edilir, ya da səhv hesab edilir. Məsələn, sadə həndəsi anlayışların, fəza təsəvvürlərinin formalaşdırılmasına yanaşma üsulu hazırda dünyada qəbul edilən mütərəqqi metodlardan sayıldığı halda, rəydə nöqsan kimi göstərilib. Eləcə də, məlumatı toplama və təqdimetmə üçün istifadə edilən formalar Avropa ölkələrinin, ABŞ-ın dərsliklərində ən çox rast gəlinən təqdimat formaları olduğu halda, bu formalar rəyi hazırlayanlar tərəfindən qəbul edilmir. Başqa bir iradda isə müasir dünya dərsliklərində geniş istifadə edilən və şagirdlərin sayma, müqayisə, hesablama bacarıqlarını formalaşdırmaq üçün tətbiq edilən vasitə - ədəd oxu qəbul edilmir.

Qeyd edək ki, yekun rəydə 20 standartın reallaşdırılmaması ilə bağlı fikrin heç bir əsası yoxdur. “Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımından” başlığı ilə verilmış iradlar isə “antipedaqoji”, “elmi-pedaqoji cəhətdən səhv”, “şagirdlərin yaş və fizioloji xüsusiyyətlərinə uyğun deyil” kimi qərəzli ifadələrdən istifadə olunmaqla tərtib edilib və heç bir arqumentə əsaslanmayan fikirlərdən ibarətdir. Bu bölmədə irəli sürülən iradlardan bəzilərini nəzərə almaq olar ki, onlar əsasən dil, üslub və xırda çap xətalarını əhatə edir.

Bütövlükdə isə subyektiv fikirlərlə 18 səhifəyə çatdırılmış “iradlar toplusundan” cəmi 16 irad qismən və ya bütünlüklə qəbulediləndir ki, bunlar da əsasən dil-üslub və çap xətaları ilə bağlıdır”.



Teqlər:  





Xəbər lenti