Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul olunub

Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul olunub
  24 May 2013    Oxunub:1160
Deputatlar yeni təkliflər irəli sürdülər
Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsi müzakirə edilib. AzVision.az xəbər verir ki, yenilənən qanun layihəsini Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

O bildirib ki, məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin, bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.
Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycan əsilli insanlar onlara əcnəbi anlayışı ilə yanaşılmasından narahatdırlar.
Deputat xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşmanın olmasını təklif edib. Deputat Azərbaycanda ikili vətəndaşlıq olmamasına baxmayaraq valideynlərinin azərbaycanlı olduğu xarici ölkə vətəndaşı olan şəxslərə imtiyazların verilməsini vacib sayıb.

Deputat Tahir Rzayev də çıxışında qeyd edib ki, valideynlər uşaqları xarici dövlətə apararkən bəzi hallarda çətinliklərlə üzləşə bilər, çünki hər iki valideynin icazəsi olmalıdır. O təklif edib ki, yerli icra hakimiyyəti orqanlarının verdiyi arayışla bir valideynin razılığı ilə uşağın digər ökəyə aparılmasına şərait yaradılsın.

Deputat Çingiz Qənizadə isə çıxışında bildirib ki, valideynlərindən biri azərbaycanlı olan uşaqların yetkinlik yaşına çatanadək Azərbaycanda qalmasına sərbəst şərait yaradılmalıdır. O qeyd edib ki, xarici ölkədə doğulmuş, yaşamış, lakin Azərbaycana gətirilmiş uşaq 18 yaşına kimi hər 3 aydan bir gedib sərhəddən keçib qayıtmalıdır, çünki əcnəbilər ölkə əraszisində 3 ay qala bilərlər.
Qeyd edək ki, Miqrasiya Məcəlləsi ikinci oxunuşda qəbul olunub.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti