100 min azərbaycanlının faciəsi - ARAŞDIRMA, SƏNƏDLƏR

100 min azərbaycanlının faciəsi - ARAŞDIRMA, SƏNƏDLƏR
  20 Yanvar 2015    Oxunub:10262
Əvvəli BURADA

...1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 №-li qərar qəbul etdi. Qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük prinsipi əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün.


1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulub.

Bəzən cəmiyyət arasında belə bir yanlış fikir də formalaşdırmağa çalışırlar ki, guya, Mir Cəfər Bağırov üçün bu qərar gözlənilməz olub və onun belə bir qərarın hazırlanmasından xəbəri olmayıb. Doğrudan da bu qərar imzalnan vaxt Azərbaycan K(b)P MK katibi Bakıda olmayıb. Həmin vaxt o, Qara dəniz sahilində istirahətdə olub. O dövrün sənədlərində bu qərar haqqında ilk məlumatın ona dekabrın 26-da Nazirlər Sovetinin sədri T. Quliyev və Azərbaycan KP MK-nın II katibi H. Seyidov tərəfindən verildiyi göstərilib.

Ancaq Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan başqa bir sənəd bu fikrin yanlış olduğunu göstərir. Azərbaycan K(b)P MK katibi M. C. Bağırov və Ermənistan K(b)P MK katibi Q. A. Arutinovun İ. Stalinə birgə müraciətinin mətni iki respublika rəhbərinin öz xalqının taleyinə münasibətini ortaya çıxarır.

“Yoldaş İ. V. Stalinə

Son illərdə Azərbaycan və Ermənistan Respublikalarında baş vermiş təsərrüfat dəyişiklikləri məsələsini müzakirə edərək, aşağıdakı təkliflərlə Sizə müraciət etməyi qərara aldıq:

Mingəçevir sisteminin həyata keçirilməsi nəticəsində yeni suvarma torpaqlarının yaranması ilə bağlı pambıqçılıq rayonlarının kolxozlarında işçi qüvvəsinin çatışmaması, həmçinin bu rayonlarda pambığın məhsuldarlığının artırılması məsələləri, Azərbaycan SSR-in bu rayonlarında əhalinin sayının artırılması məsələsini ortaya çıxarır.

Bu məsələnin ən real həlli bu rayonlara Ermənistanda yaşayan azərbaycanlı əhalidən 130 min nəfərin köçürülməsi ola bilər.

Azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana köçürülməsi, xaricdən vətənə köçən ermənilərin qəbulu və yerləşdirilməsi şərtlərini də xeyli asanlaşdırmış olardı.

Azərbaycanlı əhalinin köçürülməsi nəticəsində boşalmış torpaqlar və yaşayış yerləri xaricdən köçüb gəlmiş erməni kəndlilərinin yerləşdirilməsi üçün istifadə oluna bilər.

Gəlinən nəticələrdən çıxış edərək, Sizin aşağıdakı məsələlərlə bağlı qərar qəbul etmənizi xahiş edirik:

1) Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalinin seyrək məskunlaşdığı pambıqçılıq rayonlarına köçürülməsi və boşalmış torpaqların və yaşayış yerlərinin xaricdən köçüb gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunması;

2) Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərinə köçürülmənin şərtlərini və qaydalarını işləyib hazırlamaq və köçürməyə rəhbərlik etmək üçün birgə komissiyanın yaradılması;

3) Bu tədbirlərlə bağlı xərclərin İttifaq büdcəsinə daxil edilməsi.”

Sənəd Stalinə göndəriləcək məktubun layihəsi olduğundan, burada tarix qeyd olunmayıb. Ancaq, başqa mənbələr məktubun M. C. Bağırov tərəfindən 1947-ci il dekabrın 3-də imzalandığını göstərir. Bundan 20 gün sonra 1947-ci il dekabrın 23-də verilmiş 4083 №-li qərarın isə Ermənistanda yaşayan azərbaycanlıları hansı faciələrlə üz-üzə qoyduğu isə artıq məlum məsələdir.

Köçürülmə məsələlərində ortaya çıxan ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, 1948-ci ildə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasının başlaması ilə, xaricdən ermənilərin köçürülməsi prosesi kəskin surətdə azalıb. Bunu yazının əvvəlindəki cədvəldən də aydın görmək olur.

1946, 1947-ci illərdə xarici ölkələrdən köçürülmüş ermənilərin əksəriyyəti kəndlərə getməkdən imtina edərək ya şəhərlərdə yerləşdirilmişdi, ya da köçərək SSRİ-nin başqa regionlarına getmişdilər. Nəticədə Ermənistan ərazisində azərbaycanlılardan təmizlənmiş kəndlərin çoxu boş qalmışdı.

Kür-Araz ovalığına köçürülmüş azərbaycanlılar isə yaşayış yeri ilə təmin olunmadıqlarından, kolxozların təsərrüfat binalarında, yerli sakinlərin evlərində və hətta yeraltı daxmalarda yaşamağa məcbur olurdular. 1949-cu ilin yazında Kür çayının səviyyəsinin qalxması nəticəsində Salyan, Yevlax ərazisində məskunlaşmış Dərələyəzli köçkünlərindən 16 uşaq belə daxmalarda su altında qalaraq boğulub öldü.

Azərbaycan Respublikası Dövlət Arxivində dözülməz həyat şəraitindən bezmiş azərbaycanlılar təəfindən Respublika Nazirlər Soveti sədrinə və yerli rayon partiya komitələrinin katiblərinə yazılmış onlarla şikayət ərizəsi saxlanılır. Bu ərizələrin hər biri bir ailənin acı taleyindən xəbər verir:

“Hörmətli katib, vəziyyətimiz olduqca dözülməzdir. Ailəmiz üç-dörd ay açıq səma altında yaşadıqdan sonra əlacsız qalaraq yeraltı daxma düzəldib altında məskunlaşmışıq. Soyuqlar düşüb, qar yağır. İki uşağım acından ölüb, üç uşağım isə ölümcül haldadır. Bəs biz nə edək? Necə dolanaq? Belə getsə ailəmizdə hələlik sağ qalan 5 nəfər də yəqin ki, öləcəkdir.”

Bu ərizəni Dərələyəz mahalının Qışlaqlı kəndindən köçürülmüş Gözəl adlı bir qadın yazıb. Ərizəsinə heç bir cavab almayan qadın bir neçə ay sonra ərini də itirib. Az sonra özü də dünyasını dəyişən qadının yetim qalan 3 uşağı qohumlarının himayəsinə verilib.

1953-cü ildə Stalinin ölümündən sonra Azərbaycana köçürülmüş əhalinin bir qismi geriyə - öz ata-baba yurdlarına qayıtmağa başladılar. Bu qayıdışın kütləvi hal alacağından təşvişə düşən Ermənistan SSR rəhbərləri buna qəti etirazlarını bildirirdilər. 1953-cü il oktyabrın 30-da Ermənistanın Kənd təsərrüfatı naziri Qazaryanın imzası ilə Rayon İcraiyyə komitələrinin sədrlərinə Məktub göndərildi.

“Bəzi rayonların kolxoz sədrləri məlumat verirlər ki, Azərbaycana köçürülmüş kolxozçuların bir hissəsi geriyə qayıdıb və yenidən onların kolxoza qəbul edilməsini xahiş edirlər. Bildiririk ki, bu kolxozçular arasında izahat-təbliğat işləri aparmaq lazımdır ki, onlar yenidən geriyə-Azərbaycana qayıtsınlar...”

1954-cü ilin aprelində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti başda nazir müavini M. Poladov olmaqla Ermənistan SSR-in azərbaycanlılar yaşayan rayonlarını gəzərək onların geri qayıtması səbəblərini araşdırdılar.

Onlar öz məlumatlarında göstərirdilər ki, geri qayıtmanın başlıca səbəbi Kür-Araz ovalığında köçürülənlər üçün lazımi şəraitin olmaması, Ermənistanın dağ rayonlarından köçürülən azərbaycanlıların bu yerlərin iqliminə alışa bilməməsidir. Onların məlumatına görə, 1954-cü ilin aprelinə qədər 1155 təsərrüfat geriyə - özlərinin əvvəlki yerlərinə qayıdıb.

Arayışda geriyə qayıtmanın qarşısını almaq üçün konkret təkliflər də irəli sürülürdü. Bu təkliflər sırasında Azərbaycan SSR-in Kür-Araz ovalığında onlar üçün əlverişli şərait yaradılması, Ermənistan SSR-ə dönənləri orada yenidən məskunlaşmağa qoymamaq, özləri üçün yeni evlər tikməyə, həyətyanı təsərrüfat yaratmağa icazə verməmək təklif olunurdu.

1954-cü ilin mayında və sentyabrında azərbaycanlı əhalinin köçürüldüyü rayonların icraiyyə komitələrinin sədrlərinə və rayon partiya komitələri katiblərinə respublika partiya və hökumət rəhbərlərinin imzası ilə göndərilmiş məktubda həmin rayonlara köçürülənlərin Azərbaycan SSR-in başqa rayonlarına getməsinin və Ermənistan SSR-ə geri qayıtmasının tezliklə qarşısını almaq tapşırılırdı.

1962-ci ildən başlayaraq Ermənistan SSR ərazisinə xarici ölkələrdə yaşayan ermənilərin yeni kütləvi köçü başladı və bu 1982-ci ilə qədər davam elədi. Bu illər ərzində Ermənistan SSR-ə İran (24283), Suriya (4848), Misir ( 727), Türkiyə (547), Kipr ( 505), Livan (378), İraq (291), Yunanıstan (53), ABŞ (50), Fransa (71), Argentina (49), İsrail (25) və digər ölkələrdən (93) 31 920 erməni köçürüldü.

Sovet təbliğat maşınının və bu işdə onun əsas müttəfiqləri olan erməni diasporu və erməni kilsəsinin təşviqatı hesabına aldadılıb Ermənistana köçürülən ermənilər üçün bu torpaqlar heç vaxt “itirilmiş vətənin- “Böyük Ermənistanın bərpa olunmuş parçası” olmadı. Köçüb gələn ermənilər bu torpaqlarda özlərini həmişə yad hiss edirdilər.

Təsadüfi deyil ki, SSRİ Daxili İşlər Naziri N. Şelokovun 1974-cü il mart ayının 12-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundakı məruzəsi Sovet İttifaqında yaşayan ermənilərin emiqrasiyaya ən çox meylli millət olduğunu göstərir.

“Təxminən 1949-cu ildən başlayaraq repatriantların bir hissəsi xarici ölkələrdə daimi yaşamağa icazə üçün müraciətlər etməyə başlayıblar. Bu müraciətlərdə səbəb kimi əsasən onu göstərirlər ki, 1948-ci ildə Fransa, ABŞ və Livandan repatriasiya prosesi dayandırıldıqdan sonra onların bu ölkələrdə çoxlu qohumları qalıb və bu adamlar Ermənistana köçmək istəsələr də buna nail ola bilməyiblər.

1963-cü ilə qədər bir qayda olaraq sosialist ölkələrinə köçmək istəyənlərə belə icazələr verilirdi. 1960-cı ildən 1963-cü ilə qədər Dövlət Təhlükəsizlik orqanları tərəfindən yalnız zəmanət verilmiş şəxslərdən 25 nəfərinə kapitalist ölkələrinə getməyə icazə verilib.

1967-ci ildə ermənilərin xaricdən repatriasiyasından çıxış edərək və repatriantların SSRİ-dən geri qayıtmasından xaricdəki bəzi reaksion qüvvələr tərəfindən antisovet təbliğatında istifadə olunacağından ehtiyat edərək, xaricə köçmələrin həcmi 6%-ə qədər azaldıldı.

Ancaq 1973-cü ildə xaricə köçmək istəyənlərin sayı yenə də artıb. Ərizə verənlərin əksəriyyətinə rədd cavabı Ermənistan SSR Daxili İşlər Nazirliyi tərəfindən verilib. Bu adamların yaşayış yeri və işlə təmin olunması, müstəqil ailələri olması və xaricdə yaşayan qohumlarından asılı olmamaları imtina üçün əsas səbəb kimi göstərilib. Digər tərəfdən bu adamlar xarici ölkələrə köçəcəkləri halda SSRİ-də də onların başqa yaxın qohumları qalır.

Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyi Dövlət Təhlükəsizliyi orqanları ilə birgə erməni əsilli sovet vətəndaşları arasında emiqrasiya əhval-ruhiyyəsini azaltmağa çalışsa da hələ də bu kateqoriyadan olan vətəndaşlar arasında xarici ölkələrə köçmək istəyənlərin sayı gün-gündən artır”.

Bu məruzə edilən vaxt Ermənistan SSR əhalisi 2 740 000 nəfər idi. Aradan 40 il keçdikdən sonra bu ölkədə faktiki olaraq 2 milyona yaxın əhali yaşayır. Necə deyərlər əlavə şərhə ehtiyac yoxdur...

Füzuli Sabiroğlu
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti