`Filankəsin arvadı bilirsən, kiminlə gəzir...?`

`Filankəsin arvadı bilirsən, kiminlə gəzir...?`
  16 Yanvar 2015    Oxunub:9767
Anar Rüstəmov

Həyatımda ən nifrət etdiyim yer çayxanadır. Özü də tipik kənd çayxanası ola... Lap aləm dəyir bir-birinə. Ağız deyəni qulaq eşitmir, qulağın eşitdiyi də adamı şoka salır, bəli, şoka...


Harada boşboğaz, evindən, arvadından küsən, işsiz-gücsüz adamlar var, gününü keçirmək üçün yığışırlar çayxanaya. Elə bil yel əsib, qoz tökülüb. Kənd yerlərində çayxanaya getməyən kişilərə “Sən öl, bu, arvaddan qorxur, qızbibidir...” deyə yaxmalar da yaxırlar.

Orasını da deməsəm olmaz ki, kənd çayxanalarının spesifik müştəriləri və vacib müzakirə mövzuları var. Yəni “çayxana” deyib keçmə! Elgizin, Zaurun verilişi qələt edir onların yanında... Filankəsin arvadının saçını rəngləməsi, qızının `vatsap`da qoyduğu profil şəklindən tutmuş, evində yediyi yeməyə, dişlərini hansı pasta ilə yumasına kimi “qlobal” məsələlər müzakirəyə çıxarılır.

Sözümün qısası, bu yaxınlarda rayonlarımızın birindəydim. Köhnə bir tanışımla görüşəcəkdim. Hava o qədər soyuq idi ki, məcbur olub çayxanada oturmalı olduq. Görüşməyə alternativ yerimiz olmadığı üçün...

Oturduğumuz məkan çox balaca idi, cəmi üç-dörd masa olardı, ya yox.. Ab-hava isə deyiləsi deyil: elə bil dünyanın bütün dərdi-səri bu balaca otağa yığılmışdı. Odun sobasının hisi, bir-birinə calanan siqaretlərin tüstüsü, bir yanda domino şaqqıltısı, o biri yanda da aralarında nəyisə bölüşə bilməyən “qaqaşlar”ın əsəblərə toxunan səsi... Vəziyyət, necə deyərlər, “urusca” idi.

...Çayımızın gəlməyini gözləyirdik. Yan masada oturan “qaqaşların” söhbəti yaman qızışmışdı. Maşallah, o qədər asta `xodla` danışırdılar ki, söhbətin nədən getdiyini hamı eşidirdi. Biz də... İstəmədən söhbətə qulaq müsafiri olduq.

Tipik “qaqaşlar”dan biri, deyəsən, yenə kiminsə arvadını müzakirəyə çıxarmışdı:

- ...Hə, qaqa, düz deyirsən, o qız bir dəfə toyda mənimlə baxışırdı, əri də yanında oturmuşdu. Nə qədər elədim, nömrə ata bilmədim. Dünən də eşitdim ki, “Prado” sürən Asiflə fırlanır.

Eşitdiklərimdən dəhşətə gəlmişdim. Üzündə saqqal, əlində babasından qalma təsbehi həyasızcasına fırladan o biri “qaqaş” isə guya bunu mırta tutaraq söhbətə qoşulur:

- Sənin də “Prado”n olsaydı, o qız indi sənlik idi. Belə də ki, kiminsə `atxod`unu alacaqdın ki..?

Cavab gecikmir: “Yox ee, dəlisən, mən elə oğlanam ki, boşanmış zad alım? Hələ cavanam, qoy kefimi çəkim, sonra taparam da birini…”

Saqqallı “qaqa” yuyulmamış çömçə kimi yenə özünü atır:

- Sizə bir söhbət danışım, dəli olarsız. Bakıda qaqaş dostu ilə maşında gedirmiş, görür ki, qabaqda mini yubkada, özünü əzib-büzən “bomba” bir civi gedir. Düşür bunun dalınca, yaxınlaşıb maşından “nə qəşəng şeysən” deyəndə nə görsə yaxşıdır?! Görür ki, dalınca düşdüyü qız elə öz bacısıdır...

* * *

Təəssüf ki, şahidi olduqlarım günün reallığıdır. Hər rayonda, hər bölgədə bu və buna bənzər söhbətlərə rast gəlmək olar. Bekar adam nə etməlidir? Ya kiminsə evininin içindəkindən danışmalı, ya da gününü yola vermək üçün onun-bunun dalınca düşüb, onların dili ilə desək, “cavanlıq” eləməlidir. Başqa variantı yoxdur axı (bu tip insanlar özlərinə belə təsəlli verirlər).

Nə qədər iyrənc olsa da, bu gün fəxrlə hansısa oğlanın, hansısa kişinin arvadını, qızını, qeyrətini çayxana masasına qoyanlar da Azərbaycan gəncləridir. Onlar da vaxtında “mama uşağı” deyib lağ elədikləri sinif yoldaşları kimi oxusaydılar, ali təhsil alsaydılar, düzgün yol tutsaydılar, bu çirkaba bulaşmazdılar.

(Bəlkə də ələ saldıqları o sinif yoldaşlarının çoxu indi yaxşı vəzifələrdə işləyir, gözəl karyera sahibləridir. Onların qapılarına xahiş-minnətə gedirlər ki, “başına dönüm, zibilə düşmüşəm, kömək elə mənə..”)

Bunun da günahkarı nə sən, nə mən, nə də dövlət deyil. Ən böyük günahkar onlara tərbiyə verən valideynlərdir. Çoxlarınız fikrimlə razılaşmaya bilərsiniz, amma səbəbi başqasında yox, elə evin içində axtarmaq lazımdır.

Bu insanların düşüncəsi o qədər bəsit və məntiqsizdir ki, söz tapmırsan deməyə.

Boşanmış qadınlara yuxarıdan aşağı baxan bu “qaqaşlar”ı onların nə üçün ayrıldığı, ərinin narkoman, əyyaş, şərəfsiz olmasından çox, cinsiyyət üzvləri maraqlandırır. Filankəsin qızını “Səni sevirəm, ölürəm səndən ötrü, Allaha and olsun, atamın qəbri, anamın canı, nə bilim filankəsin ölmüşü səni alacam” deyib, yoldan çıxaran, telefona şəklini çəkib, sonra çayxanada dostlarına fəxrlə “görün, qaqanız kiminlə fırlanır” deyən qeyrət dağarcıqları heç arada çönüb arxaya baxırlarmı? Görəsən, səhərdən axşama kimi çayxanalarda oturan, onun-bunun qeyrətini müzakirə edən həmin o “qaqaşlar”ın evdəkilərindən xəbərləri varmı???

Bəlkə də yox...

P.S: Sonda sözüm həmin `qaqaş`laradır ki, “Allah səni öldürsüüün” deyə məşhur olan o qız kimi videoya çəkdikləriniz vaxt gələcək, quyruğunuz qapı arasında qalanda həyat yoldaşınız ola bilər!


Teqlər:  





Xəbər lenti