Əmanətlərdən gəlir vergisinin tutulması vacibdirmi? – TƏHLİL
Xatırladaq ki, adı çəkilən qanun göstərilən tarixdə qəbul edilən zaman İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə əhalinin banklarda 6 milyard manatdan çox (2014-cü ilin yanvarın 1-nə) əmanətinin olduğunu və il ərzində orta hesabla 10 faiz hesabı ilə bundan 600 milyon manat gəlir götürüldüyünü bildirmişdi. “Fiziki şəxslərin əmanətləri üzrə ödənilən fazilərin gəlir vergisindən azad edilməsi 50-60 milyon manat vəsaiti əhalidə saxlayacaq” – deyə, Z. Səmədzadə demişdi.
Digər tərəfdən, ölkədə banklar və kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər gəlir vergisindən təkcə keçən il azad edilməmişdi. Banklar ilə kredit təşkilatlarının əhaliyə ödədiyi əmanətlər üzrə faiz dərəcələrinə tətbiq edilən 10 faizlik vergi ilk dəfə 1999-cu ildə ləğv edilmişdi. Və o vaxtdan bəri, əvvəlcədən Prezident tərəfindən müvafiq sənəd imzalanmaqla hər il banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər üzrə gəlir vergisi ləğv olunmaqda idi. Nəticədə də hər il milyonlarla manat vəsait dövlət büdcəsinə cəlb edilmədən əhaliyə verilmək üçün banklarda qalırdı.
Sual olunur ki, bəs, bu güzəşt nəyə görə tədbiq edilirdi?
Bunda bir neçə məqsəd vardı. Birincisi, ölkədə bank sektorunun vəziyyətini həm də bu yolla yaxşılaşdırmaq və fəailiyyəti sağlamlaşdırmaq istənilirdi. İkincisi, əhalinin gəlirlərini, daha dəqiq desək, onun sərbəst olan hissəsinin dövriyyəyə cəlbi nəticəsində əldə olunan gəlirin fiziki şəxslərin, başqa sözlə desək, vətəndaşların payına düşən hissəsini tam olaraq onların sərəncamında saxlamaqla ölkədə yürüdülən sosial müdafiə siyasətinə dolayı töhvə vermək məqsədi güdülürdü. Üçüncüsü isə banklarda və vətəndaşlarda depozit cəlbi və yerləşdirilməsinə əlavə stimul yaratmaqla hər iki tərəfdə maraq formalaşdırmaq düşünülürdü.
Ancaq bunlara nail olundumu? Təəssüf ki, yox...
Ötən 15 illin təcrübəsi göstərdi ki, banklar və digər kredit təşkilatlarında fiziki şəxslərin yerləşdirdikləri əmanətlər üzrə ödənilən faizlərdən gəlir vergisinin ləğvi əslində demək olar, heç bir istiqamətdə effekt vermirdi. Əvvəla, əhalinin banklarda əmanətlərinin həcminin məhz buna görə artdığını iddia etmək absurd sayılırdı. Ən azı o səbəbdən ki, ölkə vətəndaşlarının əksəriyyətinin bu növ vergidən heç xəbəri belə yox idi. Bunu banklara yerləşdirilən əmanətlərin strukturu və təmərküzləşməsi vəziyyəti də sübut edirdi. Belə ki, banklara əmanət yerləşdirənlərin əksəriyyəti əhalinin əslində, çox imkanlı təbəqəsinə məxsus vətəndaşlardır ki, onların əmanətlərinə görə ildə götürdükləri gəlir 1000 manatlarla ölçülür.
İkincisi, bankların da fəailiyyətində heç bir irəliləyiş müşahidə edilmədi. Belə ki, sözügedən siyasət nəticəsində bankların məsələn, əhalinin əmanətlərinə görə ödədikləri faiz dərəcələrini artırmadığı və buna heç bir təsir göstərmədiyi göründü. Düzdür, bunda fiziki şəxslərin banklara qoyduqları Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən sığortalanılan əmanətlərinin faiz dərəcəsinin əvvəl, 2013-cü ilin avqust ayının 1-dən 12-dən birdən-birə 10-na, 2014-cü ilin 19 may tarixdən isə 9 faizədək endirməsinin də rolu var.
Lakin banklar özlərinə arxayın və sağlam idilərsə, fiziki şəxslərin yerləşdirdikləri əmanətlər üzrə ödənilən faizlərdən gəlir vergisinin ləğvinə görə vətəndaşlara daha yüksək dividentlər təklif etməli idilər. Həm də ki, qorunan əmanətlərin faiz dərəcəsi endirilsə də onlar üzrə sığorta ödənişinin maksimal səviyyəsi dəyişdirilməmişdi və 30 min manat səviyyəsində qalmaqdadır. Belə ki, adı çəkilən Fond məhz göstərilən məbləğdə depozitlərin qaytarılmasına cavabdehlik daşıyır ki, bu istiqamətdə ötən müddət ərzində heç bir azalma həyata keçirilməyib.
Odur ki, sual yaranır: banklar və kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə tədbiq edilən gəlir vergisinin ləğvi hər dəfə 1 il uzadılmaqla əgər bankların əhalinin əmanətlərinə görə ödədikləri faiz dərəcələrini artırmırdısa, üstəlik ölkədə fəaliyyət göstərən kommersiya bankları tərəfindən əhaliyə təklif edilən kreditlərin faizləri də ucuzlaşmırsa, bu siyasət nəyə görə davam etdirilməli idi?
Özü də söhbət, bayaq qeyd etdiyimiz kimi dövlət büdcəsinə milyonlarla manat vəsaitin cəlb edilməli olduğundan gedirsə... Yeri gəlmişkən, sözügedən verginin tədbiqi hələ keçən il uzadılarkən Z. Səmədzadə qeyd etmişdi ki, bu siyasət dayandırılmış olsaydı, dövlət büdcəsinə 2013-cü ildə 60 milyon manat vəsait daxil olacaqdı.
Bu vəsait nəyə görə qurban verilməlidir?
Biz, dəfələrlə yazmışıq ki, əhalidən cəlb olunan vəsaitlər üzrə vəziyyət nə qədər qənaətbəxş olsa da, həmin resurslar uzunmüddətli və ucuz kredit siyasəti yürütməyə imkan vermir. Odur ki, depozitlər üzrə faiz dərəcələrinin aşağı və yaxud yuxarı olmasının kommersiya banklarının müştərilərə təklif etdikləri kreditlərin faiz dərəcələrinə təsiri ciddi müzakirə obyekti sayıla bilməz.
Yox, əgər söhbət kommersiya banklarının əhaliyə verdikləri kreditlərin faizlərin ucuzlaşmasından gedərsə, ilk növbədə bankların ümumi kredit portfelində mərkəzi vəsaitlərin xüsusi çəkisi artmalı, o cümlədən xarici maliyyə qaynaqlarına asan çıxışa nail olunmalı, buna paralel olaraq da real sektorda risk səviyyəsi minimuma endiriməlidir. Sözümüz bunda deyil.
Qısa desək, banklar və kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə tədbiq edilən gəlir vergisinin ləğvinin əhalinin əmanətlərinə görə ödənilən faiz dərəcələrini artırmaması və sair kimi amillər ildə 60-70 milyon manat vəsaiti dövlət büdcəsindən kənarda saxlamağa heç cür əsas vermir.
Odur ki, fikrimizcə, yerli bankların və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manata qədər olan hissəsinin gəlir vergisindən azad edilməsi vacib və müsbət addımdır. Və buna paralel olaraq da ƏSF sığortalanılan əmanətlərin faiz dərəcəsini qaldırsa, yaxşı olar.
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: