“Ana, nə olar gəl, səni gözləyirəm...” - Xanım Qafarovanın evindən Reportaj

“Ana, nə olar gəl, səni gözləyirəm...”  - Xanım Qafarovanın evindən Reportaj
  22 Oktyabr 2014    Oxunub:22356
Mərhum aktrisamız , Əməkdar artist Xanım Qafarova haqqında kimsə məndən soruşarsa , bəlkə də ilk olaraq ağlıma onun oynadığı rolları deyil, Xanımın necə bir insan olması gələr. Sağlığında onunla cəmi bir dəfə görüşüb müsahibə almışdım. Xəstə yatdığı, müalicə olunduğu müddətdə isə bir neçə dəfə telefonla əlaqə saxlayıb hal-əhval tutub, səhhəti ilə maraqlanmışdım. ..

Ancaq elə ilk görüşümüzdən Xanım mənə sanki rəfiqə, bir bacı , yaxın qohum münasibəti göstərmişdi. Hər dəfə ona zəng edib, səhhəti ilə maraqlanıb “Xanım, mənəm Şahanə” deyən də , sanki illərin tanışıyıqmış kimi, gülə-gülə, mülayim, şən səslə “Hə Şahanə ” deyərdi. Mənim xatirəmdə Xanım istedadlı aktrisa olmaqdan əvvəl, səmimi, sadə insan, qayğıkeş, övladı üçün bütün dünyanın qarşısında diz çökməyə hazır bir ana obrazı ilə qaldı.

Bu gün də Xanımın evinə getməkdə məqsədim son nəfəsində belə adını çəkdiyi, nigaran qaldığı qızı , balaca Gövhəri görmək idi.
Bayaqdan nənəsi Gövhərin yemək təklifinə nazla yanaşan balaca qız bizi görcək sakitcə süfrə başına keçdi... Biz də Gövhər nənə ilə son aylar yaşanandan, nəvəsinin sonrakı taleyindən danışdıq...



“Gövhər özü ağıllı uşaqdır. Amma bir az kaprizi var da. O da anasından sonra belə oldu, sağlığında yox idi. Anasının ölümü ona çox təsir edib. İnandırım ki, sizi 3 ayda bir gün olmayıb ki, balaca Gövhər məni ağlatmasın. Hər gün “ana səni göylərdə görür”, “anan dedi nənəni incitmə, dərsini oxu” kimi sözləri deyirəm. Demişəm ki, ikinci-üçüncü sinifdə aparıb sənə ananın yerini göstərəcəm, onda biləcəksən. Gah mənə inanır, gah da inanmır.Bir də görürsən gedib başqalarından da soruşur. Deyirəm ki, oxu, instituta gir, haçansa anan gələcək...

Həyətdə oynadığı yerdə qəfil içəri girib oturur, başlayır, başına –başına vurmağa ki, “mən istəyirəm anam gəlsin”. Beləcənə onu ağlaya-ağlaya dərsə aparıram, ağlaya-ağlaya da gətirirəm”.

Söhbət əsnasında Gövhər xanım deyir ki, nəvəsinin Heydər Əliyev Fondu tərəfindən himayəyə götürülməsi məsələsi hələ baş tutmayıb:

“Söz vermişdilər ki, Fond Gövhərin təhsilini öz üzərinə götürür. Amma nədənsə etmədilər. Bilmirəm, indi məsələ Mehriban xanıma çatmayıb , ya nətərsə... Allah canlarını sağ etsin. Ana üçün hər şey, xəsətəliyini müayinə etdilər, Türkiyəyə göndərdilər, indi qisməti belə gətirdi, alınmadı. Ancaq qalan bu uşaqdır. İnandırım ki, bu uşağın danışığı , hərəkəti onu mənim yadımdan çıxartdırıb. Çox fikir eləyirəm. Çox sıxılıram ki, 5 ildən sonra nə olcaq. Böyük qızım da bizimlə eyni həyətdə qalır. Ali təhsillidir, ancaq iki gözü də tutulub deyə işləmir. Bir neçə dəfə Türkiyədə əməliyyat elətdirdi, ancaq düzəlmədi. Gözü belə olmasa idi, Gövhəri o aparıb gətirərdi. Onun da iki övladı var, oğluna mənim əsgərlikdə rəhmətə gedən oğlumun adına qoymuşam, böyüdüb boya -başa çatdırmışam. Evləndirmişik. Oğlan nəvəm indi Günəşlidə olur, iki uşağı var. Hər dəfə gələndə ağlayıb, deyir, ay nənə, mən sənə kömək edə bilmədim. Hazırda həmin qızıma 13 yaşında qızı baxır, 80 yaşında qaynanasının ümidinə qalıb.



Mənim 5 övladım olub. İkisi kiçik yaşlarında, biri əsgərlikdə rəhmətə getdi, Bu qızımla, Xanım qalmışdı. Uşaq olandan Xanımı xəstəlik tutdu. İnandırım ki, əlinə düşən pulu çox yol gedə bilmirdi deyə maşına, kirayə pullarına verirdi. Əri də oldu, olmamaq hesabına. İndi də var, demir ki, mən uşağa baxmıram, saxlamıram, amma saxlamamaq hesabındadır. Xəstə, şəkər, gözü tutulub, qaraciyəri işləmir, mən ona nə deyim? Deyim aliment ver? Allah hökumətimizdən razı olsun, Gövhər üçün 150 manat pensiya kəsib. Allah Əlqismət müəllimdən və Afaq Bəşirqızından razı olsun,buna görə çox əlləşdilər. Mən özüm də 160 manat təqaüd alıram. Dolanırıq, ac-susuz qalmırıq”.

Gövhər nənənin yeganə nigarançılığı nəvəsinin gələcəyi ilə bağlıdır. Hətta buna görə deputatla əlaqə saxladığlarını da dedi :

“Mənim üçün çox çətindir. Söz verdilər, indi narazı deyiləm, qat- qat qarşılarında baş əyirəm. Xanıma etdiklərinə görə. Ehsanını verdilər, qəbrini düzəltdilər. Amma mən onun ehsanını halva -çörəklə verərdim, məni qınamazdılar. Mənim oğlum, ərim yoxdur. Nəvəm isə canlı insandır da qalıb. Elə bil ki, həyatın burulğanındadır. Mən uşaqlarımın hamısını oxutdurmuşam, nəvələrimi də həmçinin. Ancaq artıq yaşlanmışam, Gövhərin dərsləri ilə məşğul ola bilmirəm. Digər nəvəm Fatimə kömək edir, ancaq o da uşaqdır da, hamımız onu çağırırıq. Biri var ki, müəllim Gövhərlə məşğul olsun, biri də var ki, uşaq məşğul olsun. Savad olmasa Gövhər həyatda ayağ üstə dura bilməz. Hər təsirin altına düşər. Mən bu gün varam, sabah yox.



Öləndə qızım gözünü yummurdu. Səhərdən saat 4-ə kimi can verdi. Elə bil ki, nəsə gözləyirdi. Millət vəkili Qənirə xanım gəlib oturdu, əlini tutub sığalladı, dedi: “Xanım, məni tanıdın”, kipriyi ilə cavab verdi. Dedi ki, sənin ananı da, qızını da Mehriban xanım öz öhdəsinə götürdü, məktəb məsələsi həll olunacaq. Qızım ondan sonra can verə bildi. Onu dəfn edəndən sonra Xanımın 3-də Qənirə xanım burada idi. Mənə dedi ki, xətircam ol ana , sabah gəlib danışarıq. Fond da ildə ona 5 min manat köçürəcək, o orada 11 il təhsil alacaq, oradan instituta, işə girəcək, tam ayaq üstə duracaq. Elə bildim ki, dünyanı mənə bağışladılar. Mənə ancaq o uşağın ayaq üstə durması lazım idi. Məkətəbə bir neçə gün qalmış zəng etdik Qənirə xanıma , dedi, Türkiyədəyəm. Dedik bu uşağı necə edək, uşaq birinci sinifin sevincini yaşamalıdır da. Dedi, deyərəm, cavab deyərlər mənə, sizə çatdıraram. Elə onunla da telefon bağlandı, qurtardı. Daha zəng gəlmədi, daha bizdə zəng etmədik. Mən Qənirə xanımın haqqını danmıram, rəhmətliyin sağlığında bizimlə maraqlandı.

Vaxtı ilə anasının oxuduğu 44 nömrəli məktəbə aparıb yazdırdıq onu. Müdir bizi qəbul etdi, ağladı, dedi, tanıyıram, sənin də uşaqların burada təhsil alıb, götürərəm. Gündə bir dəfə ona bufetdən bulkusun, sokun verərəm, dedim, heç nəyə ehtiyacımız yoxdur, elə təhsil alsın bəsimdir. Allah , ömür versin. İndi mən aparıb gətirirəm. Ayaqlarım dolaşa- dolaşa aparıb, ağlaya- ağlaya gətirirəm. 76 yaşında qadınam. Nə olar ki, bir uşaqdır, bəlkə o da böyüyüb ölkəsinə anası kimi fəxr gətirəcək. Gərəkli insan olacaq .İndi elə hər gedəndə müəlliməsi deyir ki, əla uşaqdır. Dərsdən sonra saxlayır, Azərbaycan dili ilə riyaziyyatı öyrədir. Ancaq evə gələndən sonra da valideyn onun dərsləri ilə məşğul olmalıdır. İstəyim odur ki, nəvəm oxusun, ayaq üstə dursun. Özünü müdafiə edə bilsin. . Amma onlar dedi ki, məktəbin servisi var, gəlib aparacayıq, saat 5-6 da da gətirəciyik. Hər şey hazır. Mən də paltarını yuyardım, yeməyini bişirərdim. Çünki artıq getməyə -gəlməyə gücüm çatmır axı.



Xanım bu uşaqdan çox nigaran getdi. Tanımadığımız, kənar adamların yuxusuna gəlib deyir ki, bu qədər əziyyət çəkdim, balam qaldı ortalıqda”.

Anadan məhrum olan balaca Gövhərin təsəlli yerindən biri də onun atasıdır.

“Bayramlarda bir neçə günlük aparıb saxlayır, gücü çatandan nəsə alır. Mən də heç nə demirəm ki, anadan məhrum olub, atadan da məhrum olmasın. Keçən dəfə gələndə Gövhər çox sevindi , “Şükür Allaha, heç olmasa atam gəldi” deyib qucaqladı. Qızım can verəndə atası aparmışdı, evdən qaçırtdıq. Anası rəhmətə gedən gün üçün Gövhər deyir ki, ayaqlarım sınardı, kaş ki, getməzdim, anamla gedərdim. Anam məni ağlasaydım özü ilə aparardı. Uşağın belə fikrinə hərdən məəttəl qalırıq . İstəyirik uşağı psixoloqa aparaq. İstər- istəməz anasının yoxluğu təsirini göstərib. Uşağı ruhlandırsın , hər gün ağlayır, yadına düşəndə, “haçan gələcək”, “düzünü de, zəng elə anamla danışım”, “Sən axı deyirdin, mən yalan danışmıram”, “Mənim anam kabluk geyinirdi, şaxtababya aparırdı, niyə gəlib mənim məktəb paltarlarıma baxmır”-deyir. Çətin vəziyyətdəyəm. Uşaq üçün də çətindir. Axşam oldu, “ay nənə, mamamı istəyirəm”, ağlayır, bir də görürsən ki, məndən küsür, üzünü çevirib yatır. Elə ki, görür mən də ağlayıram, artıq dayanır.



Atası aparanda sevinir, amma indi anası zəng edib maraqlanmır, deyə çox da maraqlı deyil getməyə. Hərdən yalandan deyirəm ki, sözümə baxmasan verəcəm bir yolluq atan aparsın, orada oxutdursun , deyir, nənə ölərəm getmərəm heç vaxt. Sən də mənimlə gedərsən.



Yoldaşının birinci ailəsindən uşaları, nəvələri var. Bu orada artıq tikədədir də. Xanım Qafarova onun ikinci həyat yoldaşı olub, birinci rəhmətə getmişdi. Xanım gec ailə həyatı qurdu. Mən həmişə ona deyirdim ki, ərə get, elə bir uşağın olsun. Yoxsa o ərə getməyəcəkdi. Rəhmətlik uşaq istəyən idi. İkincisini də istəyirdi, səhhəti yol vermədiyinə görə alınmadı. Onlar evlənəndə kirayə qalırdılar. Ancaq kirayə pulunu sonradan çatdırmadığı üçün Xanım indi oturduğumuz yerə köçdü. Ata-baba yurdumuz olub bura. İndi qaldığımız yer həyətimizdəki qaraj idi , sahmana salıb Xanım yerləşdi. O Türkiyəyə gedəndə teatrın direktoru Əlqismət müəllim bu qarajı təmir etdirdi. Dedi, qoy gəlsin, ürəyi sevinsin... Son anına qədər Xanım dedi, ana bağışla məni sizin üçün heç nə edə bilmədim. 3 il ömrüm qalsa idi, sizə şərait yaradardım. Bu həyatda heç nə görmədi”.





Şəhanə Rəhimli
Fotolar, Video: Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti