Bakının ağır günlərinin prokuroru – TARİXÇƏ

Bakının ağır günlərinin prokuroru – TARİXÇƏ
  15 Oktyabr 2014    Oxunub:20704
Böyük hüquqşünasın 85 illiyinə...
...Deyilənə görə, ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycanda oğlan uşaqlarına Mehman adı digər adlarla müqayisədə daha çox qoyulub. Niyə məhz Mehman?
...1968-ci ildə o dövrün tanınmış yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında “Qanun naminə” adlı film çəkilib və həmin filmin qəhrəmanı – sovet prokuroru Mehman tamaşaçıların böyük rəğbətini qazanıb. İnsanlar ideal sovet prokuroruna, onun həyat tərzinə və cinayətkarlığa qarşı apardığı amansız mübarizəyə heyran olublar. Və analar təzə doğulan oğullara Mehman adı qoyublar...


Maraqlıdır ki, rejissorun o dövrün ideoloji kanonlarına sədaqətlə “Qanun naminə” adlandırdığı filmi indinin özündə də əksəriyyət “Mehman” kimi xatırlayır. Əsas qəhrəmanın – Mehmanın şəxsiyyətinə hörmət və ehtiram naminə...

Bütün bunların nəticəsidir ki, ötən əsrin 70-80-ci illərində vicdanlı və ədalətli prokuror olmaq istəyən gənclərin sayı birdən-birə xeyli çoxalıb. Təbii ki, kinoda yaradılan Mehman obrazına görə...

Amma Azərbaycan prokurorluğu orqanlarında uzun illər şərəflə xidmət etmiş Şükür Rzayevi bu peşəyə Süleyman Rəhimovun bədii qəhrəmanı gətirməyib. Əksinə, tanınmış yazıçı Mehman obrazını yaradanda məhz onun kimi gənc prokurorların həyatını və taleyini ümumiləşdirib.

Şükür Rzayev indi Bakı Dövlət Universiteti adlanan S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini 1953-cü ildə bitirib və elə həmin il Naxçıvan Muxtar Respublikası prokurorunun köməkçisi təyin edilib. O yaş, o təcrübə, ən başlıcası, o dövr üçün yetərincə sanballı vəzifə deyilmi?..
Görünür, bu təyinata imza atanlar gənc hüquqşünasda hansısa keyfiyyətləri qabaqcadan görə biliblər...
Onun istedadı və təcrübəsi sonralar da yüksək qiymətləndirilib...

Tanışlıq üçün qısa arayış

Şükür Həbib oğlu Rzayev 1929-cu ilin oktyabrında Qarabağda doğulub. Uşaqlığı Şuşanın “Merdinli” məhəlləsində keçib. 4-5 yaşı olanda ailə Bakıya köçüb və o, 173 nömrəli məktəbin birinci sinfinə gedib. Hamıya məlum və məşum 37-ci ildə...

1953-cü ildə ali təhsilli hüquqşünas kimi göndərildiyi Naxçıvan Muxtar Respublikası Prokurorluğunda dörd il işlədikdən sonra, 1957-ci ildə Bakıda rayon prokurorluğunun müstəntiqi təyin edilib, sonralar respublika prokurorluğunun mərkəzi aparatında çalışıb.



1959-cu ildə Lənkəran rayonlararası prokuroru vəzifəsinə təyinat alıb. O vaxt belə vəzifə də olub. Və bu vəzifə Lənkəran, Lerik və Astara rayonlarının prokuroru olmaq demək idi. Cəmi 30 yaşlı hüquqşünas üçün böyük etimaddır. Xüsusən qarmaqarışıq 50-ci illərin sonunda...

1965-1981-ci illərdə yenidən respublika prokurorluğunun mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb.

1982-ci ilin yanvarında yeni yaradılan Azərbaycan Nəqliyyat Prokurorluğuna rəhbərlik ona həvalə edilib. Bu, artıq o dövrün termini ilə desək, Sov.İKP MK-nın nomenklatur vəzifəsi, sadə dillə desək, SSRİ miqyaslı vəzifə idi və ona görə də ona 3-cü dərəcə Dövlət Ədliyyə müşaviri rütbəsinin verilməsi barədə fərmanı SSRİ Ali Sovetnin sədri özü imzalayıb...

1986-1994-cü illərdə respublika prokurorluğu və Bakı şəhər prokurorluğu aparatında çalışıb.

1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Bakı şəhər prokuroru təyin olunub.


94-cü ildə Bakı Şəhər prokuroru olmaq nə demək idi?

Keşməkeşli 94-cü il

...6 yanvar 1994. Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, Azərbaycan ordusunun əsgərləri düşmənin irimiqyaslı hücumlarının qarşısını alıb...

...Yanvarın 15-də və 16-na keçən gecə cəbhənin cənub hissəsində cəmləşən erməni qoşunları ordumuzun azad etdiyi ərazilərə - Füzuli rayonunun Horadiz və Dördçinar kəndlərinə hücuma keçiblər. Lakin ordumuzun əsgərləri bu hücumun qarşısını alıb...

...Yanvarın 17-də erməni qoşunları cəbhənin Füzuli istiqamətində yenidən hücuma keçməyə cəhd göstəriblər...

...Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət edib. Prezident son günlər Ermənistanın Azərbaycana qarşı təcavüzünün güclənməsi ilə əlaqədar narahatlığını bildirib, ordumuzda fərarilik hallarının olduğunu xatırladaraq ölkənin təhlükə ilə üz-üzə olduğu vaxtda belə hallara qarşı sərt tədbirlər görüləcəyini xatırladıb...

... Sentyabrın 20-də “Gülüstan” sarayında Xəzər şelfində yataqların birgə işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilənin – “Əsrin müqaviləsi”nin imzalanma mərasimi olub...

...Sentyabrın 21-dən 22-nə keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından dörd nəfər məhbus çıxarılaraq naməlum istiqamətə aparılıb...

...Oktyabrın 2-də Xüsusi Təyinatlı Polis Dəstəsindən (XTPD) olan bir qrup adam respublika prokurorluğuna basqın edib, dövlətçiliyə qarşı antikonstitusiya aktı həyatı keçirilib. Sonra XTPD-nin əməkdaşları “8-ci kilometr” qəsəbəsindəki qərargaha toplaşaraq Azərbaycan dövlətinə meydan oxumağa başlayıblar...

Yeri gəlmişkən, Şükür Rzayev də həmin basqın vaxtı baş prokurorun kabinetində olur və yaralanır...
...Oktyabrın 3-də saat 20.00-dan Bakı şəhərində fövqəladə vəziyyət elan olunur...
...Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlarına müraciət edərək birbaşa xaricdən yönəldilən qüvvələrin zor işlədərək silahlı qiyam yolu ilə dövlət çevrilişinə cəhd göstərdiklərini bildirir...
...Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident sarayının qarşısında Bakı sakinlərinin səhərədək davam edən mitinqi olur. Prezident Heydər Əliyev mitinqdə çıxış edib, ölkədə yaranmış fövqəladə vəziyyət haqqında xalqa məlumat verir...
Və s. və i.a...

Bu faktlar 1994-cü ilin ictimai-siyasi vəziyyəti barədə kifayət qədər geniş təsəvvür yaradır. Və belə bir vaxtda barıt çəlləyinə bənzəyən Bakıda şəhər prokuroru vəzifəsinə Şükür Rzayev təyin olunur.



Şəhər prokuroru

Bu, o dövr üçün çox böyük məsuliyyət demək idi!
Həm ona görə ki, ölkədə, xüsusən Bakıda vəziyyət gərgin idi.
Həm də ona görə ki, bu, ulu öndərin seçimi, ümummilli liderin təyinatı, onun etimadı və etibarı demək idi!

Və həmin günlərdə Heydər Əliyevin məhz Şükür Rzayevin namizədliyi üzərində dayanması təkcə son dövrlərin gərginliyi ilə bağlı deyildi. Həm də onunla bağlıydı ki, Heydər Əliyev Şükür Rzayevi hələ sovet dövründən yaxşı tanıyırdı və hələ o dövrdə bəzən ört-basdır edilən, istintaqı qəsdən uzadılan cinayət işlərinin sona çatdırılması, ədalətin zəfər çalması üçün məhz Şükür Rzayevin prinsipiallığına etibar edirdi. Belə faktlar o dövrdə az olmamışdı və hüquq-mühafizə sistemində hamıya bəlli idi...

Təsadüfi deyil ki, Şükür Rzayev Bakı şəhər prokuroru vəzifəsində çalışdığı dörd il ərzində ümummilli liderin bu etimadını şərəflə doğrultdu. O illərdə bir çox ağır cinayətlərin, o cümlədən dövlət çevrilişlərinə cəhdlərin istintaqı Bakı Şəhər Prokurorluğunda aparılırdı, cinayətkarların layiqli cəzasının alınması tam təmin edilirdi.

Şükür Rzayev bu vəzifədə çalışdığı illərdə həmişəki kimi dövlətə, dövlətçilik ənənələrinə, ən başlıcası, ulu öndər Heydər Əliyevə sədaqətini sübut etdi.
Ölkədə və Bakıda qiyam, terror və dövlət çevrilişlərinə cəhdlərin qarşısı birdəfəlik alınandan sonra - 1998-ci ildə Şükür Rzayev layiq olduğu hörmət-izzətlə təqaüdə göndərildi.

Bundan sonra o, daha bir neçə il ömür sürdü, dünyalar qədər sevdiyi nəvələri ilə ünsiyyətin ləzzəti ilə yaşadı və 2006-cı ildə dünyasını dəyişdi.

Onu tanıyanlar bu gün də Şükür Rzayevi ədalətli hüquqşünas, vicdanlı vətəndaş, mehriban ailə başçısı, sədaqətli dost kimi xatırlayırlar. Və bu barədə xoş xatirələrini bölüşməkdən yorulmurlar. Və biz bütün bunlardan danışmaq, bu xatirələri yada salmaq fikrində deyilik. Biz onun həyatının bir sınaq anını yada salmaqla kifayətlənmək istəyirik. Ölüm təhlükəsilə üz-üzə dayandığı anı...
O anı ki, Şükür Rzayev onda da adını, ləyaqətini qoruya bilib, vətəninə, torpağına, elinə-obasına bağlılığını bir daha sübut edib.

Alovlanan Qarabağ və insan xarakteri

1988-ci ilin fevralında Dağlıq Qarabağda alovlanan və Azərbaycanı ağır bəlalara düçar edən erməni separatçılığı hər bir soydaşımız üçün dözülməz ağrı, bir nömrəli problemə çevrilib.
Hamını eyni suallar düşündürüb: niyə, nədən?
Hamını bu xəyanətin qarşısının necə alınacağı, yaranmış münaqişənin hansı yolla aradan qaldırılacağı narahat edib...
Hər bir vətənpərvər, millətsevər soydaşımız Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün öz bacardığını etməyə, bu münaqişənin həllinə yardımçı olmağa çalışıb.



Jurnalist insanları obyektiv informasiya ilə təmin etmək vəzifəsini yerinə yetirib.
Müəllim birinci sinifə qədəm qoyan şagirdlərinə təlim-tədrisi “Qarabağ dərsi” ilə başlayıb (Hərçənd sonradan anlamışıq ki, biz bu dərsin keçilməsinə çox gec başlamışıq...).
Həkim...
Hərbiçi...
Bəs prokuror nə edə bilərdi?
Qanunların düzgün tətbiqinə nəzarət etməli olan bu orqanın əməkdaşının vəzifəsi nə ola bilərdi?

Qanunları pozan, Konstitusiyanı tapdalayanlar barəsində cinayət işi başlamaq (onda cinayət işi başlamaq hüququ prokurorkuq orqanlarında idi!). Qanunun aliliyini gözləməklə Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtında baş verən proseləri qanunla tənzimləmək, cinayəti sübut edib ədaləti bərpa etmək. Qarabağda törədilən terror aktlarının, separatçılıq hallarının qarşısını almaq üçün qanunla təsdiq edilmiş prosesual qaydalarla hərəkət etmək. Və s.

Onda milli ayrı-seçkilik yolunu tutan erməni məmurlara Azərbaycan prokurorluğunun əməkdaşlarının əli çatmırdı. İndiki Xankəndi Bakı üçün əlçatmaz olmuşdu...

Onda vilayət prokurorluğunda törədilən qanunsuzluqlara yox demək, haqq-ədalətin, qanunçuluğun bərpasını təmin etmək məqsədilə Bakıdan Xankəndinə işi bilən, təcrübəli bir prokuror göndərmək lazım olub və seçim Şükür Rzayevin üzərinə düşüb.
O dövrdə Xankəndinə gedib vilayət prokurorluğunda çalışmalı olan azərbaycanlı prokurorda hansı keyfiyyətlər olmalı idi?

İlk növbədə, gözünü millətçilik pərdəsi tutan ermənilərlə bir yerdə işləmək, onlarla üzbəüz oturmaq cəsarəti...

Bu cəsarət vətənpərvər, xalqını, millətini sevən insanlarda ola bilərdi və Ş.Rzayev hüquq-mühafizə sistemində 40 ildən çox fəaliyyəti dövründə bu keyfiyyətini dəfələrlə göstərə bilmişdi!

Erməni separatçılarının əməllərini, mövcud qanunvercilik əsasında, tutarlı dəlillərlə ifşa etmək, bu əməllərin yolverilməzliyinin elmi-hüquqi izahını vermək bacarığı...

Şükür Rzayev keçdiyi həyat yolunda yüksək intellektini və dərin hüquqi biliklərini çoxdan sübut etmişdi!

Nəhayət, həmin keşməkeşli 90-cı illərin əvvəllərində Qarabağda qayda-qanun yaratmaq istəyən Azərbaycan (və ya azərbaycanlı!) prokurorunun qəlbində bir Qarabağ yanğısı, Qarabağ sevgisi, Qarabağ məhəbbəti olmalı idi...

Bu keyfiyyətlərə Şükür Rzayev uşaqlığının keçdiyi doğma Qarabağda yiyələnmişdi!

Təhlükəli ezamiyyət

Şükür Rzayevin vəfatından sonra övladlarına ondan bir çox yadigarlar qalıb: xoş xatirələr, ağsaqqal tövsiyələri, çoxsaylı kitablar, özünün ömür-gün yoldaşına yazdığı lirik şeirlər. Bir də... Bir neçə qovluq...Bu qovluqlarda nə olsa yaxşıdır? Qarabağ münaqişəsi, onun tarixi və bu günü barədə yazılar, şərhlər, araşdırmalar və kitablar...

Əksəriyyətinin də üstündə Şükür Rzayevin öz xətti ilə yazdığı qeydlər “yaşayır”... Həqiqəti əks etdirən faktların altından xətt çəklib... Haqsız fikirlərin, ədalətsiz yanaşmaların, qeyri-dəqiq, göydəndüşmə faktların qarşısına sual işarəsi qoyulub...

Bütün bunlar Şükür müəllimin təkcə bir hüquqşünas kimi deyil, həm də qəlbi doğma yurd sevgisi ilə döyünən, el-obasının dərdi ilə yaşayan ziyalı, vətəndaş kimi Qarabağın taleyi ilə bağlı narahatlığından xəbər verir.

Və belə narahatlıqlarla yaşayan insanın gərgin günlərin birində separatçıların yuvasına - Xankəndinə ezam olunması təsadüf sayıla bilməz.

1991-ci il noyabrın 8-də Bakı Şəhər Prokurorluğu İstintaq şöbəsinin prokuroru Şükür Rzayev respublika prokurornun əmri ilə Xankəndi şəhərinə ezam olunur. O, heç kimdən və heç nədən çəkinmədən şəhərə gəlir, bir neçə gün ona tapşırılan cari məsələlərin həlli ilə məşğul olur, vilayətin hərbi komissarına, vilayət prokurorluğunun əməkdaşlarına konkret tapşırıqlar verir və əsasən, ona ayrılmış kabinetdə oturur. Heç bir xüsusi mühafizə və ya mühafizəçi ilə təmin edilmədən...

Sınaq anı

13 noyabr 1991-ci il. DQMV Prokurorluğunun binasında növbəti iş günü başlayır və təxminən, səhər saat 10 radələrində üzü maskalı dörd nəfər silahlı erməni qəflətən Şükür Rzayevin oturduğu kabinetə girərək onun girov götürüldüyünü elan edirlər... Vilayət prokurorluğunda heç bir müqavimətlə qarşılaşmayan quldurlar onu həyətdə dayanmış dövlət nömrə nişanı olmayan “QAZ-24” markalı maşına oturdub gözlərini bağlayır və naməlum istiqamətə aparırlar...

Erməni separatçıları Şükür Rzayevi Xankəndidə olduğu 4-5 gündə qanunçuluğun bərpası naminə nümayiş etdirdiyi cəsarət və prinsipiallığa görə belə amansızlqla cəzalandırmaq istəyirlər.
Bu, artıq bir vəzifəli şəxsin girov götürülməsi deyildi.
Bu, Azərbaycan hüquq-mühafizə sisteminə meydan oxumaq idi!
Respublika bir-birinə dəyir.

Separatçılar, necə olursa-olsun, azərbaycanlı prokurordan öz mənfur məqsədlərinə uyğun “ifadələr” almağı, bunu videolentə yazmağı planlaşdırırlar, üstəlik, məsələni bir az da böyütmək naminə Şükür Rzayevin respublika prokurorunun müavini olması barədə şaiyə yayırlar.

Şükür Rzayev isə... girov götürüldüyü andan öz hüquqşünas mövqeyini qoruyub saxlayaraq, onunla normal davranmağı tələb edir və bu istəyinə qismən nail ola bilir. Qətiyyətli prokuroru azğınlaşmış quldurların nə psixoloji təhdidləri, nə də silahlı hədə-qorxuları sındıra bilir... “Vurmaq istəyirsənsə, sinəmdən vur” – əlindəki silahın tətiyi ilə “oynayan” saqqallı erməniyə bu sözü soyuqqanlılıqla deyir. Qarabağda hər cür alçaqlığa hazır olan erməni quldura əsl Azərbaycanlı kişiyə xas olan hikməti xatırlatmaq üçün...

Beləcə, Şükür Rzayevdən nəinki öz hüquqşünas mövqeyinə və milli mənafelərimizə zidd söz almaq mümkün olmur, əksinə, o, erməni separatçılarına törətdikləri cinayətlərin cəzasız qalmayacağını xatırladır, haqq-ədalətin qalib gələcəyinə inamını nümayiş etdrir və məşəqqətli 24 gün yaşayır...

O 24 gündə bu dəmir iradəli insan yalnız bir dəfə kövrəlib... Onu da düşmənə hiss etdirmədən... Özü də qorxudan, həyəcandan yox! Sevinc və qürur hissindən...

Həmin günlərin birində quldurlar Şükür müəllimə deyiblər ki, qardaşı Əbülfət və oğulları – Rəşid və Rövşən hazırda Ağdamdadırlar. Onlar Şükür Rzayevin əvəzinə girov qalmağa hazırdılar...

Qardaşının və doğma övladlarının heç nədən çəkinmədən özlərini onun uğrunda fəda etməyə hazır olmaları Şükür müəllimi kövrəltsə də, mənən daha da gücləndirib, möhkəmləndirib, səbrini və dözümünü birəbeş artırıb. Belə sədaqətli, etibarlı, qorxmaz, özünə, nəslinə, Vətəninə layiq övladlar yetirdiyinə görə qəlbi fərəh və qürur hissi ilə dolub... Cinayətkarlar qarşısında daha vüqarlı, daha şax, daha yenilməz dayanıb... Girovluq mərhumiyyətlərinə, əzab və əziyyətlərinə mətanətlə dözüb, ədalətin zəfər çalacağı günü gözləyib.

Yeri gəlmişkən, Şükür müəllimin erməni girovluğundan azad edilməsi üçün hələ o vaxt Naxçıvanda olan ulu öndər Heydər Əliyev də bütün imkanlarını və əlaqələrini səfərbər edib. Şükür Rzayev sonradan xəbər tutacaqdı ki, həmin kritik günlərdə Heydər Əliyev vicdanlı dövlət adamı kimi yaxından tanıdığı bu vətənərvər prokurorun girovluqdan qurtarılması üçün nəinki regiondakı şəxsi nüfuzundan, hətta Moskvadakı köhnə əlaqələrindən də istifadə edib, Şükür Rzayevin azad olunması üçün nüfuzlu adamların bu işə qarışmasına nail olub. Və bütün bu danışıq və cəhdlər nəticə verib...

Və dekabrın 7-də onu girovluqdan azad ediblər.
Həmin günü sonralar özü belə xatırlayacaqdı: “...Bizim vaxtla təxminən axşam saat 8-də məni gözlərim bağlı halda Əsgərandan bir qədər Ağdama sarı gətirdilər. Xəbərdarlıq elədilər ki, bir azdan səni düşürəcəyik, biz nə desək əməl edərsən. Az keçdi. Mənə dedilər ki, düş. Düşdüm. Qolumdan tutub apardılar. Bir maşın göstərdilər ki, keç otur. Oturdum. Sən demə, maşındakılar qardaşım Əbülfət və Ağdamın hərbi komendantı imiş...”
Az sonra isə...

Yenidən xidməti vəzifələrin icrası, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ictimai asayişin və qanunçuluğun bərqərar edilməsi uğrunda təcrübəli bir prokuror kimi yorlumaz fəaliyyətini davam etdirəcəkdi...

Son söz yerinə

...Bu yazının əvvəlində filmdən danışmışdıq, “Qanun naminə” – “Mehman” filmindən. Amma bir az əvvəl xatırlananlar kino kadrları deyil, girov götürülmüş prokurorun əsirlikdən azad edilmə səhnəsinin təsviridir.

Ötən əsrin ortalarının prokuroru – Mehman başqa çətinliklər yaşamış, başqa situasiyada xarakterini göstərmişdi. Və xalqın sevimlisinə çevrilmişdi...

Ötən əsrin 90-cı illərinin prokuroru – Şükür Rzayev tamam başqa situasiyada xarakter nümayiş etdirmişdi. Və el-obanın rəğbətini qazanmışdı...

Mehman yazıçı Süleyman Rəhimovun ümumiləşdirdiyi, rejissor Muxtar Dadaşovun dramatizm qatdığı, aktyor Bimbolat Vatayevin peşəkarlıqla oynadığı bir obraz idi, kinoda oynanan rol idi. Nə qədər inandırıcı oynansa da...

Şükür Rzayev isə əsil prokuror, real insan idi. Yazıçı təxəyyülündən, rejissor yozumundan, aktyor pafosundan uzaq insan...
Qəhrəmanlıq üçün zaman məfhumu yoxdur...
Qəhrəmanlıq üçün xarakter kamilliyi məfhumu var...
Xarakter kamilliyinin üzə çıxması üçün bir an kifayət eləyir. Hansı əsrdə, hansı dövrdə yaşamaqdan asılı olmayaraq...

Müsəllim Həsənov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti