`Mən gorumda film çəkməyəcəyəm ki...` - MÜSAHİBƏ

`Mən gorumda film çəkməyəcəyəm ki...` - MÜSAHİBƏ
  08 Avqust 2014    Oxunub:14253
AzVision.az-ın müsahibi kino rejissoru, ssenari müəllifi, aktyor Ənvər Əblucdur.

- Səhhətiniz necədir?


- Şükür Allaha, hələ yaxşıyam. Nəfəsim gedir-gəlir. Soltan bəy kimi “Oram ağrıyır, buram ağrıyır, ay qız Telli, belimi basdır” günündə deyiləm, amma yavaş-yavaş yaxınlaşıram.

- Maşallah, 67 yaşınız var, yaxşı qalmısnız...

- Bu sözü dediniz, yadıma dayım oğlu ilə olan söhbətim düşdü. Hazırda İranda 1390-cı ildir. 6 il bundan qabaq Cənubi Azərbaycandan Bakıya dayım oğlu Muradəli gəlmişdi. Ondan soruşdum ki, neçənci ildənsən? Dedi, 1328-ci ildən. Bizdə də 2008-ci il idi o vaxt. Güldüm, dedim, yaxşı qalmısan...
İndi mən də yaxşı qalmışam. Bunun özü böyük işdir. Amma o qədər də cavan qalmamışam. Hələ ki, çulumu sudan çıxara bilirəm də. (gülür).

- Maraqlı soyadınız var, mənşəyi nə ilə bağlıdır?

- Soyadımın maraqlı tarixçəsi var. Mənim atam şirniyyatçı olub. 1938-ci ildə cənubi azərbaycanlıları Şimali Azərbaycandan sürgün edəndə dedilər ya sovet vətəndaşı olun, ya da gedin öz ölkənizə. Atamgil də Cənubi Azərbaycana getməyə məcbur olub. Gedən kimi atamdan soruşublar ki, nə iş ilə məşğul olmusan orada? Bildirib ki, şirniyyatçıyam. Deyiblər ki, sənin soyadın oldu “Əbluc”. Onun da mənası şirni, nabat deməkdir.



Atam gənclik illərində məşrutə hərəkatında iştirak edib. Böyük qardaşımın 86 yaşı var, Moskovada yaşayır. O deyir ki, atamın ayağında güllə yarası da olub. Yadıma gəlir ki, əsa ilə axsaya-axsaya yeriyirdi. Mən onun yaşlı vaxtında doğulmuşam. Mənim də yaşlı vaxtımda 9 yaşlı qızım var.

Moskvada yaşayan qardaşım 17 yaşından 1945-ci ildəki milli azadlıq hərəkatının iştirakçısı olub. Mən də burada çarpışıb-vuruşuram, özümü inqilabçı hesab edirəm. Film vermirlər, dava edirəm, yalvarıram, axırda bunlardan qopardıram ki, mən film çəkməliyəm. Niyə ona-buna film verirsiniz, Ənvər Əbluca yox?

- Yəqin ki, inqilabçı, siyasətlə maraqlanan bir adamın ailəsindən iki nəfərin - sizin və qardaşınız Həsən Əblucun incəsənətə meylinin olması atanız tərəfindən çox da müsbət qarşılanmayıb...

- Mən axıracan qımıldanmadım da. Elə o cəhətdən Həsən inqilabçılıq edirdi. O, bu sahə qadağan olunsa da, yenə gedirdi, arada kötək yeyirdi, ancaq yolundan dönmürdü. O vaxt dram dərnəkləri çox idi. İndiki kimi heç kim avara-avara gəzmirdi. Hamı nə iləsə məşğul olurdu. Mən özüm də 5-ci sinifdən tar dərnəyinə getmişəm.

Anam da ruhən incəsənət zövqlü bir adam idi. Onun adını daşıyan 9 yaşlı Rübabə qızıma həmişə deyirəm ki, mənim anam savadsız idi, ancaq məndən çox bilirdi. Çoxlu rəvayət, bayatı deyərdi. Bizi tərbiyəvi istiqamətdə yönəldirdi. Təhsilimizə nəzarət edirdi. Məngənəyə salmışdılar ki, cızığımızdan çıxmayaq.

Digər qardaşım Heydər Əbluc isə ömrünmün axırına kimi gözəl şeirlər yazdı, rəsmlər çəkdi.

Atam savadsız idi. Amma inqilabi hərəkatda iştirak etmişdi deyə, qəhərəmanlıq dastanlarını xoşlayırdı. Uşaqlıqdan Abbas Mahmudun “Səttərxan” romanını onun üçün oxuyurdum. Danışığın inkişaf etməsi üçün ucadan oxumalısan, özün-özünü eşitməlisən. Yəni bu cəhətdən yəqin ki, atamın da bizə təsiri olub. Həmişə deyərdi, “Əbiş, götür o kitabı oxu, görüm ”.

- Təbrizə gedib-gəlirsinizmi?

- İlk dəfə 1994-cü ildə Təbrizə getmişəm. İndi elə-belə gedib-gəlirəm. Amma vaxtilə orada filmlər də çəkmişəm. Birinci filmim doktor Cavad Heyət haqqında olub, 2001-ci ilə başladım, 2002-ci ilin əvvəlində təhvil verdim. Daha sonra 2004-cü ildə vaxtilə maarif naziri olan şair Məhəmməd Biriya haqqında film çəkmişəm. 2006-cı ildə isə Şəhriyar haqqında filmlə bağlı getmişdim. Qardaşım qızı, dayım oğlu orada yaşayır. İmkan olanda hərdən görüşürük.

- Hazırda nəyin üzərində çalışırsnız?



- İndi daha heç bir təklif irəli sürmürəm. Çünki etdiyim təkliflər qəbul olunmadı. İki dəfə Mədəniyyət və Turizm Nazirliyinə ssenari verdim, qəbul olunmadı. Başqalarına olar, amma Ənvər Əbluca çatanda olmaz? Ona görə də mən incidim onlardan. Hər halda, professional rejissoram, 40 ildən artıq bu sahədəyəm.

Axrıncı çəkdiyim film Azərbaycan polisinin fəaliyyətindən bəhs edən “Tərsinə çevrilən dünya” olub. Ssenari müəllifi Çingiz Abdullayev idi. Heydər Əliyev sarayında filmin primiyerası oldu. Cənab nazir Ramil Usubov da yüksək səviyyədə qarşıladı. Nazir Əbülfəs Qarayevə zəng edib dedi ki, nə sovet , nə də müstəqillik dövründə Azərbaycan polisi ilə bağlı belə yaxşı film görməyib. “Mahmud və Məryəm” filmini də mən səsləndirmişəm. Bir də qradaşım Həsən haqqında sənədli film çəkmişəm. Vəssalam.

- “Tərsinə Çevrilən dünya”nın sonrakı taleyi necə oldu? Televiziyalarda görmədik axı...

- Kinoteatrda anonsu getdi. Zəng edib soruşurdum, deyirdilər ki, gələn yoxdur. Mən bunlara başa sala bimirdim ki, əvvəla, tamaşaçını cəlb etmək lazımdır. İkincisi, bizim xalqın mentaliteti elədir ki, çayxanalarda, restoranlarda 100 manat xərcləyirlər, amma 5 manat verib filmə baxmağa gəlmək istəmirlər. Elə etmək lazımdır ki, hamı gedə bilsin. Bunlar düzgün etmədilər.

“Space” televiziyasında Azərbaycanfilm Kinostudiyasının 90 illiyilə əlaqədar bir dəfə veriblər. Bu yaxınlarda eşitdim ki, Mədəniyyət kanalı da göstərib. Bizdə filmi çəkirlər, sonra da gizlədirlər. Üstünü də torpaqla örtürlər ki, heç kim baxmasın.

- Amma xarici filmlərə baxmağa gedirlər...

- Çünki onları reklam edirlər, pul ayrıırlar. Amma Azərbaycan filmlərində bunlar olmur deyə getmirlər. Televiziyada bir var Ənvər Əblucun filminin reklamı, bir də var Vaqif Mustafyevin filminin anonsları. Təbii ki, öz filmlərini daha çox və daha yaxşı formada reklam edəcəklər. Vaqif Mustafayev böyük rejissordur, ancaq bunların hərəsinin əlində bir televiziya var deyə, öz filmlərini də yaxşıca reklam edə bilirlər. Pis meyvəni də bəh-bəhlə təqdim etmək olar. Biz isə qəşəng meyvəmizi sata bilmirik. Mən bəyəm gorumda film çəkəcəyəm? Bir il - iki yaşayacağam da, uzağı... Bu yaşda filmlə təmin etmək lazımdır.



3 il İncəsənət Universitetində dərs dedim. Cavanlardan heç kim gəlmirdi. O vaxt İncəsənət Universitetinin tələbələrindən soruşmuşdular ki, Azərbaycan kino rejissorlarından kimləri tanıyırsınız? Demişdilər, Ülviyyə Könülü. Üliyyə Könülə indi-indi film verirlər. Dedim, əgər kliplı rejissor olunursa, onda bütün klip çəkənlərə film verin də. Mən bu sözləri deyəndə inciyirlər.

- “Pəncərə” filmində qardaşınız, rejissor Həsən Əblucla müştərək işlədiniz. Bəs onun qızı, rejissor Elnaz Əblucla hansısa birgə işiniz olubmu?

- Yox. Elnaz müstəqil müxtariyyatdır. Özü üçün işləyir. Allah işlərini rast gətirsin. İndi Elnaz professional rejissordur.

Qardaşıma “Pəncərə” filmdə zorla rol verdim. Həmin dövrdə Həsən Əbluca teatrda tamaşa vermişdilər. Tamaşa hazır olanda onun əlindən alıb, başqa rejissora verdilər. Həsəni teatrdan belə sıxışdırırdılar. İnstitutdan çıxmasına səbəb isə televiziyadakı çıxışı olmuşdu. Nə var-nə var, deyib ki, “İçi mən qarışıq Müxlis Cənizadə səviyyəsində müəllim yoxdur institutda”. Yəni olanı demişdi də. Onun məsələsini qaldırdılar, çörək verdiyi, çörək kəsdiyi adamları üzünə durdurdular. O da ərizəsini yazıb, deyib ki, mən sizin məramınızı bilirəm, ona görə də işdən çıxıram.

Bu, o vaxt idi ki, İsi Məlikzadə ilə “Pəncərə” filminin ssenarisi üzərində işləyirdik. Ssenari ərsəyə gələndə Həsənlə bağlı həmin bu hadisələr baş verdi. Həsən də elə adam idi ki, heç vaxt gileylənməzdi ki, bəs mənə belə etdilər. Mən söhbəti ancaq ondan-bundan eşidərdim . Heç vaxt özünü sındırmazdı. Ancaq onun gözlərində bu incikliyi, küskünlüyü görürdüm. Elə filmə başlayanda , dedim ki, gəl filmi bir yerdə çəkək. Gülümüsədi, dedi, bunu demək istəyirdim, ancaq cəsarət etmiridm. Mən bu təklifi edəndə sevindi. O zaman Ramiz Fətəliyev kinostudiyanın direktoru idi. Gedib dedim ki, filmi qardaşım Həsən Əblucla birlikdə çəkmək istəyirəm. Dedi ki, o sənin öz işindir. Birinci onun adını yazdırdım.



Mən aktyorluğu bacarırdım,əvvəlcə aktyorluğu qurtarıb, sonra rejissorluğa getmişdim. Ona görə də dedim, direktor obrazını özüm oyanayacağam, özümdən yaxşısını görmürəm. Aktyor Kamil Məhərrəmov da mənim kurs yoldaşım idi. Ona demişdim ki, səni də sınaqsız rola çəkəcəyəm. Bir də gördüm, Həsən gəldi ki, o rolu mən oynamaq istəyirəm. Rol da kiçik bir epizod idi. Dedim, axı mən Kamilə söz vermişəm. Dedi, “Yox ,axı o, standart oynayır. Həmişə oynadığı rollar kimi oynayacaq, mən isə başqa cür oynayacağam”. Dedim, yox, mən söz vermişəm, yaxşı deyil. Bir neçə gündən sonra bir də gördüm, Həsən üzü tüklü gəldi ki, rola hazıram. Operator və filmin rəssamı da Həsənin çəkilməsini istəyirdi. Ona görə də çoxluğa tabe olub, daşı ətəyimdən tökdüm. Nə yaxşı ki, çəkdim. Baxanlar da dedi ki, çox gözəl oynayıb.

- Son günlər atəşkəs tez- tez pozulur, xeyli sayda şəhid verdik. Belə bir məqamda ruh yüksəkliyi yaradan vətənpərvərlik filmlərinə ehtiyacımız var. ..

- Mənim Azərbaycanın qəhrəman qızları Gültəkin, Salatın haqqında filmlər çəkmək kimi fikrim var idi...

İllər öncə bu mövzuda “Ağ atlı oğlan” filmini çəkmişdim. Həmin filmin ideyası Təbrizdə olarkən yaranmışdı. Biz 1992-ci ildə “Pəncərə” filmini Təbrizə aparmışdıq. Orada İran pulunun üstündə uşaq şəkli gördüm. Soruşdum ki, bu uşaq kimdir belə? Dedilər ki, uşaq İran- İraq müharibəsi dövründə xüsusi qəhrəmanlıq göstərmiş milli qəhrəmandır. Belinə qumbara bağlayıb özünü tankın altına atıbmş, tank elə körpünün üstündəcə partlayıb.

Ondan sonra Bakıya qayıdanda 1992-ci ildə müharibənin qızğın vaxı idi. Gördüm ki, cəbhəyə evlərindən xəlvət gedən qəhrəman uşaqlar bizdə də var. Oqtay Mirqasımova yazdım bu barədə. Dedi lap yaxşı, İsi Məlikzadə ilə birlikdə ssenarini işlədik.

- Övladlarınızdan yolunuzu davam etdirən varmı?



- Yox, Allah etməsin. Oğlum Abbasqulunu “Pəncərə” filmində Vasif obrazına çəkdim. Çəkiliş meydançasında məndən o qədər gözü qorxmuşdu ki, sonra “Ağ atlı oğlan”ın ssenarisini yazanda dedim, gəl səni bu qəhrəmanın obrazına çəkim, dedi, yox ki, yox. Ancaq gətirilən digər uşaqlar da işimizə yaramırdı. Birtəhər oğlum Abbası dilə tutub, həmin rolda oynatdım.



Şahanə RƏHİMLİ
AzVision.az



Teqlər:  





Xəbər lenti