Hökumət missiyamız Nepalda olub

Hökumət missiyamız Nepalda olub
  03 May 2025    Oxunub:724
Xarici İşlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi Azərbaycanın hökumət missiyası aprelin 30-dan mayın 2-dək Nepalda səfərdə olub.
AzVision.az Xarici İşlər nazirliyinin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, səfər zamanı Elnur Məmmədov Nepal prezidenti Ramçandra Paudel, həmçinin Baş nazir Şarma Oli tərəfindən qəbul edilib.


Nazir müavini Elnur Məmmədovun Nepalın Xarici İşlər naziri Arzu Rana Deuba ilə də ikitərəfli görüşü keçirilib.

Görüşlərdə Nepal tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər nazirliyi ilə Nepal Xarici İşlər nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Nepalın Xarici işlər Katibi Amrit Bahadur Rai rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət, enerji, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.


İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Hökumət missiyasının üzvləri olan Azərbaycanın İqtisadiyyat nazirliyi, Kənd Təsərrüfatı nazirliyi, Dövlət Turizm agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi agentliyi - AZPROMO ilə Nepalın müvafiq dövlət qurumları arasında dəyirmi masa ətrafında görüş keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib. Nepal İnvestisiya İdarəsində baş tutan dəyirmi masada Azərbaycan dövlət qurumlarının nümayəndələri geniş təqdimatla çıxış ediblər.


Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Nepalda fəaliyyət göstərən Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutu (AIDIA) tərəfindən təşkil edilən, ölkənin nüfuzlu ictimai-siyasi xadimlərinin, beyin mərkəzlərinin rəhbərlərinin, müxtəlif dövlət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, ekspertlərin qatıldığı tədbirdə “Azərbaycanın xarici siyasəti: çağırışlar və imkanlar” mövzusunda mühazirə ilə çıxış edib və auditoriyanın suallarını cavablandırıb.


Teqlər: Azərbaycan   Nepal  





Xəbər lenti