Pekin Vaşinqtona şərt qoyub

   Pekin Vaşinqtona şərt qoyub
  02 May 2025    Oxunub:663
Danışıqlara başlamaqda səmimi olduğunu göstərmək üçün Çin ABŞ-ni tarifləri ləğv etməyə çağırıb.
AzVision.az xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) Ticarət nazirliyinin bəyanatında belə deyilir.

“Ticarət müharibəsi və tariflərin tətbiqi Birləşmiş Ştatlar tərəfindən birtərəfli qaydada başladılıb. Vaşinqton dialoqa getmək istəyirsə, səhvlərini düzəltmək və birtərəfli tariflərin ləğvində səmimiyyət sərgiləməlidir”, - nazirlik Pekinin rəsmi mövqeyini açıqlayıb.

Bəyanatda ABŞ-nin son vaxtlar tariflərin tənzimlənməsi imkanlarını fəal şəkildə müzakirə etdiyinə də toxunulur. Nazirliyin fikrincə, əgər Vaşinqton mümkün danışıqlar zamanı səhv hərəkətlərini düzəltməsə, bu, ABŞ-nin tamamilə qeyri-səmimi olduğu anlamına gələcək və tərəflərin bir-birinə olan inamını daha da sarsıdacaq.

“Bir şey söyləmək və başqa bir şey etmək, danışıqlar adı altında məcbur və ya şantaj etmək - bu, Çinə münasibətdə işləməyəcək”, - xəbərdə deyilir.

Xatırladaq ki, bundan əvvəl Çinin “CCTV” dövlət televiziyası ilə əlaqəli “Yuyuantantian” hesabının sosial mediada yazdığına görə, ABŞ rəsmiləri müxtəlif kanallar vasitəsilə tarif danışıqlarına başlamağa hazır olduqlarını bildiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   ABŞ   şərt  





Xəbər lenti