CNN: “Putin Ukrayna üzrə planını dəyişib”

      CNN:    “Putin Ukrayna üzrə planını dəyişib”
  02 May 2025    Oxunub:643
Qərb kəşfiyyatına görə, Rusiya prezidenti Vladimir Putin, ələ keçirdiyi əraziləri saxlamaq və Rusiya iqtisadiyyatını sabitləşdirmək kimi qısamüddətli hədəflərlə bağlı, Ukraynaya qarşı müharibədə öz məqsədlərinə düzəliş etmiş ola bilər.
AzVision.az xəbər verir ki, kəşfiyyat məlumatlarına bələd olan, lakin adı açıqlanmayan mənbələrə istinad edən “CNN” telekanalının iddiasına görə, Putin diqqətini işğal edilmiş ərazilərə nəzarəti gücləndirməyə və ciddi çətinliklərlə üzləşən Rusiya iqtisadiyyatını dəstəkləməyə yönəldib.

Bu, Putinin öz resurslarına və bütün ərazisini ələ keçirmək üçün Ukraynanın zəifləməsinə arxalanaraq uzun sürən müharibəyə can atdığını düşünən Qərbin kəşfiyyat orqanlarının əvvəlki qiymətləndirmələrindən fərqlənir.

“Putinin yanaşmasındakı dəyişiklik Rusiya liderinin indi sülh sazişini müzakirə etməyə daha həvəsli olduğuna inanan Donald Tramp administrasiyasının əlinə oynaya bilər. Lakin ABŞ-nin yüksək vəzifəli məmruları Vaşinqtonun Ukrayna ərazisi ilə bağlı “səxavətli” təklifinə baxmayaraq, Putinə və danışıqlarda onun sülh sazişi əldə etmək istədiyi barədə dəfələrlə verdiyi bəyanatlara şübhə ilə yanaşırlar”, - Amerikadakı iki mənbə telekanala deyib.

“CNN” onu da vurğulayır ki, Rusiya sülh razılaşmasına razı olsa belə, gələcəkdə Ukraynanın daha çox ərazisini ələ keçirmək məqsədilə Moskvanın müharibəni yenidən başlaması riski var. Amma Qərb kəşfiyyatının yüksək rütbəli rəsmisi Putinin, böyük ehtimalla, hazırda ağlabatan qısamüddətli hədəflər haqqında düşündüyünü bildirib.

Mənbələrin fikrincə, yeni sanksiyalarla hədələyən Tramp administrasiyasının təzyiqi və Rusiyanın iqtisadi problemləri Putini çətin vəziyyətə salıb. Eyni zamanda, danışıqlarda Amerika tərəfinin “tarixi fürsət” adlandırdığı müharibə bitərsə, ABŞ və Rusiya arasında investisiya potensialına diqqət çəkilir.

- Çox şey ABŞ-nin nə təklif edə biləcəyindən asılıdır. Bunun nəticəsində Putin ölkə daxilində nəinki qələbə qazandığını, həm də sonradan mübarizəyə qayıtmaq imkanı verən layiqli fasilə əldə etdiyini açıqlaya bilməlidir. “Rusiya sivilizasiyasının beşiyi” saydığı Ukraynanın əsas hissələrini ələ keçirmək kimi uzunmüddətli hədəfi qoruyub saxlayan Putin, rus xalqının tarixi köklərinə istinad göstərməyə davam edir”, - mənbə vurğulayıb.

Yüksək vəzifəli avropalı məmur onu da bildirib ki, Moskva Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq üçün əsas məqsədini müvəqqəti məhdudlaşdırmağa hazırdır, lakin müharibə ilə bağlı maksimalist planlarından əl çəkmir.

“2025-ci ilin əvvəlində ABŞ kəşfiyyatı Trampın müşavirlərinə xəbərdarlıq etmişdi ki, Ukraynaya nəzarət Putinin prioriteti olaraq qalır və danışıqlarda tələskənlikdən öz məqsədlərinə çatmaq üçün istifadə edə bilər. Kreml, çox güman ki, ABŞ ilə münasibətlərin yaxşılaşmasından taktiki fasilə üçün vaxt qazanacağına, bundan sonra Ukraynada və onun hüdudlarından kənarda uzunmüddətli ambisiyalarını həyata keçirmək üçün hərbi, iqtisadi-siyasi vasitələrdən istifadə edə biləcəyinə ümidlidir”, - danışıqlardan xəbərdar olan daha bir amerikalı mənbə də öz ehtimallarını telekanalla bölüşüb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Putin   Ukrayna   plan  





Xəbər lenti