Bakıda çağırışların fürsətə çevrilməsi müzakirə edildi

Bakıda çağırışların fürsətə çevrilməsi müzakirə edildi
  14 Mart 2025    Oxunub:529
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu ikinci günündə işini panel iclaslarla davam etdirib.

AzVision.az xəbər verir ki, Latviyanın sabiq prezidenti Valdis Zatlersin moderatorluğu ilə keçirilən sessiya "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusuna həsr edilib. Panel sessiyada Bosniya və Herseqovina prezidentliyinin serb üzvü Zeljka Cvijanovic, Nigeriyanın sabiq prezidenti Olusequn Obasanjo, Moldovanın sabiq baş naziri Nataliya Qavrilita, Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev, Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku, Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri Volkan Bozkır, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Sinqapur Parlamentinin sabiq üzvü Penni Lovun çıxışları dinlənilib.

Bosniya və Herseqovina prezidentliyinin serb üzvü Zeljka Cvijanovic ölkəsindəki vəziyyətdən söz açaraq, Bosniya Hersoqovinanın inkişafı, sabit və firavan ölkə olması üçün atılmalı olan addımlardan bəhs edib.

Nigeriyanın sabiq prezidenti Olusequn Obasanjo çıxışında ölkəsində vətəndaş müharibəsinin getdiyi vaxtları xatırladıb. Bildirib ki, onun töhfəsi ölkəsinin vahidliyini qoruyub saxlamaqdan ibarət olub.

Moldovanın sabiq baş naziri Nataliya Qavrilita Rusiya-Ukrayna müharibəsindən sonra ticarətə dəyən zərərin göz önündə olduğunu vurğulayıb: "Düşünürəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Əgər müharibənin dayandırılmasını istəyiriksə, prosesdə təhlükəsizlik zəmanəti və beynəlxalq səviyyədə əməl edilən qaydalar əsas şərt olmalıdır. Sözsüz ki, münaqişədən sonra yenidənqurma işləri də böyük rol oynayır. Çünki müharibədən sonra yenidənqurma işlərinə ehtiyac yaranacaq. Bu, özəl sektorların münaqişədən sonra sərmayə yatırması üçün fürsət kimi dəyərləndirilə bilər. Bütün bunların yeganə yolu isə təhlükəsizlik zəmanətidir. Böyük və güclü ölkələr birgə həllərin tapılmasına dəstək olmalıdırlar. Münaqişələr adətən böyük güclərin müdaxiləsi səbəbindən yaranır".

Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev Azərbaycanın işğaldan azad etdiyi Qarabağda həyata keçirdiyi yenidənqurma işlərinin çox müfəssəl olduğunu bildirib. Qeyd edib ki, Qarabağda münaqişədən sonrakı inkişafın təmin olunması üçün hazırlanan hərtərəfli plan onu valeh edib: "Mən dünyanın başqa yerlərində belə əhatəli proqram görməmişəm. Azərbaycan məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacaq və bütün dünya üçün həqiqətən də münaqişədən sonrakı bərpa işləri üçün nümunə olacaq".

Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku qeyd edib ki, sülh və bərpa prosesində kifayət qədər zəmanət və əminlik olmalıdır, yoxsa uğur qazana bilməzsən. Onun sözlərinə görə, münaqişənin səbəbləri araşdırmalıdır. Səbəb aydınlaşmadan onun həll yolları tapıla bilməz: "Burada əsas məsələ planları nəzərdən keçirmək deyil, müzakirələr aparmaq, münaqişənin yaratdığı fəsadları başa düşməkdir. Digər tərəfdən də bərpa prosesi olmalıdır. Bu öhdəlik isə beynəlxalq və regional təşkilatlara düşür", - deyə Lazar Komanesku bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qlobal Bakı Forumunun siyasəti formalaşdıranlar üçün mühüm platformaya çevrildiyini bildirib: "Biz hazırda panel sessiyada sülh üçün yenidənqurma proseslərindən danışırıq. Azərbaycan da bir çoxları kimi münaqişənin ağrılarını yaşayır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesi xalqımızın iradəsini göstərir. Daha dayanıqlı şəhərlər yaratmaq istəyirik ki, sakinlər üçün rahat olsun. Hazırda azad edilmiş ərazilərdə tikinti prosesi gedir. Biz ora həyatları və inamı qaytarırıq. Azərbaycan hökuməti azad edilmiş ərazilərdə dövlət büdcəsindən yenidənqurma işlərinə böyük vəsait ayırıb. Çox geniş yol şəbəkəsi çəkilib, səhiyyə, təhsil müəssisələri yaradılıb. Ötən il Qarabağ Universitetinin açılışı oldu. Növbəti beş il ərzində 7000 tələbənin Qarabağ Universitetində təhsil alması planlaşdırılır. Hazırda 150 kilometrlik dəmir yolu inşa olunur. Biz tikinti prosesində ağıllı texnologiyalardan istifadə edirik. Münaqişədən sonra yenidənqurma yolu çox uzundur. Sülhün qurulması isə regional prosesdir. Çağırışlar imkanlara çevrilməlidir", - deyə komitə sədri diqqətə çatdırıb.

Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri Volkan Bozkır çıxışında ölkəsinin şəhərlərin yenidən qurulması və bərpası ilə bağlı təcrübəsinin müharibə səbəbindən baş vermədiyini bildirib: "Bizim müxtəlif şəhərlərimizdə 3 zəlzələ baş verib, zəlzələ səbəbindən minlərlə insan həyatını itirib. Ancaq bir çox qonşu ölkələrdə bu problem müharibə səbəbindən yaranır. Yenidənqurma proseslərində ilk olaraq maliyyə nəzərə alınmalıdır. Təəssüf ki, yenidənqurmada ehtiyacı olan dövlətlərə verilən maddi yardımın dörddəbiri vasitəçi təşkilatlara gedir”.

O bildirib ki, Türkiyənin yenidənqurma və bərpa təcrübəsi Suriya üçün nümunə olmalıdır. Suriyada qarşıdurmalar səbəbindən infrastruktur olduqca ağır vəziyyətdədir. Ancaq tarix boyu Suriya Yaxın Şərqin əsas dövlətlərindən biri olub. Hazırda Suriya üçün humanitar yardıma ehtiyac var.

“Digər bir nümunə Azərbaycanın Qarabağda apardığı tikinti-quruculuq işləridir. Təəssüf ki, 30 illik işğal dövründə Qarabağ kimi tarixi məkanın mədəni irsinin böyük qismi məhv edilib. Hazırda bərpa prosesi gedir, bunun bağlı Azərbaycanı təbrik etmək istəyirəm. Şəhərlər bərpa olunarkən tarixi abidələr qorunur. Əhalinin Qarabağa qayıtması üçün məktəblər, xəstəxanalar, iş yerləri yaradılır. Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır”, - deyə Volkan Bozkır əlavə edib.

Sinqapur Parlamentinin sabiq üzvü Penni Lov isə çıxışında ölkəsinin uğurlu dövlət kimi tanındığını xatırladıb: “Amma biz bu günlərə elə asan gəlməmişik. İkinci Dünya müharibəsindən sonra Sinqapur dağıntılar altında idi. Çətin yollardan keçərək uğurları qazandıq".

Onun sözlərinə görə, sülh olmadığı təqdirdə təkamül mümkün deyil. İnsanlar məmnun olmalıdır, etibar bərpa edilməlidir.

Penni Lov Qarabağda aparılan bərpa işlərindən də danışaraq, bu istiqamətdə atılan addımları çox cəsarətli baxış adlandırıb.

O, həmçinin qeyd edib ki, çox xaotik dünyada insanlara şüurlu rəhbərlik lazımdır: “Biz liderlər insanların həyatlarına töhfələr veririk. Hər bir vətəndaşın həyatı bizim verdiyimiz qərarlardan asılıdır", - deyə parlamentin sabiq üzvü diqqətə çatdırıb.

Müzakirələrdən sonra panel sessiya öz işini başa çatdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti