Minaya düşən soydaşımızın vəziyyəti necədir?

   Minaya düşən soydaşımızın vəziyyəti necədir?
  22 Fevral 2025    Oxunub:366
Dünən Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlunun durumu açıqlanıb.
AzVision.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 1/3-nin amputasiya olunduğunu bildirib.

“Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün onun durumu ağır dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən sabitləşib və reanimasiya şöbəsinə köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam sabitləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”, - Vüsal Məmmədov deyib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru, həmçinin xəstənin hazırda ayıldığını və suallara cavab verdiyini açıqlayıb. Amma çox qan itirdiyindən vəziyyətindəki ağırlıq qalmaqdadır, bunun üçün də onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün ərzində həyati riskin daha da azalacağı gözlənilir və 2 gün sonra onun vəziyyətinin daha da sabitləşəcəyini görmək mümkün olacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi veteranı olan Nağı İmanov Ağdərə rayonunun Sırxavənd kəndində dünyaya göz açıb. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.

AzVision.az


Teqlər: İmanov   mina   vəziyyət  





Xəbər lenti