Bərdədə yüksaxlama anbarının istismarı dayandırılıb

Bərdədə yüksaxlama anbarının istismarı dayandırılıb
  19 Fevral 2025    Oxunub:345
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması sahəsində Bərdə şəhərində fəaliyyət göstərən “EFE-2018” MMC-yə məxsus yüksaxlama anbarında plan üzrə yoxlama aparıblar.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Anbarda istismar olunan bir ədəd körpülü kranın qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı və aləti yoxlamasının (maqnit tozu, ultrasəs və kimyəvi analiz üsulu ilə) aparılmadığı müəyyən edilib.

Aşkarlanmış nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yüksaxlama anbarının istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti