Bəhreyn Krallığı APA-nın sədrliyinə namizədliyini irəli sürüb

   Bəhreyn Krallığı APA-nın sədrliyinə namizədliyini irəli sürüb
  19 Fevral 2025    Oxunub:355
Asiya Parlament Assambleyasının (APA) beynəlxalq nüfuzunun artması Asiya xalqlarının vahid mövqeyinin formalaşmasına və onların səsinin beynəlxalq arenada daha yüksək səviyyədə eşidilməsinə xidmət edir.
Bu sözləri Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.

O, Azərbaycan Respublikasına, onun siyasi rəhbərliyinə və qardaş xalqına Bəhreyn Krallığının ali hökmdarı, Əlahəzrət Kral Həməd bin İsa Əl Xəlifə və Vəliəhd Şahzadə, Baş Nazir Salman bin Həməd Əl Xəlifənin salamlarını çatdıraraq, Asiya xalqları arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün göstərdikləri səyləri vurğulayıb. O, müasir dünyada çoxqütblü yanaşmaların, ədalətli maraqlar balansının və xalqların suveren hüquqlarına hörmətin zəruriliyini qeyd edib: “Hegemon qüvvələrin müdaxilələrinin qarşısının alınması vacib amildir. Asiya Parlament Assambleyası diplomatiya, iqtisadi və sosial sahələrdə müsbət dialoqu təşviq edən bir qurumdur, bu istiqamətdə mühüm rol oynayır”.

Asiya qitəsinin qlobal miqyasda iqtisadi və strateji əhəmiyyətinə toxunan Əli Saleh Abdulla Əlsaleh regionun zəngin təbii sərvətlərə, neft və qaz ehtiyatlarına malik olduğunu və eyni zamanda, bəşəriyyətin tarixi və mədəni irsinin beşiyi kimi tanındığını bildirib. O, Asiyanın turizm, mədəni irs və sosial inkişaf baxımından böyük potensiala malik olduğunu qeyd edib, regionun sabit tərəqqiyə və iqtisadi yüksəlişə yönələn siyasət yürütməsinin vacibliyini vurğulayıb.

Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının fəaliyyətinə verdiyi töhfələrdən danışan Şura sədri ölkəsinin bu təşkilatın işində fəal iştirak etdiyini və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə sadiq qaldığını bildirib. O, Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini irəli sürdüyünü elan edərək, təşkilatın üzvlərinin etimadını və dəstəyini qazanmağa ümidvar olduğunu bildirib.

Əli Saleh Abdulla Əlsaleh Asiya Parlament Assambleyasının gələcək inkişafı üçün səylərin artırılacağını, əvvəlki sədrlərin nailiyyətlərinin davam etdirilərək qurumun mövqeyinin daha da möhkəmləndiriləcəyini bəyan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti