Magistraturaya qəbul imtahanında 22 minə yaxın bakalavrın iştirakı gözlənilir
![Magistraturaya qəbul imtahanında 22 minə yaxın bakalavrın iştirakı gözlənilir
Magistraturaya qəbul imtahanında 22 minə yaxın bakalavrın iştirakı gözlənilir](https://azvision.az/photos/2025/02/17393704834661453357_1200x630-1739371492.jpg)
Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
Ümumilikdə 3 saat 30 dəqiqə davam edən imtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nəzarətçisi tərəfindən yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vərəqləri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, cavab kartındakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavablar tam əmin olduqdan sonra qeyd edilməli və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralamaq lazımdır. Cavab kartını zədələmək və cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.
İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə DİM-in saytında tanış ola bilərlər.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 13 dən 27-dək aparılıb. İmtahanda iştirak etmək üçün 21 min 926 bakalavr ərizə təqdim edib. Onlardan 20057 nəfər Azərbaycan bölməsi, 1869 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 14017-si cari ilin, 7909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 62, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 15960, Naxçıvanda 540, Gəncədə 1458, Sumqayıtda 1627, Abşeronda 1078, Mingəçevirdə 838, Lənkəranda 425 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1989 nəzarətçi, 294 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar fevralın 6-dan etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə imtahana buraxılış vərəqəsini çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana şəxsiyyəti təsdiqləyən sənədin əslini və buraxılış vərəqəsini gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 15-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
AzVision.az
Teqlər: