“Avroviziya-2025” müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı bəlli olub

 “Avroviziya-2025” müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı bəlli olub
  04 Fevral 2025    Oxunub:580
“Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.
AzVision.az xəbər verir ki, Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərovanın və media rəhbəri Turab Teymurovun AZƏRTAC-a verdiyi məlumata görə, bu il ölkəmizi İsveçrənin Bazel şəhərində “Mamagama” qrupu təmsil edəcək.

2021-ci ildə yaradılan “Mamagama” qrupu rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır. Azərbaycanın musiqi səhnəsində ən yenilikçi qruplardan biri olaraq özünü təsdiq edib. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb.

“Mamagama” 3 nəfərdən ibarətdir: Asəf - frontmen və əsas vokalçı, Hass - gitara ifaçısı, Arif - zərb alətləri.

Azərbaycanı təmsil etməsindən danışan Asəf deyib: “Bu qədər böyük bir səhnədə, Azərbaycanın mədəniyyətini təmsil etmək mənim üçün böyük bir şərəfdir. Doğulduğum torpağa dərin sevgi bəsləyirəm və bu müsabiqə, onun gözəlliyini və ruhunu bütün Avropa ilə paylaşmağım üçün bir fürsətdir. Yaxın zamanda açıqlanacaq mahnımız ölkəmizin ruhunu tam əks etdirir. Biz inanılmaz dərəcədə həyəcanlıyıq. İnanıram ki, çıxışımız yaddaqalan bir təəssürat yaradacaq”.

Bazeldə keçiriləcək 69-cu Avroviziya mahnı müsabiqəsi mayın 13-dən 17-nə qədər davam edəcək. “Mamagama” mayın 13-də birinci yarımfinal mərhələsinin ikinci hissəsində çıxış edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti