Sığorta ilə 151 orqan transplantasiya olunub

 Sığorta ilə 151 orqan transplantasiya olunub
  22 Yanvar 2025    Oxunub:343
Keçən ilin 11 ayı ərzində icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 151 orqan transplantasiyası əməliyyatı icra olunub.
Bu barədə AzVision.az -a İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, bunlardan 50 %-ni böyrək, 46 %-ni qaraciyər, 4 %-ni isə sümük iliyi transplantasiyı əhatə edir.

Bundan başqa, ötən il icbari tibbi sığorta çərçivəsində 5.2 milyondan çox şəxs tibb müəssisələrinə 24,1 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 54%-i icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 84,4 milyon olub. Tibbi xidmətlərin 87 %-i ambulator, 13 %-i stasionar şəraitdə göstərilib.

Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri gəlir.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir.

Ötən il vətəndaşlara 331 min 984 göndəriş verilib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 188 min 195 əməliyyat və prosedurdan yararlanıb. Bu xidmətlərdən 3 min 55-i uşaqlara, 185 min 140-ı isə böyüklərə göstərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti