Azərbaycan və Ruanda XİN arasında siyasi məsləhətləşmələr keçirilib-FOTOLAR
Keçirilmiş görüşlər zamanı Ruanda Prezidenti Paul Kagamenin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı aparılmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2024-cü ilin dekabr ayında Ruandaya səfəri çərçivəsində Fondun dəstəyi ilə burada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edilib.
Müzakirələr zamanı ticarət, sərmayə, mədənçilik, neft-qaz, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub, qarşılıqlı maraq doğuran sahələrdə birgə işçi qruplarının yaradılması və qarşılıqlı biznes missiyalarının həyata keçirilməsinə razılıq ifadə olunub. Ruanda tərəfinin vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan "ASAN xidmət" konsepsiyası əsasında təsis edilməsinə göstərdiyi maraq yüksək qiymətləndirilib.
Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ilk iclası təşkil olunub.
Siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Siyasi məsləhətləşmələrin ikitərəfli əlaqələrin inkişafı və əlaqələndirilməsi baxımından vacib olduğu vurğulanaraq, onun iclaslarının mütəmadi əsasda təşkil edilməsi qərara alınıb.
Səfər zamanı Yalçın Rəfiyev Kiqali Soyqırımı Memorialını ziyarət edib, kütləvi qətliamın qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memoriala əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb.
Hökumət missiyasına Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZPROMO və Azərbaycan İnvestisiya Holdinqi nümayəndələri daxil olub.
AzVision.az
Teqlər: