Hakan Fidan Bakıda nələri müzakirə edib?

 Hakan Fidan Bakıda nələri müzakirə edib?
  18 Yanvar 2025    Oxunub:465
18 yanvar 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-dən AzVision.az -a verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib, Azərbaycan və Türkiyə ikitərəfli və çoxtərəfli gündəliyində duran aktual məsələlər, son regional inkişaflar fonunda fürsətlər və çağırışlar müzakirə olunub.

Görüşlər zamanı Azərbaycan-Türkiyə Prezidentlərinin liderliyi və gələcəyə baxışı sayəsində Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə münasibətlərinin geniş əhatə dairəsi, çox vektorlu xarakteri və zəngin məzmunundan məmnunluq ifadə olunub.

Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, hərbi-müdafiə, humanitar və digər istiqamətlər üzrə dövlət və hökumət qurumlarımız arasında əməkdaşlığın müsbət dinamikası qeyd olunub.

İkitərəfli müttəfiqliyimiz fonunda ölkələrimizin Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Özbəkistan kimi üçtərəfli, Azərbaycan-Türkiyə-Gürcüstan-Qazaxıstan dördtərəfli əməkdaşlıq formatları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib.

BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və D-8 kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Türkiyə tərəfdaşlığının həqiqi müttəfiqlik nümunəsi olduğu vurğulanıb.

Türk Dövlətləri Təşkilatında müxtəlif sahələr üzrə birgə təşəbbüslərin irəli sürülməsi, ali və yüksək səviyyədə toplantıların keçirilməsi, əhəmiyyətli qərarların qəbulu xüsusunda Azərbaycan və Türkiyənin bu təşkilata verdiyi əhəmiyyət və bu məqsədlə həyata keçirdiyi əməkdaşlıqdan danışılıb.

Azərbaycanın tamhüquqlu üzv kimi inkişaf etməkdə olan ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulması prosesində Türkiyənin Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Eyni zamanda, 2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29 beynəlxalq iqlim konfransında qardaş Türkiyənin dövlət başçısı səviyyəsində geniştərkibli və fəal iştirakı minnətdarlıqla xatırlanıb.

İqtisadiyyat, ticarət və investisiya ölçüləri üzrə Azərbaycan və Türkiyənin əlaqələrinin böyük məsafə qət etdiyi və nümunəvi xarakter daşıdığı ifadə olunub.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji və nəqliyyat-kommunikasiya layihələrinin Azərbaycan-Türkiyənin iqtisadi əməkdaşlığında aparıcı rol oynadığı bildirilib.

Bu kimi layihələrdən qaynaqlanaraq ikitərəfli ticarət və qarşılıqlı investisiyalarımızın müsbət dinamikasından bəhs olunub, azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı məmnunluqla xatırlanıb.

Mövcud iqtisadi tərəfdaşlığımızdan daha çox faydalanmaq və onun yeni hərəkətverici elementlərlə zənginləşdirmək xüsusunda həmfikirlik ifadə olunub. Nəqliyyat-logistika, kommunikasiya və eləcə də təmiz enerji resurslarının istehsalı, tranziti və ixracı istiqamətində həyata keçirilən birgə fəaliyyətlər və müvafiq layihələr barədə fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında humanitar, o cümlədən turizm, səhiyyə, təhsil, elm, mədəniyyət sahələrində təmaslar, mübadilələr və işbirliyinə toxunularaq, eyni millətə, eyni dilə və eyni dinə bağlı olan xalqlarımız arasındakı körpülərin dövlətlərarası münasibətlərimizi sarsılmaz və əbədi etdiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzərində aparılan danışıqların hazırkı mərhələsi barədə məlumat verib. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının qalmasının, həm iqtidar, həm də müxalifət qüvvələrində revanşizm əhval-ruhiyyəsinin hökm sürməsinin və bu ölkənin sürətlə silahlanmasının sülh prosesinin irəliyə aparılmasına zərbə vurduğunu diqqətə çatdırıb.

Suriyada baş verən son inkişaflar fonunda qardaş Türkiyənin müsbət rolundan bəhs olunub, Suriyadakı yenidənqurma fəaliyyətlərində ölkələrimizin müştərək iştirak imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər, media nümayəndələrinin suallarını cavablandırıblar.


Teqlər: Türkiyə  





Xəbər lenti