Yeni tikililərdə mənzillərin qiymətləri ucuzlaşacaqmı?

   Yeni tikililərdə mənzillərin qiymətləri ucuzlaşacaqmı?
  10 Yanvar 2025    Oxunub:308
“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır. Artıq bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşdi. Yeni qaydalara əsasən, tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir. Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə və faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir".
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Yeni dəyişlik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək:

"Belə ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri deyil, faktiki göstəricilər daxil ediləcək. Məsələn, mənzilin qiyməti 150 min manatdırsa, işin yerinə yetirilmə həcmi isə 90 min manat olubsa, o zaman 90 min manat gəlir bəyan ediləcək. Yəni, bəyan edilən gəlir əvvəllər olduğu kimi 150 min manat deyil, 90 min manat olacaq. Gəlir nə qədər çox olursa, ödənilən vergi məbləği də o qədər artır. Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Bu isə inşaat şirkətinin mənfəət üzrə vergi yükü azalmasına və bu da onun sərəncamında daha çox vəsaitin qalmasına imkan verəcək.

Yeni dəyişilik xüsusən də inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq. Bununla yanaşı, inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərdə də qiymətin azalmasına və eləcə də həmin mənzillərin daha optimal qiymətə təklif edilməsinə imkan yarada bilər. Çünki əvvəlki illərdən fərqli olaraq artıq bu ildən faktiki yerinə yetirilən iş nəzərə alınmaqla vergi hesablanacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: mənzil   qiymətlər  





Xəbər lenti