Vəkillər Kollegiyasının sədri Deontologiya Komitəsinin üzvləri ilə görüşüb

Vəkillər Kollegiyasının sədri Deontologiya Komitəsinin üzvləri ilə görüşüb
  10 Yanvar 2025    Oxunub:328
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə ARVK-nın Deontologiya Komitəsinin üzvləri ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayıb, yeni yaradılan Komitənin fəaliyyətini yüksək qiymətləndirib, üzvlərinə uğurlar arzulayıb.

Sədr Komitənin gələcəkdə görəcəyi işlərə toxunub, onların zəruriliyini vurğulayaraq “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin kommentariyasının hazırlanmasının və bu işdə Komitə ilə yanaşı Vəkillərin İntizam Komissiyasının üzvlərinin, eləcə də ARVK üzvü ola vəkillərin də iştirakının mümkünlüyünü qeyd edib. Bunun üçün qısa zamanda müvafiq elanların verilməsi, yerli və beynəlxalq təcrübənin öyrənilməsi və kommentariyanın mündəricatının hazırlanaraq Kollegiyanın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

Görüşdə Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev çıxış edərək Deontologiya Komitəsinin fəaliyyətinə uğurlar arzulayaraq, “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin kommentariyasının hazırlanmasının vacibliyini, bu işdə Vəkillərin İntizam Komissiyasının da dəstək göstərəcəyini qeyd edib.

Komitə sədri Paşa Səfərov çıxışında qəbula və Komitənin fəaliyyətində göstərilən diqqətə görə Kollegiya sədri Anar Bağırova təşəkkürünü bildirərək Deontologiyanın 2025-ci il üçün İş Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məsələsinin vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, İş Planına uyğun olaraq Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə 2025-ci ilin fevral-mart ayları ərzində Komitə üzvləri tərəfindən vəkillərə müxtəlif mövzularda təlimlərin keçirilməsi artıq müəyyən edilib. Belə ki, 15.02.2025-ci il tarixdə Komitə üzvü Elvin Əliyev “Vəkilin reklam qadağası və onun sərhədləri”, 22.02.2025-ci il tarixdə Komitə üzvü Vüsal Cəfərov “Vəkillər arasında etik münasibətlər”, 15.03.2025-ci il tarixdə Komitə üzvü Araz Nurməmmədov “Vəkilin peşə fəaliyyətini həyata keçirərkən qarşılaşdığı etik çətinliklər və onların aradan qaldırılması yolları”, 29.03.2025-ci il tarixdə Komitə üzvü Paşa Səfərov isə “Vəkil etikası və davranış qaydaları” mövzusunda hidrid qaydada təlimlər təşkil edəcəklər.

Bundan başqa, görüşdə Komitə tərəfindən “Vəkillərin davranış qaydalarına dair sənədlər toplusu” adlı material hazırlandığı, həmin materialda “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamə ilə yanaşı Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) Avropa vəkillərinin davranış Kodeksi, BMT-nin Vəkillərin roluna dair əsas Prinsiplər, Beynəlxalq Vəkillər Assosiasiyasının Beynəlxalq Etik Kodeksi və ARVK sədri Anar Bağırovun 31.10.2024-cü il tarixli icmal məktubundan çıxarışın öz əksini tapması diqqətə çatdırılıb.

Bildirilib ki, “Vəkillərin davranış qaydalarına dair sənədlər toplusu” adlı material vəkillər üçün, xüsusilə vəkil etikası və davranış qaydaları ilə bağlı maraqlanan vəkillər üçün əvəzsiz mənbədir. Bu, Komitə tərəfindən hazırlanması proqnozlaşdırılan bir çox layihənin ilki hesab edilir.

Həmçinin Paşa Səfərov qeyd edib ki, ədalət mühakiməsində səmərəliliyin artırılmasında hakim-vəkil arasında prosessual münasibətlərinin müsbət istiqamətdə inkişafı, o cümlədən etik və davranış münasibətlərinin müəyyən olunmuş qaydalar çərçivəsində göstərilməsi çox önəmlidir. Bu hallar həm ədalət mühakiməsinin, həm də vəkilliyin inkişafına təsir edəcək başlıca amillərdəndir. Məhz hazırkı vəziyyətdə hakim-vəkil münasibətlərinin etik və davranış qaydaları çərçivəsində davamlı olması üçün birgə İşçi Qrupunun yaradılması, bu sahədə mövcud yerli və beynəlxalq sənədlərin birgə təhlili, habelə bu istiqamətdə hakim və vəkil korpusu arasında mütəmadi görüşlərin təşkil olunması olduqca zəruridir. Bu zərurətlə bağlı müvafiq hərəkətlərin edilməsi üçün Komitə tərəfindən ARVK Rəyasət Heyətinə müraciət olunacağı vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti