Bayramda 252 yanğın olub, 10 nəfərin meyiti tapılıb
06 Yanvar 2025
Oxunub:759
Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 252 yanğına çıxış, 25 köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, hadisələr zamanı 3 nəfər xəsarət alıb, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.