`Gözəl xanımlar çox yerdə var` - Azər Qəribov
- Dünyanı görmək də, deyəsən, azərbaycanlıların bu məşhur deyimini dəyişmir...
- Hə, elədir.
- 79 ölkədə səyahətdə olmusunuz. Bu səyahətlər sizə hansı zövqü verir?
- Səyahətin zövqü səyahətin özündədir. Uşaqlıqdan səyahət etməyi xoşlamışam. İndi də xoşlayıram. Yeni insanlar, ölkələr, ənənələr, dəblər - bunların hamısı insana zövq verir, maraqlı gəlir. Avropa ölkələrində bir ab-hava var, Asiya ölkələrində ayrı cür... O fərqləri duymaq, görmək mənə həzz verir.
- Ailənizdə sizdən başqa bu işə bu qədər meyilli olan varmı?
- Bizim ailədə hamı - nəvəm, uşaqlarım, qardaşım, bacım - səyahət etməyi sevir.
- Nəvənizin neçə yaşı var ki?
- İnşallah, 3 yaşı olacaq. Səbirsizliklə gözləyirəm ki, bir az böyüsün, özümlə aparım.
- “Qərib Azər”, sonradan isə “Oralar” adlanan proqramınız axırıncı dəfə Mədəniyyət kanalında yayımlandı. Sonradan yayımı dayandırmağa səbəb nə oldu?
- Veriliş düz 10 il fəaliyyət göstərdi. 2003-cü ilin martından 2013-cü ilin martına qədər biz çəkilişlərimizə davam etdik, onu televiziyada yayımladıq. Düşünürəm ki, bir verilişin ömrü üçün kifayətdir. İndi yeni layihələr üzərində çalışmaq lazımdır. Yeni layihələr fikirləşməliyəm.
- Amma səyahətləriniz davam edir. Bu, o anlama gəlmirmi ki, forma dəyişsə də, məzmun dəyişməyəcək.
- Mənim hər bir işim səyahətlərlə bağlı olacaq.Sadəcə verilişi mən istədiyim formatda etmək üçün maddi imkan, sponsorlar yoxdur. Olduğu formatda isə mən istəmirəm. Bilirsiniz ki, tək gedirdim, özüm çəkirdim. Biletlərin alınmasından tutmuş, musiqisi, redaktə olunması, bir sözlə, hər şeyi mənim üzərimdə idi. Daha bu formatda işləmək istəmirəm. Xaricdə belə bir verlişin üzərində 12-dən çox adam işləyir. Mənim imkanım yoxdursa, ona görə səviyyəni aşağı sala bilmərəm. Tamaşaçıların rəğbətini qazanmışamsa, qoy elə xatirələrində yaxşı qalsın. Nə vaxt imkan olar digər formatda etməyə, onda yenidən qayıdaram.
- Müsahibələrinizdən birində demişdiniz ki, səyahətlər adamı daha da dözümlü, səbrli edir. Bu, nə ilə bağlıdır?
- Ola bilsin, həm səyahətlər edir, həm də insan yaşa dolduqca daha təmkinli olur. Deyə bilmərəm ki, mən yüz faiz təmkinliyəm, amma hər bir halda, keçmişə nəzər salıb, müqayisə edəndə görürəm ki, daha çox səbirliyəm.
- Hər səfəriniz nə qədər davam edir?
- Mən 10 gündən artıq xaricdə qalanda ev üçün darıxıram. Hərdən olur ki, iki- üç həftəlik səyahətlər olur, görürəm ki, əziyyət çəkirəm. Bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Ola bilsin ki, Bakıya, Azərbaycana çox bağlıyam.
- Amma həmişə də buranın tıxaclarından, yol qaydalarından şikayət edirsiniz...
- Bunlar olan şeylərdir də. Tənqid də etməliyik. Ancaq bu, o demək deyil ki, tənqid edəndə sevgimiz azalır.
- Paris şəhərindən küsdüyünüzü deyirdiniz. İndi barışmısınız?
- Bir az barışmışıq. Son bir neçə dəfə gedəndə gördüm ki, daha o kin qalmayıb məndə. Yumşalmışam.(gülür)
London haqqında deyirsiniz ki, o şəhəri hər dəfə yendən kəşf edirsiniz...
- Elədir. Şəhərlər var ki, doyursan. London mənim üçün elə bir şəhərdir ki, mən ondan doymuram. Yəni, demək olar ki, hər il ora gedirəm və hər dəfə də zövq alıram. İzah edə bilmərəm nəyə görə, amma Londondan doymuram. Olur da elə. Məhəbbəti necə izah edəsən.
- Gəzdiyiniz ölkələrin hansının təamlarının dadı hələ də ağzınızdadır?
- Ərəb ölkələri, İsrailin mətbəxini, Asiya ölkələrinin mətbəxinin bəzi xörəklərini sevirəm. Bir də ki, Şərqi Avropa - Çexiya, Macarıstan , Rumuniya, Ukrayna mətbəxini çox sevirəm.
- Bəs Yaponiya?
- Suşidir, saşimidir, onları yeyə bilərəm, amma dəlisi deyiləm, olmasa yadıma düşməz. Əgər bir yeməyin xarici görünüşü xoşuma gəlmirsə, mən heç onu dadmaram. Yeməyin xarici görünüşü, estetikası mənim üçün önəmlidir. Məsələn, Tailandda həşəratları qızardıb, tum kimi çırtlayırlar. Mən onu görəndə başa düşdüm ki, bunun dadına baxa bilmərəm.
Yaponiyada ilk addımımdan ölkəni tərk edənə kimi hər şey məni heyrətləndirdi. Onlar o qədər müasirdilər, inkişafları o qədər irəli gedib ki, hər cəmiyyətin işi deyil. Həm düşüncədə, həm bir- birlərinə münasibətdə, optimislikdə, texnologiyada. Çox nikbindirlər. Orada hər bir ağacın pasportu var. Ekologiyaya münasibət bir orada, bir də Sloveniyada məni heyrətləndirdi.
- Olubmu ki, hansısa ölkəyə gedəndə oranın mətbəxini qəbul edə bilməyib, ac qalasınız?
- Yox elə olmayıb. Mən heç vaxt ac qalmaram. Aclığa dözümüm yoxdur. Ona görə də yeməyə nəsə taparam.
- Həmişə öz xalqımız haqqında deyirik ki, dünyada ən hörmətcil, qonaqpərvər xalqıq. Dünyanı gəzmiş, görmüş bir insan kimi nə deyə bilərsiniz?..
- Tamamilə haqlı sözlərdir. Azərbaycanlılar həqiqətən də çox qonaqpərvərdilər. Bura gələn qonaqlar birinci elə bunu deyirlər. Bir-birimizə hərdən hörmətsiz olsaq da, qonaqlara qarşı səmimi, qonaqpərvərik, istəyirik yaxşı xüsusiyyətlərimizi göstərək.
- Bəs xaricilər?
- Avropa ilə müqayisədə Asiya tərəfdə insanlar daha səmimi, istiqanlıdırlar. Amma bütövlükdə dünyanın hər bir yerində qonağa hörmət var, sadəcə haradasa bir az bizdəki kimi qabarıqdır, haradasa bir az təmkinlidir. Asiya tərəfə getdikcə münasibətlər daha da istiləşir.
- Afrika ölkələrində olmusunuzmu?
- Afrikanın şimalında - Mərakeşdə, Tunisdə, Suriyada olmuşam. Amma cənubunda yox.
- Onda isti ilə aranız pis deyil...
- Mənim soyuqla aram yoxdur. İstiyə qarşı dözümüm var. Hindistanda 50 dərəcə istidə Dehlini gəzmişəm.
- Tac-Mahalda olmusunuz?
- Tac-Mahal dünyanın möcüzələr siyahısındadır. Ancaq onun ətrafında o qədər acınacaqlı mənzərə var ki, artıq o möcüzənin özünə gəlib çatana qədər qavramaq hisslərin azalır. Tac-Mahalın ətrafında dilənçilər və s. çox iyrənc mənzərə yaradırlar. Qahirədəki Heops piramidasının yanında isə polis də gəlib bəxşiş istəyir, o dərəcədə dilənçidirlər. Bir də ki, orada antisanitariya çoxdur.
Hindistanda küçədə heç kim yemək yemir. Kasıb insanlar üçün küçədə yemək bişirir, əlləri ilə götürüb plastik qaba qoyurdular. Mənə dedilər ki, sən qətiyyən bunu yemə, zəhərlənərsən. Amma mən yeyirdim.
- Heç nə olmadı?
- (gülür) Gördüyünüz kimi, yaşayıram.
- Səyahətlər zamanı təhlükəli, ekstremal hadisələrlə qarşılaşmısnız?
- İki-üç il bundan öncə Əfqanıstanda olmuşam. Orada ekstremal o idi ki, bizi şəhərə çıxmağa buraxmırdılar. Hara gedirdiksə, silahlı insanlar, “BTR”-lər müşayiət edirdilər.
Mən Şərqşünaslıq fakültəsində fars dili üzrə təhsil almışam. Bu dil əfqanların dililə demək olar ki, eynidir. Biz oxuyanda elə oldu ki, kurs yoldaşlarımın hamısı Əfqanıstana gedib bir il işlədilər.Mən ailə səbəblərimə görə gedə bilmədim. Azərbaycandan Əfqanıstana nümayəndə heyəti gedəndə xahiş etdim ki, məni də o heyətə salsınlar. Getdim orada bizim əsgərlərlə də tanış oldum. Gedib onlara dəymək mənə maraqlı idi. Həm də mən 5 il bu ölkənin dilini öyrənmişəm, istəyirdim gedim görüm.
Orada insanların səmimiliyini, qonaqpərvərliyini, çətin güzəranını ürək yanğısı ilə görürdüm. Təəssüratlarım çox müsbət olmasa da, mən oradan müsbət enerji ilə qayıtdım. Ona görə ki, görürdüm insanlar necə pis şəraitdə yaşayırlar, amma nikbinliklərin itirməyiblər. Bizdə hərdən görürsən ki,birinin hər şeyi var, amma bütün günü deyinir, narazıdır. Amma orada insanlar daha nikbindirlər, “həyatdır da , bizimki də belə gətirib. Gedib başımızı daşa vurmalı deyilik ki” deyimini qəbul edirlər.
- Televiziyada bir dəfə müğənni Lalə Məmmədova ilə duet oxumuşdunuz. Bəs səfərlərdə olanda Azərbaycanın hansı nəğməsini özünüz üçün zümzümə edirsiniz?
- Hərdən oxuyuram. Azərbaycanın məşhur xalq mahnılarını, Tofiq Quliyevin və digər bəstəkarların mahnılarını oxuyuram və ya dinləyirəm. Bu? planlaşdırılan bir şey deyil də. Həmin an ağlına hansı gəlsə, onu da zümzümə edirsən.
- Xaricilərin yoldaşlığı, dostluğu necədir?
- Normaldır. Əgər sən hər bir millətin xüsusiyyətlərini bilirsənsə, o zaman yoldaşlıq da rahat olur. Çünki müəyyən qaydalar var, bazar günü, axşam 8-dən sonra onların evinə zəng etməyəsən, iş yerinə və ya onların evinə zəngsiz gəlmirsənsə, normaldır. Hər bir yerin öz adəti var. Onları qoruyub saxlayırsansa, problem olmur.
- Olubmu ki, hansısa bir yerə gedəndə özünüz də bilmədiyiniz qaydanı pozasınız?
- Mən özümü kifayət qədər tərbiyəli və etika gözləyən insan hesab edirəm. Ona görə də belə hallara düşməmişəm. İnsanlarla münasibətdə müəyyən pərdəni gözləmək lazımdır. Düşünürəm ki, mən onu bacarıram. Avropa ölkələri özləri də o qaydalara riayət edirlər. Başqalarından da bunu tələb edirlər. Bu, yazılmış qanunlardır. Biri də, yazılmamış qanunlar var. Onları da güdmək lazımdır. Güdmürsənsə, sənə qarşı münasibət də müvafiq olacaq.
- Həmişə deyirik ki, dünyanın ən qəşəng qızları Azərbaycandadır. Dünyanı gəzmiş-görmüş adam kimi nə deyə bilərsiniz?
- Bunu deyirik, mən də deyirəm... Amma demək olmaz ki, dünyanın gözəl xanımları yalnız Azərbaycandadır. Gözəl xanımlar çox yerdə var. Şərqi Avropada - Çexiyada, Ukraynada, Ruminiyada, Rusiyada, ərəb ölkələrində gözəl xanımlar çoxdur. Hər bir millətin gözəl xanımları var.
- Xatirələrinizi, ölkələrlə bağlı qeydlərinizi kitaba almaq istəmirsiniz?
- Səyahət mövzusunda deyə biləcəklərim az deyil və kiməsə yəqin ki, maraqlı ola bilər. Amma bu, belə olmamalıdır ki, mən istəyirəm, gedirəm, yazıram, tapıram, çap etdirirəm. Dünyada belədir ki, nəşriyyat özü qərar verir ki, hansı müəlliflər oxucular üçün maraqlı ola bilər. Özü təklif irəli sürür ki, yazın, biz onu dərc edərik. Yol göstərirlər, şərait yaradırlar ki, insan yazsın. Bəlkə də təqaüdə çıxanda yazaram.
Şahanə RƏHİMLİ