Baydendən növbəti əfv qərarı

Baydendən növbəti    əfv    qərarı
  23 Dekabr 2024    Oxunub:307
ABŞ prezidenti Co Bayden edam cəzasına məhkum edilmiş 40 nəfərdən 37-nin cəzasını yüngülləşdirib. O, həmin şəxslər üçün ölüm cəzasını şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbslə əvəz edib.
AzVision.az açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, əfv barədə insan hüquqları müdafiəçiləri xahiş ediblər. Bayden bildirib ki, o, gələcək prezident Donald Trampın yeni administrasiyasına “edamları bərpa etməyə” icazə verə bilməz.

“2013-cü ildə Boston marafonunu partlatmaqda təqsirləndirilən Cohar Tsarnayev, 2015-ci ildə Çarlston kilsəsində doqquz afroamerikalını öldürməkdə təqsirli bilinən Dilan Ruf və 2018-ci ildə Pittsburq sinaqoqunda baş verən atışmaya görə ölüm cəzasına məhkum edilmiş Robert Bauer barədə ölüm cəzaları qüvvədə saxlanılıb”, - Assoсiated Press nəşri yazıb.

Ağ Evin rəsmi saytında isə ölüm hökmündən qurtulan 37 nəfərin siyahısı dərc olunub.
Qeyd edək ki, 2021-ci ildə ABŞ-nin Ədliyyə nazirliyi bu məsələ ilə bağlı siyasətə yenidən baxılması üçün federal səviyyədə ölüm cəzasına moratorium tətbiq edib. Prezident Co Bayden bu qərarı dəstəkləsə də, ölkənin bəzi əyalət yursidiksiyasında ölüm cəzası hələ də gündəmdə qalır.

Bir müddət əvvəl, Amerika mediasının yazdığına görə, bir qrup keçmiş məmur və hüquq müdafiəçisi Donald Tramp hakimiyyətə gələnə qədər Co Baydeni edam cəzasına məhkum edilmiş bütün şəxslərin cəzalarını yüngülləşdirməyə çağırıb. Çünki gələcək prezident xüsusilə, federal moratoriumun ləğvi vədini verib.

Co Baydendən misilsiz "əfv səxavəti"
Xatırladaq ki, dekabrın 12-də Co Bayden qeyri-zorakı cinayətlərdə ittiham olunan 39 məhkumu əfv etdi, həmçinin COVID-19 pandemiyası zamanı ev dustaqlığına buraxılan 1500 nəfərin cəzasını yüngülləşdirdi. Ağ Ev bunu müasir ABŞ tarixində ən böyük əfv adlandırıb. Bundan daha əvvəl isə, ABŞ prezidenti iki cinayətdə öz günahını etiraf edən oğlu Hanter Baydenin əfvi barədə sərəncam imzaladı ki, bu qərar da Tramp və onun komandası tərəfindən sərt tənqidlə üzləşdi.

Sahil İsgəndərov


Teqlər:   Bayden   əfv  





Xəbər lenti