Suriyada qanlı döyüşlər yaşanır

   Suriyada qanlı döyüşlər yaşanır
  23 Dekabr 2024    Oxunub:364
Suriyanın Mənbic şəhəri yaxınlığında kürd üsyançılarının “Suriya Demokratik Qüvvələri (SDQ” ilə Türkiyəyönlü Suriya Milli Ordusu arasında şiddətli toqquşmalar baş verib.
AzVision.az sosial şəbəkələrdə yayımlanan məlumatlara istinadən xəbər verir ki, ehtimallara görə, Əl-Kəşl kəndi kürd yaraqlılarının nəzarətinə keçib. Kəsəd kəndi uğrunda isə döyüşlər gedir.

Xatırladaq ki, bir neçə gün əvvəl iki böyük şəhər - ölkənin şimalında Mənbic və Suriyanın şərqində Deyr əz-Zor şəhərlərini Suriya Milli Ordusu öz nəzarəti altına almışdı.
Maraqlıdır ki, bu döyüşlər ərəfəsində ABŞ-nin gələcək prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uolts amerikalı əsgərlərin Suriyada olmasının əleyhinə çıxıb.

“Prezident Tramp tamamilə haqlıdır. Ona seçicilərin səslərinin böyük əksəriyyətini qazandıran mandat belə idi: “Bizi Yaxın Şərq müharibələrinə sürükləməyin”. Biz heç bir keyfiyyətdə, formada, və ya şəkildə ABŞ qoşunlarının Suriya ərazisində ora-bura qaçmasını istəmirik”, - Uolts jurnalist Ben Şapiroya müsahibəsində deyib.

Bununla belə, Uolts bildirib ki, Birləşmiş Ştatlar regiondakı vəziyyəti “yaxından izləməyə” davam etməlidir. Qeyd edək ki, ABŞ-nin Suriyadakı (əsasən ölkənin şimalında) ondan çox hərbi bazasında 2 minə yaxın əsgər var. SDQ tərəfindən ələ keçirilən neft bölgələrində öz mövcudluqlarını varlığını qoruyub saxlayan amerikalılar üsyançı kürdləri maliyyə resursları və silahla təchiz edirlər.

Onlar Donald Trampın Ağ Evə qayıtması ilə ABŞ-nin dəstəyini itirəcəklərindən qorxurlar. Eyni zamanda, Trampın özü noyabrın əvvəlində bəyan edib ki, Vaşinqtonun əsas məqsədi, heç də kürdlərə dəsətək vermək yox, Suriya neftinə nəzarəti saxlamaqdır. Bu baxımdan, Mayk Uoltsun bəyanatı SDQ-nin ovqatına doğranan soğan effektini verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   SMO   SDQ   döyüşlər  





Xəbər lenti