Ağ Ev Ukraynada sülh prosesində Çinin iştirakı ideyasını dəstəkləyib

Ağ Ev Ukraynada sülh prosesində Çinin iştirakı ideyasını dəstəkləyib
  18 Dekabr 2024    Oxunub:288
Amerika Birləşmiş Ştatlarının prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün Çini danışıqlara cəlb etməyi təklif etməsini məntiqli hesab etdiyini bildirib.
AzVision.az xəbər verir ki, Çinə qarşı sərt mövqeyi ilə tanınan Sallivan, özünün də bu fikirdə olduğunu deyib:

"Çinin Ukraynada ədalətli sülhün təmin edilməsi üçün danışıqlara cəlb edilməsi ideyası ağılsız deyil. Mən də bu barədə düşünmüşəm. Çin, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və dünya səhnəsində mühüm rol oynayır".

Sallivan, Nyu Yorkdakı 92NY mədəniyyət mərkəzindəki çıxışında, Çin, Avropa ölkələri və Ukrayna nümayəndələri ilə Pekinin münaqişənin həllindəki potensial rolunu müzakirə etdiklərini açıqlayıb. Lakin o, Vaşinqtonun Pekinin Avropa məsələlərində "əsas vasitəçi" rolunu oynamasını istəmədiyini də vurğulayıb.

Trampın Ukrayna münaqişəsinə son qoyulması üçün atəşkəsin bərpa edilməsi və danışıqlara başlanması ehtiyacını bir neçə dəfə dilə gətirdiyini qeyd etmək lazımdır. Tramp həmçinin, danışıqlar prosesində Çinin də kömək edə biləcəyini bildirmişdi və bu yanaşmanın Ukrayna böhranını "daha böyük və daha pis bir prosesə" çevrilməsinin qarşısını ala biləcəyini vurğulamışdı.

Çinin Xarici İşlər naziri Van İ isə, Pekinin Ukrayna münaqişəsi ilə bağlı hər zaman obyektiv mövqe sərgilədiyini və münaqişənin siyasi həllində konstruktiv rolunu davam etdirəcəyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Sallivan   Pekin   Ukrayna  





Xəbər lenti