Nüvə dövlətlərinin qapalı görüşü keçirilib

   Nüvə dövlətlərinin qapalı görüşü keçirilib
  12 Dekabr 2024    Oxunub:754
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Rusiyanın da iştirakı ilə dünyanın 5 nüvə dövlətinin (BMT-nin Nizamnaməsinə əsasən rəsmi qaydada bu silaha malik olan Rusiya, ÇİN, ABŞ, Böyük Britaniya, Fransa) nümayəndələrinin görüşü baş tutub.
AzVision.az xəbər verir ki, hazırda “Nüvə beşliyi” formatına sədrlik edən Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər nazirliyinin bəyanatına istinad edən Rusiyanın “Kommersant” nəşri belə məlumat yayıb.

“Görüş hələ dekabrın 4-də BƏƏ-də baş tutub, lakin Çinin Xarici İşlər nazirliyi bunu yalnız iki gün əvvəl açıqlayıb. Bu gecikmə yekun kommünike üzrə danışıqların uzun sürməsi ilə bağlıdır”, - qəzetdə dərc olunan materialda deyilir.

Çinin Xarici İşlər nazirliyi görüşdə “ekspert səviyyəli” rəsmilərin iştirak etdiyini bildirib. Beş ölkənin nümayəndələri nüvə doktrinalarına dair açıq müzakirələr aparıblar. Bir-birinin nüvə doktrinalarını daha dərindən dərk etmək, anlaşılmazlıq və yanlış hesablamalara yol verməmək üçün belə müzakirələrin vaxtlı-vaxtında aparılması qərara alınıb.

Qeyd edək ki, 2009-cu ildə Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan “Nüvə beşliyi” tərəflərin beynəlxalq təhlükəsizlik məsələlərini mütəmadi şəkildə bağlı qapılar arxasında müzakirə etdikləri yeganə platformadır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Nüvə   beşlik   görüş  





Xəbər lenti