Suriyanın yeni hakimiyyəti Rusiyanın hərbi bazaları barədə hansı qərarı verəcək?

   Suriyanın yeni hakimiyyəti Rusiyanın    hərbi bazaları    barədə hansı qərarı verəcək?
  11 Dekabr 2024    Oxunub:397
Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın bu ölkədəki hərbi bazaları məsələsində Suriya xalqının faydası və mənafeləri baxımından qərar çıxaracaq.
AzVision.az xəbər verir ki, tanınmış suriyalı siyasətçi, Cenevrə və Astanada Suriya üzrə danışıqlarda müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş Rusiyanın “TASS” agentliyinə şərhində belə deyib.

“Hərbi bazalara gəlincə, bu, Suriya dövlətinin suveren qərarıdır. Bu məsələ mütləq Suriya xalqının mənfəətləri və maraqları, eləcə də Rusiyanın maraqları baxımından nəzərdən keçiriləcək”, - Məhəmməd Alluş vurğulayıb.

Dekabrın 9-da bəzi media qurumları Suriya silahlı müxalifətinin Rusiya hərbi bazalarının yerləşdiyi Suriyanın Latakiya əyalətinə tam nəzarət etdiyi barədə xəbər yaydılar.
Vilayətdəki mənbənin məlumatına görə, müxalifət Suriya prezidenti Bəşər Əsədin devrilməsini elan edən zaman silahlı qruplar Tartus və Cebla ərazilərinə daxil olub. Lakin müxalifət nümayəndələrinin Rusiyanın Tartus və Xmeymimdəki bazalarına müdaxilə etmədikləri bildirilib.

Rusiya Suriyada hərbi iştirakını saxlamağa çalışır
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verdiyi açqılamada Moskvanın Suriyadakı Rusiya hərbi bazalarının təhlükəsizliyini təmin etməyə çalışdığını vurğulamışdı. Onun sözlərinə görə, bunun üçün lazımi əlaqələr qurulur və hərbçiləriz özləri də bütün lazımi tədbirləri görür.

Xatırladaq ki, Rusiyanın Suriyada iki hərbi obyekti var - Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartusdakı logistika mərkəzi və Latakiyadan təxminən 20 km cənub-şərqdə yerləşən Xmeymim Aerokosmik Qüvvələri bazası.

Tartusdakı baza SSRİ dövründə 1971-ci ildə ikitərəfli razılaşma əsasında təsis olunub. Rusiya Aerokosmik Qüvvələrinin Xmeymimdəki aviasiya qrupu isə 2015-ci il sentyabrın 30-da İŞİD terror təşkilatı ilə mübarizədə Suriya ordusuna dəstək məqsədilə hərbi əməliyyat keçirmək üçün yaradılıb.

Bilavasitə Vaşinqtonun siyasi protektoratlığı altında formalaşdırılacaq Suriyanın yeni hakimiyyət orqanlarının Rusiyanın hərbi bazalarının bu ölkədə iştirakına xitam verilməsi barədə qərar çıxaracağı şübhə doğurmur. Bu isə nəinki Moskvanın Yaxın Şərqdə mövqelərinin zəifləməsi, habelə Rusiyanın Aralıq dənizində mövcudluğuna son qoyulması deməkdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Suriya   bazalar  





Xəbər lenti