Gürcüstanda etiraz aksiyaları 13 gündür davam edir

   Gürcüstanda etiraz aksiyaları 13 gündür davam edir
  11 Dekabr 2024    Oxunub:439
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına üzvlük danışıqlarını 4 il müddətinə dayandırdığını elan etməsindən sonra başlayan etiraz aksiyaları 13 gündür davam edir.
Batumidə davam edən etirazlarla yanaşı, minlərlə etirazçı gecə saatlarında yenidən Tbilisiyə toplaşaraq hökumətin qərarından narazılıqlarını ifadə ediblər. Nümayişçilər Tbilisidə keçirilən etiraz aksiyaları zamanı saxlanılanların da azad edilməsini tələb ediblər. Etirazçılar əvvəlki günlərdə olduğu kimi, gecə yarısından sonra dağılışmağa başlayıblar.

Gürcüstanın ombudsmanı Levan İoseliani bildirib ki, o, etiraz aksiyaları zamanı saxlanılan şəxslərə baş çəkməkdə davam edir. Qeyd olunub ki, ombudsman 327 nəfərlə görüşüb, onlardan 225-i onlara qarşı pis rəftar edildiyini bildirib. Ombudsmanın sözlərinə görə, daha 157 məhbusun üzərində bədən xəsarətləri aşkar edilib.

Gürcünün arzuları | Vüsal Məmmədovun yazısı
Ötən gecə mətbuat konfransı keçirən Gürcüstan prezidenti Salome Zurabişvili polisi nümayişçilərə qarşı zorakılıq və təzyiq göstərməkdə ittiham edib.

Noyabrın 28-də Kobaxidze bildirib ki, bəzi avropalı siyasətçilər Gürcüstanın daxili işlərinə qarışır və Tbilisini qrantlarla şantaj edirlər. "Bütün bunları nəzərə alaraq, biz 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqlara başlamaq məsələsini müzakirəyə çıxarmamaq qərarına gəldik", - Gürcüstan hökumətinin başçısı deyib.

Ölkənin yerli mətbuatı yazır ki, hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarından sonra Gürcüstanın ABŞ, Hollandiya, Litva, Bolqarıstan və Cənubi Koreyadakı səfirləri tutduqları vəzifələrdən istefa veriblər.

ABŞ Dövlət Departamenti Avropa İttifaqı ilə danışıqları dayandıran Gürcüstanla strateji əlaqələrin dayandırıldığını açıqlayıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Gürcüstan  





Xəbər lenti