Rusiyanın “nəhəng geosiyasi məğlubiyyəti”

   Rusiyanın    “nəhəng geosiyasi məğlubiyyəti”
  10 Dekabr 2024    Oxunub:619
Kremlin Yaxın Şərqdəki ən böyük müttəfiqi olan Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiyanın dövlət mediası Ukraynadakı müharibənin prioritet olduğunu bildirərək, Suriyadakı hadisənin Moskva üçün əhəmiyyətini azaltmağa çalışıb.
AzVision.az xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, eyni zamanda, bütün Kreml tərəfdarları bu nöqteyi-nəzəri qəbul etməyiblər və bəziləri artıq baş verənləri “Rusiya üçün böyük geosiyasi məğlubiyyət” adlandırırlar.

Analitiklərin fikrincə, Putinin Ukraynadakı müharibəyə aludəliyi Rusiyanın digər ölkələrdə baş verən hadisələrə təsir imkanlarının azalmasına, o cümlədən Kremlin Suriyadakı hərbi-strateji imkanlarının zəifləməsinə səbəb olub.

“Sovet dövründən Rusiyanın Suriyada iştirakı var. Putin isə iki həftə ərzində hər şeyi məhv etdi. Nəyin naminə? Ukraynada daha bir kəndi tutmaq üçün?”, - moskvalı jurnalistlərdən biri sual edib.

Moskvadakı “Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzi”nin rəhbəri Ruslan Puxovun sözlərinə görə, Moskva hazırda keçmiş Sovet İttifaqının hüdudlarından kənara effektiv şəkildə güc vasitəsi ilə müdaxilə üçün kifayət qədər hərbi qüdrətə, resurslara, təsirə və səlahiyyətə malik deyil.

- Dünya səhnəsində gücünüz və imkanlarınız haqqında blef edə bilərsiniz, lakin öz blefinizə özünüzüb inanmanıza başlamamaq vacibdir”, - ekspert vurğulayıb.

Eyni zamanda, “The Times” yazır ki, Suriyanın Putin üçün bir cəhətdən də vacib olduğu variant mövcuddur. Bu, ona Qərbə meydan oxumağa və yeni silahları sınaqdan keçirməyə imkan verdi ki, indi də Ukraynada bunu daha geniş miqyasda həyata keçirə bilər. Suriyadan qoşunlarını tamamilə çıxaracağı təqdirdə Rusiyanın onları yenidən Donbassdakı döyüş meydanlarına yerləşdirəcəyi ilə bağlı narahatlıqlar da var.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: Rusiya   Suriya   məğlubiyyət  





Xəbər lenti