İsrail suriyalılara xəbərdarlıq etdi : "Evlərinizdən çıxmayın!"

      İsrail suriyalılara xəbərdarlıq etdi   : "Evlərinizdən çıxmayın!"
  08 Dekabr 2024    Oxunub:1246
İsrail ordusu Suriyanın cənubundakı beş şəhərin sakinlərinə xəbərdarlıq edərək, onları növbəti xəbərdarlığa qədər evlərini tərk etməməyə çağırıb.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, söhbət Qolan yüksəkliyi və ətraf ərazilərdən gedir. Bu ərazilər 1967-ci ilə qədər Suriyanın tərkibində olub. 1981-ci ildə İsrail 6 günlük müharibə ilə həmin əraziləri özünə ilhaq edib. Bu ilhaq beynəlxalq səviyyədə tanınmayıb və Suriya həmin ərazilərin geri qaytarılmasını tələb edir. Bu gün Əsəd rejiminin devrilməsindən sonra müxalif qüvvələr bu məsələni yenidən gündəmə gətirib və sözügedən əraziləri "İsrail işğalından azad edəcəkləri" ilə bağlı bəyanatlar səsləndiriblər.

Bunun ardınca İsrail hərbçiləri Qolan təpələrinin bufer zonasını ələ keçirmək barədə tapşırıq alıblar. Bununla bağlı ilk açıqlamanı İsrailin müdafiə naziri İsrael Katz verib. Suriya sərhədindən televiziya ilə çıxışında Katz bildirib ki, İsrail ordusunun Suriya ilə birlikdə BMT-nin nəzarətində olan bufer zonasında qüvvələrini yerləşdirməsi qərarının Qolan təpələrindəki bütün icmaların qorunmasını təmin etmək üçün alındığını bildirib.

Bu arada sözügedən qərarı verən İsrailin baş naziri Benyamin Netanyahu öz növbəsində İsrailin təhlükəsizliyini təmin etmək üçün orduya bufer zonada olan əraziləri ələ keçirməyi əmr etdiyini bildirib və deyib: “Biz heç bir düşmən qüvvənin sərhədimizdə yerləşməsinə imkan verməyəcəyik”.

Netanyahu Suriyada Bəşər Əsədin devrilməsini İsrailin "Əsəd tərəfdarları olan İran və Livanda" Hizbullaha vurduğu zərbələrdən sonra gerçəkləşən “tarixi gün” adlandırıb.



"Bu, Yaxın Şərq üçün tarixi bir gündür. Əsəd rejiminin, Dəməşqdəki tiranlığın süqutu böyük imkanlar yaratmaqla yanaşı, həm də ciddi təhlükələrlə doludur. Suriya ilə sərhədimizdən kənarda yaşayanların hamısına: druzlara, kürdlərə, xristianlara və İsraillə sülh içində yaşamaq istəyən müsəlmanlara sülh əli uzadırıq" -, Benyamin Netanyahu deyib.


İsrail Qolan Təpələrində Suriya ilə atəşkəs xətti boyunca sədd çəkir. 08.12.2024
Səbinə Həsənova
AzVision.az





Teqlər:





Xəbər lenti