Die Welt: “Putin Aİ-yə qarşı fəal hücumlar təşkil edir”

      Die Welt:    “Putin Aİ-yə qarşı fəal hücumlar təşkil edir”
  18 Noyabr 2024    Oxunub:551
Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini Rusiyadan gələn təhdidlərə daha ciddi yanaşmağa məcbur edən hibrid üsullar vasitəsil ilə Aİ-dəki proseslərə fəal təsir göstərməyə çalışır.
AzVision.az xəbər verir ki, Qərb ölkələrinin kəşfiyyat xidmətlərindəki mənbələrə istinad edən Almaniyanın “Die Welt” nəşri belə məlumat yayıb. Həmsöhbətlər jurnalistlərə bildiriblər ki, onların hesablamalarına görə, Rusiya lideri Avropa ölkələrinə təzyiqləri azaltmağı planlaşdırmır, əksinə öz təsirini artırmağa çalışır. Təkcə Baltikyanı ölkələr deyil, Almaniya və Avropa İttifaqının (Aİ) bir sıra aparıcı dövlətləri də risk altındadır.

“Qərb kəşfiyyatı göstərir ki, Rusiya tərəfi kiberhücumlar, casusluq, dezinformasiyanın yayılması və təxribat aktları da daxil olmaqla “hibrid üsulları” fəal şəkildə tətbiq edir. Həmçinin, Rusiya xüsusi xidmət orqanları müxtəlif Avropa ölkələrinin siyasi dairələri arasında fəaldır. Almaniya artıq belə hərəkətləri hiss etməyə başlayıb. Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal Xidmət (BfV) Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda dövlət işçilərindən tutmuş keçmiş və ya indiki hərbi qulluqçulara qədər şübhəli şəxslərin həbslərinin sayının artdığını qeyd edir”, - nəşr yazır.

Bir neçə gün əvvəl vəzifəsini tərk edən BfV-nin keçmiş rəhbəri Tomas Haldenvanq jurnalistlərə açıqlamasında onun idarəsinin bir müddətdir ki, Rusiya xüsusi xidmət orqanlarının aqressiv hərəkətlərini müşahidə etdiyini bildirib.

Jurnalistlər Moskvanın bu cür hərəkətlərinin Qərb ölkələrinin xüsusi xidmət orqanlarının ciddi narahatlığına səbəb olduğunu vurğulayırlar. Məhz buna görə də, xüsusi xidmət orqanları birbaşa təhdidlərə qarşı fəal şəkildə mübarizə aparır və Rusiyanın Avropa ölkələrindəki proseslərə təsirini azaltmağa çalışırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin     müdaxilə  





Xəbər lenti