Qərb BRİCS-in maliyyə sistemi yaratmasına mane olmağa çalışır

   Qərb BRİCS-in    maliyyə sistemi    yaratmasına mane olmağa çalışır
  13 Noyabr 2024    Oxunub:565
Qərbdə BRİKS-in maliyyə sisteminin Amerika dollarına əsaslanan hazırkı reallığa yaxşı alternativ ola biləcəyi ilə bağlı narahatlıq artır.
AzVision.az xəbər verir ki, BRİCS-in maliyyə sisteminin yaradılması üçün hələ çox iş görülməli olmasına baxmayaraq, iqtisadçı-ekspert Mişel Ryuimi “Atlantico” nəşrinə müsahibəsində buna qarşı Qərbin konkret hansı tədbirləri görməsinə dair artıq məsləhətlər verib. Onun fikrincə, ABŞ dollarına söykənən mövcud qlobal maliyyə sistemini qoruyub-saxlamaq üçün kollektiv Qərbin arsenalında bir neçə alət var.

Əvvəla, onların təsir imkanları. Beynəlxalq ticarətdə ABŞ dollarının üstünlüyünü saxlamaq üçün onlar diplomatik yolla bazar iştirakçılarını öz əməliyyatlarında dollardan istifadə etmək siyasətinə sadiq qalmağa inandıra bilərdilər. İqtisadi müstəvidə Qərb ölkələri öz avtoritetlərindən çirkli pulların yuyulmasına qarşı mübarizə və maliyyə şəffaflığı kimi həssas sahələrdə beynəlxalq standartları inkişaf etdirmək üçün də yararlana bilərlər. Bu, BRİKS ölkələrinin sözügedən standartlara əməl etmək barədə alternativ təkliflərin cəlbediciliyini azalda bilər.

İkinci alət rolunu islahatlar oynaya bilər. İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarını daha yaxşı ödəmək üçün Beynəlxalq Valyut Fondunun (BVF) və Dünya Bankının (DB) maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi mümkündür. Bu isə, həmin ölkələrin BRİCS-in təsis etdiyi Yeni İnkişaf Bankı kimi alternativlər axtarmağa marağını zəiflədəcək.

Üçüncüsü, daha sərt tənzimləmə tətbiq etmək olar. Qərb dövlətlərinin BRİKS ölkələri kimi müəyyən oyunçuların SWIFT də daxil olmaqla qlobal maliyyə kanallarına çıxışını məhdudlaşdırması, həmçinin İran və Rusiya kimi ölkələrə qarşı məqsədyönlü iqtisadi sanksiyalar tətbiq etməsi mümkündür.

Dördüncüsü, kollektiv Qərb, həmçinin bəzən ənənəvi maliyyə mexanizmlərindən yan keçməyin bir yolu kimi qiymətləndirilən kriptovalyutaların tənzimlənməsini sərtləşdirə və onların dollara alternativ kimi istifadəsini məhdudlaşdıra bilər.

Mişel Ruiminin fikrincə, üzləşdiyi bütün təhdidlərə effektiv cavab vermək üçün Qərb çox güman ki, dəyişən qlobal dinamikaya uyğunlaşdırılmış çoxsaylı strategiyalar arasında tarazlıq tapmalı olacaq. Çünki Qərblə inkişaf etməkdə olan ölkələr arasında geosiyasi gərginliyin güclənməsi ehtimalı fonunda əsas diqqət qlobal maliyyə sisteminin yenidən təşkili məsələsinə yönələcək. Qərb isə öz mövqelərini asanlıqla əldən vermək niyyətində deyil.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Qərb   BRİCS   maliyyə   alternativ  





Xəbər lenti