COP29 I Şagirdlərin iqlim savadlılığı müzakirə ediləcək
“Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda keçiriləcək paneldə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) vasitəsilə məktəblilərin iqlim savadlılığının ölçülməsinə dair Elm və Təhsil Nazirliyinin irəli sürdüyü təşəbbüs müzakirə ediləcək. Belə ki, Elm və Təhsil Nazirliyi İƏİT ilə birgə 2029-cu ildə həyata keçiriləcək növbəti PISA üçün iqlim savadlılığına dair səriştəəsaslı ölçmə və qiymətləndirmə çərçivəsinin hazırlanması təşəbbüsünü irəli sürüb.
“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda keçiriləcək paneldə isə Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edəcək. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirəcək.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının məhz Azərbaycanda keçirilən sessiyasının (COP29) gündəliyində təhsilə xüsusi yer ayrılıb. Belə ki, müzakirə mövzularından biri olan PISA qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək.
AzVision.az
Teqlər: COP29