Donald Tramp qalib gəldi: geosiyasi müstəvidə nələr dəyişəcək?

   Donald Tramp qalib gəldi:    geosiyasi müstəvidə nələr dəyişəcək?
  08 Noyabr 2024    Oxunub:753
Xəbər verdiyimiz kimi, Respublikaçılar Partiyasının namizədi Donald Tramp ikinci dəfə ABŞ Prezidenti seçilib. Trampın rəsmi şəkildə Ağ Evə qayıtması təsdiqlənərə, o, ikinci dəfə (ardıcıl olmadan) prezident seçilən ikinci şəxs kimi ABŞ tarixinə düşəcək.
Maraqlıdır, Donald Trampın hakimiyyətə gəlməsindən sonra geosiyasi müstəvidə nələr dəyişəcək?

Mövzu ilə bağlı AzVision.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Donald Trampın ABŞ prezidenti olduğu dövrdə izlədiyi xəttə və seçkiöncəsi verdiyi bəyanatlara, o cümlədən, respublikaçıların siyasi yanaşmalarına istinadən müəyyən təxminlər irəli sürmək mümkündür:

"Ukrayna müharibəsində Rusiyanın mövqeyi güclənə, Kiyev “güzəştli sülhə” məcbur edilə bilər. Respublikaçıların əvvəldən dəstəklədiyi xətt ABŞ-ın Ukraynaya yardımı azaltmasıdır və bu, cəbhədə onsuz da çətin vəziyyətdə olan Kiyev üçün riskli perspektiv vəd edir. Təslim olmayan Zelenskinin dəyişdirilməsi ssenarisi də gündəmə gələ bilər, hərçənd, prosesin döyüş meydanından masaya keçməsi yaxın dövr üçün çətin görünür, əvəzində Ukraynada və Ukrayna ətrafında müharibəyə paralel olaraq, siyasi qarşıdurma güclənə bilər.

ABŞ tarixində ən bahalı seçkilər keçirilib
Yaxın Şərqdə toqquşma daha da güclənə, İran ətrafında eskalasiya riskləri arta bilər. Ağ Evdə olarkən İranla nüvə danışıqlarını ləğv edən Tramp Təl-Əvivin Tehrana qarşı siyasətinin əsas dəstəkçisidir. İstisna deyil ki, İsrail İrana hücumlarını intesivləşdirə, Tehranı birbaşa müharibəyə cəlb etmək istiqamətində müəyyən nəticələr əldə edə bilər.

Beləliklə, Ukraynada səngiməsi gözlənilən müharibənin Yaxın Şərqdə daha da alovlanacağını görə bilərik".

A.Nərimanlının sözlərinə görə, Trampın Ağ Evə qayıdışı Avropada ciddi çalxalanma yarada bilər:

"Avropada millətçilik güclənəcək. Tramp ilk dəfə seçiləndə - 2016-cı ildən sonra qitədə ultra-sağçıların yüksəlişi dövrü başlanmışdı. Baydenin dövründə mövqeləri zəifləyən bu kəsim Trampın ikinci dəfə prezidentliyə namizədliyini açıqladıqdan sonra yenidən aktivləşdi, hətta Almaniya və Fransada nəzərəçarpan nəticələr əldə etdilər. Ultra-sağçıların yüksəlişi Avropa İttifaqında, həmçinin, NATO-da birliyə risklər yarada bilər. "Avropa ordusunun” yaradılması, Avropanın NATO-dan kənar təhlükəsizlik sisteminin qurulması ideyalarının yenidən aktuallaşması gözləniləndir.

Tramp ABŞ-nin strateji rəqibinə - Çinə qarşı mübarizəni gücləndirəcək, xüsusilə “iqtisadi müharibə” taktikasını yenidən işə sala bilər, hərçənd, bu mübarizədə demokratlardan fərqli olaraq, Rusiya ilə əməkdaşlıq ən azı qarşıdurmadan qaçmaq xəttini izləyə bilər.

Azərbaycan üçün ən önəmli məsələ Trampın Ermənistana və erməni lobbisinə münasibətidir. Onun pezidentliyi dövrü (2016-2020) ermənilər üçün müsbət xatirələrlə yadda qalmayıb. Seçki kampaniyasında “xristianların qovulması” və I Arama zəngi isə ermənilərdə müəyyən ümidlər yaratsa da, hər şeyin seçkiyə hesablandığı ehtimalı daha böyükdür. Ağ Evə qayıdan Trampın Cənubi Qafqazda mövqelərini qoruması böyük ölçüdə Azərbaycanla münasibətlərdən asılı olacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   DonaldTramp   geosiyasimüstəvi  





Xəbər lenti