Ukraynada 500 min nəfər səfərbər ediləcək?

Ukraynada 500 min nəfər səfərbər ediləcək?
  04 Noyabr 2024    Oxunub:840
Ukraynanın xalq deputatı Solomiya Bobrovskaya orduya 500 min nəfərin səfərbər olunmasının zəruriliyi ilə bağlı yayılan məlumatları şərh edib.
O, belə bir rəqəmin nə bu ilin, nə də gələn ilin planlarında yer almadığını vurğulayıb. Deputat bu barədə “Azadlıq” radiosunun efirində danışıb.
Bobrovskaya vurğulayıb ki, səfərbərlik üçün dəqiq planlar var, ona görə də yarım milyonluq rəqəmi dilə gətirərkən həmişə vaxt məsələlərinə də diqqət yetirmək lazımdır.

"Yarım milyon insandan söz açılır. Amma hansı müddət ərzində olacaq? Bunu dəqiqləşdirmək lazımdır. Çünki belə rəqəmləri ortalığa atmaq məsuliyyətsizlikdir. Sadəcə bu il kadr tələbləri ilə bağlı müəyyən planlamalar var idi. Bu planlamalarda dekabrın sonuna qədər 500 minin toplanmasından söz açılmayıb. Tamamlanmış planlar var. Bu isə 500 mindən bir neçə dəfə azdır", - o, deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti