Suriya kürdlərinin “komandanı” Ankara ilə danışıqlara hazırdır

   Suriya kürdlərinin “komandanı” Ankara ilə danışıqlara hazırdır
  02 Noyabr 2024    Oxunub:991
Terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəli olan Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Abdi Ankara ilə dialoqa hazır olduğunu açıqlayıb. Lakin onun fikrincə, bu, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını dayandıracağı təqdirdə mümkündür.
AzVision.az xəbər verir ki, “X” sosial şəbəkəsindək səhifəsində hücumları daytandırmaq üçün ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın qeyri-kafi olmasını tənqid edən Məzlum Abdi Vaşinqtonu Ankaraya təzyiq göstərməyə çağırıb.

Böyük Britaniyanın “Middle East Eye” nəşrinin yazdığına görə, PKK-nın Türkiyənin aerokosmik sənayesinə son hücumu bir çox türkiyəli ekspertləri çaşdırıb. Belə ki, bu hücum Türkiyənin “Milliyyətçi Hərəkat” Partiyasının lideri Dövlət Baxçalının PKK-nın həbsdə olan lideri Abdullah Öcalanla əməkdaşlığa çağırmasından bir gün sonra baş verib. Bəzi ekspertlər hücumun Öcalan ilə PKK rəhbərliyi arasında İran-İraq sərhədindəki hadisələrlə fikir ayrılığı səbəbindən baş verdiyini iddia edirlər.

Sonradan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənən Baxçalının çağırışlarına verilən cavablardan biri də Məzlum Abdinin Türkiyə ilə diplomatik məsləhətləşmələrə hazır olduğunu bildirməsi idi. O, həmçinin Türkiyənin Öcalana hazırkı yanaşmasının SDQ-nin Ankara ilə münasibətlərinə müsbət təsir göstərə biləcəyinə ümid edir. Uzunmüddətli dividendlər naminə ABŞ-nin Abdini türklərlə danışıqlara sövq etdiyi də istisna olunmur.

Qeyd edək ki, SDQ 2015-ci ildə ABŞ-nin Suriyada rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan alyansdır. Alyansın nüvəsini Suriyanın şimal-şərqində fəaliyyət göstərən YPG terror təşkilatı təşkil edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: SDQ   Abdi   Türkiyə   danışıqlar  





Xəbər lenti