Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB

   Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib -  YENİLƏNİB
  26 Oktyabr 2024    Oxunub:1936
Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhumun yaxınları, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ş.Quliyevin nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

* * *

10:03
Azərbaycanın Xalq artisti, opera müğənnisi Şahlar Quliyev 78 yaşında vəfat edib.
Bu barədə sənətçinin oğlu, tanınmış aktyor Nofəl Şahlaroğlu məlumat verib.Onun uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.

O, “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görulüb.

AzVision.az


Teqlər: xalq-artisti   vəfat   vida-mərasimi  





Xəbər lenti