Məmmədyarov İsrailə niyə gedir? – TƏHLİL
Elmar Məmmədyarov aprelin 21-də ilk dəfə olaraq İsrailə rəsmi səfər edəcək. Вörd günlük səfər zamanı Azərbaycanın xarici işlər naziri İsrail prezidenti Şimon Peres, baş naziri Benyamin Netanyahu, xarici işlər nazirinin müavini Zeev Elkin, parlamentin xarici siyasət və müdafiə komissiyasının sədri Aviqdor Libermanla görüşü planlaşdırılıb.
Yeri gəlmişkən, qeyd edək ki, keçmiş xarici işlər naziri Liberman Azərbaycan-İsraiд münasibətlərinin son illərdəki yaxınlaşmasının əsas memarlarından biri hesab oluna bilər. Görüşlər zamanı ikitərəfli münasibətlərlə yanaşı Türkiyə və İran mövzularına da toxunulacağı bildirilib.
Məmmədyarov Rəmalla şəhərini də ziyarət edəcək və Fələstin rəhbərliyilə görüşəcək.
İranın əsas düşməni olan və Tehrana qarşı açıq müharibə hədələri yağdıran İsraillə Azərbaycanın get-gedə yaxınlaşması molla rejiminin ürəyincə deyil. Tehran bu yaxınlaşmanın arxasında özünə qarşı təxribatın hazırlanmasından şübhələnir. Mövcud geosiyasi vəziyyətdə Qərbin İrana qarşı tuduğu mövqe və bu ölkənin beynəlxalq səviyyədə dayaqlarının zəiflədiyi, İsrailin İrana qarşı açıq düşmənçiliyi, Amerikanın başlatdığı Yaxın Şərq kampaniyasının aparıcı qüvvəsinin Türkiyə olması, nəhayət Türkiyə ilə İsrail münasibətlərinin normallaşması və hər iki ölkənin Azərbaycanla strateji tərəfdaşlığa can atması kimi faktorları nəzərə alan Tehran, eyni zamanda bilir ki, uzun illər ərzində Azərbaycanın əsas düşməni olan Ermənistanı dəstəkləyir və buna görə Bakıya güvənməməlidir. Tehranın bu mənada narahatçılığı başadüşüləndir.
Xüsusilə, son iki il ərzində İranın nüvə proqramı ilə əlaqədar bu ölkəyə qarşı mümkün hərbi müdaxilənin olacağı barədə ehtimalların səslənməsi, eyni zamanda, İsrailin İrana hücum üçün Azərbaycanın hava məkanı və hərbi aerodromlarından istifadə edəcəyi haqqında məlumatlar Tehran–Bakı münasibətlərinə sərinlik qatan amillərdəndir. Baxmayaraq ki, Azərbaycan dəfələrlə rəsmi şəkildə bu tip məlumatları təkzib edib.
Ümumiyyətlə, Azərbaycan ilə İsrailin daha sıx əməkdaşlığına uzun illər ərzində maneə törədən əsas səbəb qonşu İranın bu məsələdə tutduğu mövqe ilə bağlı olub. Rəsmi Bakı cənub qonşusunun mövqeyindən ehtiyanlanaraq, Təl-Əvivlə yaxınlaşmırdı. Məmmədyarovun səfəri onu göstərir ki, İranın Azərbaycana qarşı təsir gücü artıq kifayət qədər zəifləib.
Azərbaycanın İsrailə əl uzatmamasının digər səbəbi isə Türkiyə ilə Yəhudi dövləti arasıda “Mavi Marmara” olayı ilə bağlı yaşanan böhran ola bilər. Qeyd etmək lazımdır ki, İsraillə Türkiyənin üzdə münaqişə etdikləri ehtimal olunurdu və bu şounun məqsədi Ankaranın Yaxın Şərqdəki nüfuzunun və təsir dairəsinin artırılması idi. Sonradan bu nüfuzdan “ərəb baharı” zamanı Suriya, Misir və HƏMAS-la bağlı məsələlərin həllində istənilən nəticənin əldə olunması üçün istifadə ediləcəkdi. Azərbaycan da oynanılan tamaşanın pozulmamasını gözləmək üçün İsrailə yüksək səviyyəli rəsmi səfərləri “barışığa” qədər yubadırdı. Güman etmək olar ki, xarici işlər nazirinin səfəri prezidentin bu ölkəyə səfərinə hazırlıq mərhələsi ola bilər.
Məlumdur ki, Azərbaycan İsraillə hərbi sahədə əməkdaşlıq etməyə üstünlük verir. Bu əməkdaşlıq qarşılıqlı maraqlara söykənir. Yəhudilər əsas düşməni olan İranla 600 km sərhəddi olan Azərbaycanın hərbi gücünün artmasında maraqlıdırlar. Azərbaycan isə Ermənistanla müharibə vəziyyətində olduğu üçün hərbi potensialını gücləndirir. Alınan hərbi texnika Rusiyanın silahlarından daha modern, daha effektiv və daha müasir olmalıdır. Çünki Rusiya Azərbaycana satdığı silahın eynisini Ermənistana hədiyyə etməklə regiondakı gərgin balansı qorumağa çalışır və bununla həm də özünün üstün mövqeyini qoruyur. Nəticədə Azərbaycanın Rusiyadan silah alması mənasız vəsait xərclənməsinə çevrilir.
İsraillə bu sahədə əməkdaşlıq isə artıq Rusiyanın belə, malik olmadığı texnikaların əldə edilməsi anlamına gələ bilər. Ehtimal etmək olar ki, Azərbaycan İsrailin istehsal etdiyi hava hücumundan müdafiə qurğularına maraq göstərir. İsrailin bu hərbi texnikası ABŞ-ın istehsal etdiyi anoloji qurğuları üstələyir və real döyüş şəraitində sınaqdan keçirilib.
Tofiq Əsgərov