Zəngəzurun tarixi ingilis dilində: Yeni kitab nəşr olundu

   Zəngəzurun tarixi ingilis dilində:    Yeni kitab nəşr olundu
  23 İyul 2024    Oxunub:1486
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəngəzurun tarixi arxiv sənədlərinin fonunda etnoqrafik və geosiyasi reallıqları” layihəsi nəticəsində “Historical and ethnographic panorama of Zangezur on the archive documents background” kitabı dərc olunub. Kitabla yanaşı, Zəngəzur tarixi haqqında videoçarx da təqdim olunub.
“Dalğa Plaza”da Strateji Kommunikasiyalar Mərkəzinin iclas zalında keçirilən təqdimatda kitabın müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar Jurnalist Şəlalə Həsənova Zəngəzurun tarixi və etnoqrafik mənzərəsinin ingilis dilində işıqlandırılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Rusiya, Gürcüstan və Ermənistanın milli arxivlərindən əldə edilmiş arxiv sənədlərinin əsasında işıqlandırılan faktlar Qərb siyasi və akademik dairələr üçün təkzibolunmaz elmi baza mənbəyidir.

Müəllif maliyyə dəstəyinə görə Mədəniyyət Nazirliyinə, kitabın hazırlanmasında əməyi olan redaktor-məsləhətçisi, arxiv işinin bilicisi Rəzzaq Xansuvarova və tərcüməçi Məmməd Nəcəfzadəyə təşəkkürünü bildirib.

Kitabda çox sayda unikal faktlar yer alıb. Onlardan ən vacibləri Zəngəzurun ilkin inzibati dəyişikliklərınin göstərilməsi, türk mənşəli tayfaların, minbaşılıqların təsviri, köçürülmüş ermənilərin azərbaycanlılara qarşı əsassız məhkəmə iddiaları, Comərdli kəndi və Sisian mahalı haqqında maraqlı məlumatlar, 1832 və 1873-cü illərdə ermənilərin Zəngəzura köçürülməsi barədə müfəssəl cədvəldir.


Əzəli yurdumuz Zəngəzurda məskən salan azərbaycanlı yarımköçəri və oturaq tayfalar ilk dəfə olaraq bu kitabda işıqlandırılıb. Həmçinin məskunlaşma ilə bağlı müxtəlif illərdə aparılan statistik nəticələr müqayisəli şəkildə təqdim olunub.

Nüfuzlu alimlərin,QHT nümayəndələrinin, media mənsublarının, ictimai fəalların, tələbələrin iştirak etdiyi təqdimatda tarixçilər Firdovsiyyə Əhmədova, Cəbi Bəhramov, jurnalist, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov, tədqiqatçılar Əli Abdullayev, Bəxtiyar Həsənov, vətəndaş cəmiyyətinin fəalları Rauf Zeyni, Bahar Qasımova, İradə Rizazadə çıxış ediblər. Onlar Şərqi Zəngəzur İqtisadi Zonasının yaradılmasının müstəsna əhəmiyyətini, Qərbi Azərbaycan İcmasının formalaşmasının əzəli torpaqlarımıza - Zəngəzura qayıdışa ümidləri artırdığını vurğulayaraq, mövzunun aktuallğı, tarixi sənədlərin araşdırılmasının və ingilis dilində işıqlandırılmasının vacibliyi, kitabın xarici ölkələrdə yayılmasınən əhəmiyyəti haqqında danışıblar.




Teqlər: Zəngəzur   Kitab  





Xəbər lenti