Bəşər tarixinin naməlum hissəsi aşkarlandı

   Bəşər tarixinin naməlum hissəsi aşkarlandı
  22 İyul 2024    Oxunub:1348
Genetiklərdən və süni intellekt üzrə ekspertlərdən ibarət beynəlxalq komanda neandertalların və müasir anatomik tipli insanların tarixinin əvvəllər bəlli olmayan hissəsini kəşf edib.
AzVision.az xəbər verir ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub. Materialda bildirilir ki, 2000 canlı insanın, həmçinin üç neandertalın və bir denisovanın DNT-lərindən istifadə edən alimlər, son 250 min il ərzində müxtəlif hominin qrupları arasında gen axınının xəritəsini tərtib ediblər. Nəticədə bəşər tarixinin böyük hissəsində müasir insanların və neandertalların dəfələrlə qarışdığı məlum olub.

Genomun deşifrəsi üçün araşdırma zamanı maşın öyrənmə metodlarının tətbiq olunduğu “IBDmix” genetik alətdən istifadə edilib. Bu üsul müasir insanlarla neandertallar arasında üç əlaqə dalğasını müəyyənləşdirməyə imkan verib: təxminən 200-250 min il əvvəl, 100-120 min il əvvəl və 50-60 min il əvvəl. Halbuki, əvvəllər hesab olunurdu ki, müasir insanlar Afrikadan digər regionlara cəmi 50 min il əvvəl məskunlaşıblar.

Neandertalların genomlarında müasir insanların DNT-sinin müəyyənləşdirilməsi əvvəllər qeydə alınmamış daha qədim miqrasiyaları və qarşılıqlı təsirləri aşkarlamağa kömək edəcək vacib kəşfdir.

Həmçinin aşkarlanıb ki, neandertalların populyasiyası (sayı) əvvəllər düşünüldüyündən az, yəni təxminən 2400 damazlıq fərd təşkil edib. Bundan əlavə, aparılan tədqiqatın nəticələrinə görə, neandertalların çox güman ki, nəslinin kəsilmədiyi, lakin müasir insan əhalisinə assimilyasiya olunduğu aydınlaşıb.

Yeri gəlmişkən, bu məlumat antropoloq Fred Smitin son neandertalların insan cəmiyyətlərinə daxil edilməsi barədə irəli sürdüyü “assimilyasiya modeli” fərziyyəsini dəstəkləyir.

Süsən Kərimova
AzVision.az



Teqlər: bəşəriyyət   tarix   naməlum  





Xəbər lenti