ABŞ-da potensial qaliblər cütlüyü müəyyənləşdi

// İlon Mask Tramp-Vens cütlüyünü triumvirata çevirə bilər

   ABŞ-da    potensial qaliblər cütlüyü    müəyyənləşdi
  16 İyul 2024    Oxunub:5933
Respublikaçılar partiyasının Viskonsin ştatının Miluoki şəhərində keçirilən milli qurultayında nümayəndələrin böyük hissəsi rəsmi şəkildə Donald Trampın namizədliyini dəstəkləyib. Bunun belə olacağı heç bir şübhə doğurmurdu. Hələ martın əvvəlində ABŞ-nin BMT-dəki keçmiş səfiri və Cənubi Karolina ştatının sabiq qubernatoru Nikki Heyli prezidentlik yarışından geri çəkilmişdi.
Qurultay ərəfəsində Pensilvaniya ştatının Batler şəhərində keçirdiyi mitinq zamanı sui-qəsdlə üzləşdikdən sonra isə Donald Trampın nəinki respublikaçılar tərəfindən birmənalı şəkildə dəstəklənəcəyi, hətta noyabrdakı seçkilərdə qətiyyətli qələbə qazanacağı artıq heç bir şübhə doğurmurdu.

Co Bayden və Donald Tramp faktiki olaraq öz partiyalarında daxili seçkilərdə qalib gəliblər. Onların namizədliyi partiya qurultaylarında təsdiq edilməlidir. Respublikaçıların milli qurultayı artıq bu proseduru keçdi. Demokratların Milli qurultayı isə avqustda baş tutacaq.

Prezident seçkiləri kampaniyası ilə bağlı statistik göstəriciləri toplayan “RealClearPolitics” mərkəzinin məlumatına görə, hazırda Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gəlmə ehtimalı orta hesabla 65%, Co Baydenin şansı isə 18,3%-dir. Respublikaçıların qurultayı ərəfəsində isə Donald Tramp qalib gələcəyi təqdirdə ABŞ Senatında Ohayo ştatını təmsil edən 39 yaşlı senator Cey Di Vensin vitse-preident olacağını bildirib.

Vens daha çox Middltaunda və ailəsində aldığı tərbiyə barədə danışdığı “Kənd elegiyası” (2016) kitabının müəllifi kimi tanınır. Memuar iki dəfə “The New York Times” qəzetinin bestsellerlər siyahısına düşüb, “The Vashinqton Post” qəzeti isə Vensi “ABŞ-nin pas qurşağının səsi” adlandırıb. 2016-cı il seçkilərindən əvvəlcə Trampı tənqid edən Vens 2018-ci ildə fikrini dəyişib və 2020-ci il seçkilərində onu dəstəkləyib. 2023-cü ilin yanvarında isə o, Ohayo ştatından senator seçilib.


Cey Di Vens sərhəd təhlükəsizliyi və Çinlə ticarətdə sərt mövqe də daxil olmaqla əksər əsas məsələlərlə bağlı Trampın fikirlərinə şərikdir. Əvvəllər isə dəfələrlə açıq şəkildə ABŞ büdcəsindən Ukraynaya yardım üçün pul ayrılmasına son qoymağa çağıraraq, danışıqlar yolu ilə müharibənin mümkün qədər tez başa çatdırılması zərurətini vurğyulayıb.

“Kiyevin bəyan etdiyi 1991-ci il sərhədlərini bərpa etmək məqsədi qeyri-realdır. Nizamlanma isə Ukraynanın neytrallığını möhkəmləndirməyi və ərazi mübahisələrini dondurmağı tələb edir”, - senator Vens Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini bildirib.

Dünən isə vitse-prezidentliyə namizəd “Fox News” telekanalına müsahibəsində qalib gələcəyi təqdirdə Ukraynada münaqişəni bitirmək üçün Donald Trampın Rusiya ilə danşıqılar aparacağını iddia edib.

- Amerikanın öz diqqətini əsl problemə, yəni Çinə yönəldə bilməsi naminə Donald Tramp bu problemə tez son qoymaq üçün Rusiya və ukraynalılarla danışıqlara gedəcəyini vəd edib”, - Cey Di Vens vurğulayıb.

Onun fikrincə, bu, eskalasiya və nüvə müharibəsi riskinin qarşısını alacaq. Siyasətçi “RİA Novosti” agentliyinin Vaşinqtonun Moskva ilə necə qarşılıqlı əlaqə qurması barədə sualına cavab verməsə də, Tramp administrasiyası dövründə “hamı üçün yaxşı olacağına” söz verib.

Vensin bu bəyanatı onun artıq vitse-prezident kimi davranışından xəbər verir. Yeri gəlmişkən, həqiqətən də qələbənin bir addımlığında olsa da, hələ ki, prezident kreslosuna əyləşməmiş Donald Tramp da artıq əsl ölkə başçısı kimi Ağ Evin indiki adminsitrasiyasına çağırışlar edir. O, ABŞ-nin Məxfi Xidmətinin prezidentliyə müstəqil namizəd Robert F.Kennedini mümkün sui-qəsddən qorumalı olması zərurətini gündəmə gətirib.

“Bu gün dünyada baş verənlər fonunda Robert F. Kennedinin dərhal Məxfi Xidmətdən müdafiə almasının çox vacib olduğunu düşünürəm. Kennedi ailəsinin tarixini nəzərə alsaq, bu, açıq-aydın düzgün qərardır”, - Tramp özünün “Truth Social” şəbəkəsində yazıb.

Bundan sonra ABŞ prezidenti Co Bayden Məxfii Xidmətə Robert F.Kennedinin müdafiəsini təmin etməyi tapşırıb. ABŞ-nin Daxili Təhlükəsizlik naziri Alexandro Mayorkas Baydenin “həm keçən həftə sonu baş verən hadisələrdən əvvəl, həm də sonra” Kennedinin qorunması barədə göstəriş verdiyini açıqlayıb.


Əslində, qanunvericiliklə ABŞ-nin Məxfi Xidməti əsas partiyalardan prezidentliyə və vitse-prezidentliyə namizədləri və onların ailə üzvlərini seçkiyə 120 gün qalmış qorumağa başlamalıdır. Digər naqmizədlərlə bağlı isə zərurət yarandıqda bu prosedur həyata keçirilir. Amma bu məsələdə Donald Trampın bir növ söz sahibinə çevrilməsi onun artıq ölkənin lideri kimi qəbul edildiyi təsəvvürünü yaradır.

Yeri gəlmişkən, Florida məhkəməsi məxfi sənədlərlə düzgün rəftar etməməklə bağlı Donald Trampa qarşı qaldırılan iddianı rədd edib. İşə xitam verilməsinin əsas səbəbi kimi ittihamları irəli sürən xüsusi prokuror Cek Smitin təyinatının konstitusiyaya zidd şəkildə həyata keçirildiyi göstərilib. Bundan sonra Tramp onaq qarşı aparılan daha üç məhkəmə işinin dayandırılmasına çağırıb. Halbuki, onlardan biri üzrə məhkəmə Donald Trampı artıq müqəssir kimi tanıyıb.

Robert F.Kennediyə gəldikdə isə, onun nəinki qalib gəlmək, hətta öz tərəfdarlarını Seçicilər Kollegiyasına daxil etmək şansı az olsa da, siyasətçinin kampaniya tədbirləri böyük auditoriya cəlb edir.

“Möhtəşəm siyasi sülalənin üzvü və sadiq seçici bazası olan Kennedi 1990-cı illərdə prezidentliyə namizədliyini irəli sürən Ross Perotdan sonra hər hansı üçüncü namizəddən daha yaxşı şansa malikdir”, - “Associated Press” agentliyi yazıb.

Maraqlıdır ki, “SpaceX” yüksək texnolgiyalar şirkətinin yaradıcısı və baş direktoru, milyarder İlon Mask dərhal respublikaçıalrın vahid namizədi olan Trampın seçki kampaniyasına böyük həcmdə maliyyə dəstəyi göstərmək istəyini açıqlayıb.

“The Wall Street Journal (WSJ)” qəzeti öz mənbələrinə istinadən yazır ki, Mask Trampın kampaniyasına ayda 45 milyon dollar ianə verməyə hazırdır. Vəsaitlər “Amerika PAC” təşkilatına gedəcək. Nəşrin məlumatına görə, bu təşkilat mövqeyi qeyri-müəyyən olan ştatlarda seçiciləri qeydə alır və onları erkən səsverməyə çağırır.

Bundan əvvəl “Bloomberg” nəşri İlon Maskın gizli şəkildə “Amerika PAC” təşkilatına böyük ianə verdiyini vurğulamışdı. Agentlik onu da qeyd edib ki, “America PAC” Trampın seçki qərargahı ilə birbaşa əlaqəli olmasa da, ABŞ-nin keçmiş prezidenti üçün “pərdəarxası” işləyir, seçiciləri araşdırır və mediada sifarişli materiallara nəzarəti həyata keçirir.


“Blumberg” nəşri əvvəllər gərgin münasibətləri olan Trampla Maskın son vaxtlar xeyli yaxınlaşmasına da diqqət çəkib. Belə ki, indi milyarder eks-prezidentə elektrik avtomobilləri və kriptovalyuta məsələlərində məsləhətlər verir. “Tesla” şirkətinin iyun ayında keçirilən illik səhmdar yığıncağında Trampla münasibətləri haqqında danışan İlon Mask “O, heç bir səbəb olmadan da, gözlənilmədən mənə zəng vurur” ifadəsini işlədib. Tramp isə, öz növbəsində, bildirib ki, elektrik avtomobillərin böyük həvəskarıdır.

“Mən İlonun fanatıyam. O, Tesla ilə inanılmaz iş görür”, – “Reuters” agentliyi eks-prezidentdən sitat gətirib.

Donald Tramp Pensilvaniya ştatında tərəfdarlarının mitinqində sui-qəsd nəticəsində yaralandıqdan sonra Mask “X” sosial şəbəkəsində onu dəstəkləyib. O, Respublikaçılar partiyasından Trampın prezidentliyə, Ceyms Devid Vensin isə vitse-prezidentliyə namizəd kimi irəli sürüləmsini “Qələbə kimi səslənir” ifadəsi ilə şərh edib.

ABŞ-nin potensial gələcək hakimiyyət cütlüyünə qarşı sərgilənən belə nümayişkaranə hüsn-rəğbət İlon Maskın da hansısa keyfiyyətdə qoşularaq yeni triumviratın yarana biləcəyi ehtimalını əhəmiyətli dərəcədə gücləndirir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Vnes   Mask  





Xəbər lenti