Tarixi abidələrimizin aqibəti "Yaşıl artım" prinsiplərinə nə dərəcədə uyğunlaşır?

Tarixi abidələrimizin aqibəti    "Yaşıl artım"    prinsiplərinə nə dərəcədə uyğunlaşır?
  15 İyul 2024    Oxunub:1147
Ekspert Aybəniz Əhədova: “Azad olunmuş ərazilərimizdə “yaşıl artım” prinsiplərinə tam əməl edilərsə, bu bölgələr turistik baxımdan daha cəzbedici olar”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, dini-mədəni abidələrin bərpası, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Mövzu ilə bağlı mütəxəssisin fikir və təkliflərini öyrəndik.

Müsahibimiz AR ETN Radiasiya Problemləri İnstitutunun elmi işçisi, Radiokarbon və Spektroskopik Yaştəyini üzrə mütəxəssis Aybəniz Əhədovadır.

-Saysız maddi-mədəniyyət nümunələrimiz var. Əzəli və tarixi ərazilərimiz işğaldan azad olunandan sonra isə bu istiqamətdə araşdırma və digər tədbirlərə daha çox ehtiyac yaranıb. Hazırda bu maddi-mədəni nümunələrimizin hər birini yerli laboratoriyalarda yerli ixtisaslı kadrlarımız tərəfindən tədqiqi mümkündürmü? Ümumiyyətlə sizin təmsil etdiyiniz qurumun bu proseslərə hansı qatqıları var?
- İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”a dair Dövlət Proqramına və eyni zamanda “Yaşıl artım” prinsiplərinə dəstək çərçivəsində Şərqi Zəngəzur və ətraf ərazilərdə olan su hövzələrinin, təbii bioresursların qorunması, ekoloji təmiz saxlanılması və həmçinin də işğaldan azad olunmuş ərazilərimizdəki dağıdılmış və illərdir qəsdən saxtalaşdırılmış maddi-mədəniyyət abidələrimizin qorunması, onların tarixinin obyektiv bir şəkildə dünya ictimaiyyətinə çatdırılması hər kəsin fəaliyyət göstərdiyi öz sahəsi çərçivəsində başlıca məqsədidir. Mənim də bir mütəxəssis kimi bu prosesdə iştirakım abidələrimizin dəqiq radiokimyəvi metodlarla düzgün tarixləndirilməsi və tariximizin zənginliyini beynəlxalq indeksli jurnallarda məqalələr şəklində dərc etməklə dünya ictimaiyyətinə çatdırmaqdır. Sirr deyil ki, xüsusi əhəmiyyət kəsb edən nümunələr illərdir xarici laboratoriyalara göndərilir və mütləq yaşları orada təyin olunur. Bu analizlərin milliyyəti məlum olmayan xarici mütəxəssislər tərəfindən həyata keçirilməsi nümunələrdən əldə edilən nəticələrin obyektivliyini sual altında qoyur. Çünki, ölkə olaraq şahidi olmuşuq ki, hətta dünyaca məşhur olan abidələrimizin tarixi illərdir erməni vandalizmi tərəfindən xarici laborator analizlərin nəticələri əsasında qəsdən saxtalaşdırılmışdır və özününküləşdirilmişdir. Bu məqamda sual yaranır. İnkişaf etməkdə olan ölkə olaraq nə üçün biz tariximizi özümüz müəyyən etməyək? Nə üçün tarixi artefaktlarımızı bəzi qurumlar xarici laboratoriyalara göndərirlər? Başqa bir sual isə, görəsən bu qədər zəngin tarixi olan bir dövlətin saysız maddi-mədəniyyət nümunələrinin hamısına imkan çatırmı xaricə göndərməyə? Cavab sadədir. Əlbəttə ki yox. Aylarla onlayn şəkildə növbə, bilinməyən texniki şərtlərlə əldən ələ keçən və saatlarla yol gedən nümunə, üstəgəl külli miqdarda pul...Bütün bunlar, dövlət olaraq həm külli miqdarda pul vəsaiti itirməkdir, həm də ölkəmizin səmərəli reinteqrasiyasına töhfə verən “Yaşıl artım” prinsiplərinə zidd olan bir nüansdır. Bu baxımdan, Radiasiya Problemləri İnstitutunda 7 ildir ki, fəaliyyət göstərən “Tarixi abidələrin Radiokarbon və Spektroskopik Yaştəyini” laboratoriyasının gənc tədqiqatçısı olaraq bu problem məni narahat edir. Və düşünürəm ki, saysız maddi-mədəniyyət nümunələrimizin hər birini yerli laboratoriyamızda yerli ixtisaslı kadrlarımız tərəfindən tədqiqi mümkün olduğu halda öz tariximizi özümüz müəyyən etməliyik və gələcəkdə bu sahəni daha da inkişaf etdirməyə səy göstərməliyik ki ölkədaxili potensialımız dünya ictimaiyyətinə hər tərəfli aşılansın və tarixi abidələrimizin zənginliyi turistlərdə maraq yaradaraq ölkəyə turizm axınının güclənməsinə gətirib çıxartsın.
-“Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, bu ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
- Ümumiyyətlə turizm sektorunun inkişafı üçün yalnız möhtəşəm tikililər, ərazilərin abadlaşdırılması bəzən kifayət etmir. Burada insan faktorunun mədəni təfəkkürünün rolu əvəzsizdir. Bu bir faktdır ki, bəzi heç bir yeni tikilisi və ya möhtəşəm binaları olmayan ölkədə, yaxud şəhərdə turizm səviyyəsi pik həddə çatır. Düşünürəm ki, nəyisə dəyişmək əvəzinə var olanı qorumaq və ekoloji təmiz saxlamaq başlıca məqsəd olmalıdır. Bu, əsasən də işğaldan azad olunmuş dağlıq ərazilərimizə aiddir. Yaşıllığı və füsunkarlığı ilə göz oxşayan bu ərazilərdə 1 ağac belə kəsilməməlidir və “Yaşıl artım” prinsipləri həm hərfi mənada, həm də geniş mənada başa düşülüb əməl edilərsə, bu bölgələr turistik baxımdan daha cəzbedici görünər.
- Böyük qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə insanlar daha sıx məskunlaşacaqlar. Bu isə su hövzələrinin də nisbətən daha çox çirklənməsi ehtimalını artırır. Bu mənadan bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Sizin qurum su hövzələrindən hansısa nümunələr götürüb araşdırmalar aparırmı?
- İşğaldan azad olunmuş ərazilərimizdə olan su hövzələrinin, bioresursların məhv olmaması üçün həm vaxtaşırı bu sulardan götürülən nümunələrin çirklilik və s. analizi aparılmalıdır, həm də hövzələrin ekotəmizliyinin qorunub saxlanılması üçün həvəsləndirici tədbirlər həyata keçirilməlidir. Radiasiya Problemləri İnstitutunun əməkdaşı olaraq qeyd edim ki, biz də öz növbəmizdə bu prinsiplər üzrə həm Araz çayından, həm də işğaldan azad olmuş ərazilərimizdəki su hövzələrindən su nümunəsi götürərək sudakı Tritiumun miqdarını, çirkliliyini və s. vaxtaşırı təyin edirik. Həm Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası(AES) səbəbilə Araz çayına axıdılan radioaktiv tullantılar, həm də işğal dövründə əsarətdə olan torpaqlarımızda radioaktiv çirkləndiricilərin sulara çökməsi təhlükəsini nəzərə alaraq bu analizlərin aparılması tərəfimizdən həyata keçirilir. Bu baxımdan həmin su hövzələrindən icazəsiz istifadə, qeyri-qanuni bio-ovların həyata keçirilməsi birbaşa insan orqanizmi üçün təhlükədir. Düşünürəm ki, bu səbəbi əsas gətirərək hər kəs sivil qaydada maariflənsə həm qanunsuzluq baş verməz, həm də sağlam qalarıq.

- AES-dən söz açdınız. “Metsamor”un Qarabağ bölgəsinə, ümumilikdə regionun ekeloji durumuna hansı təhlükə və təhdidləri var?

- Atom Elektrik Stansiyasından istifadə hər bir dövlət üçün kifayət qədər vəsait tələb edən prosesdir. Ona görə də, Ermənistan üçün bu stansiyanın nə dərəcədə təhlükəsiz işlədilməsi və idarə olunması sual altındadır. Vaxtilə ən güclü dövlətlərdən sayılan Yaponiyada sunami nəticəsində “Fukusimo” Atom Elektrik Stansiyasının bir neçə blokunun dağılması kimi faciə ilə üzləşdik. Təbii ki, Ermənistanın Yaponiya kimi güclü dövlət olmadığını hər kəs bilir. Ona görə də Ermənistanda istənilən təbiət hadisəsinin “Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir. Ermənistanla qonşu olan dövlətlərin MAQATE-dən “Metsamor”un vəziyyəti barədə hesabat tələb etmək haqqı var. Çünki əgər burada hər hansı bir arzuolunmaz hadisə baş versə, onun nəticəsi bütün bölgəni əhatə edəcək. Ümumiyyətlə qitəmiz üçün ciddi faciələr yarana bilər.

Metsamor Atom Elektrik Stansiyasının maye tullantıları nəticədə transsərhəd çay olan Araza axıdılır. Bu stansiya su qıtlığından əziyyət çəkən bir ərazidə yerləşir, köhnələn reaktoru soyutmaq üçün isə lazım olan suyu dərinlikdəki quyulardan götürürlər. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir.
Öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmağa məcbur edilə bilər. "Yaşıl artım" prinsiplərindən irəli gələn məqsədlərə çatmağı əsas istiqaməti kimi müəyyən edən Nüvə Enerjisi Sammiti bu baxımdan hər zaman əlverişli platforma kimi çıxış edir. COP29-a ev sahibi edəcək Azərbaycan ictimaiyyətinin də gözləntisi budur.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.

Tural Tağıyev
AzVision.az




Teqlər: Qarabağ   Ekoturizm  





Xəbər lenti