Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidir? - Ekspertin şərhi

   Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidir? -    Ekspertin şərhi
  15 İyul 2024    Oxunub:1880
Hər il olduğu kimi bu il də abituriyentlərin universitetlərə ixtisas seçimi başlayacaq. Bəzən onlar kifayət qədər bal toplasa belə, yanlış ixtisas seçimi nəticəsində universitetlərə qəbul ola bilmirlər.
Bəs, abituriyentlər nələrə diqqət etməlidir?

Təhsil eksperti Kamran Əsədov AzVision.az -a bildirib ki, abituriyentlərin ixtisas seçimi qəbul imtahanlarından da vacib məsələdir:

Onun sözlərinə görə, hər il 600-dən çox bal toplayıb tələbə adını qazana bilməyən kifayət qədər abituriyentlər var:

“Xüsusən bu II və IV ixtisas qruplarında olur. Onlar bu sahədə təcrübəsi olmayanlara üz tuturlar. Əvvəlki illərdə formalaşmış bal ilə abituriyentlərə tövsiyə verən insanların sayəsində ya abituriyentlər tələbə adını qazanmaqdan məhrum olurlar, ya da ki, yanlış ixtisaslara qəbul olurlar. Çox təəssüflər olsun ki, bu gün təcrübəsiz insanlar sosial şəbəkələrdə ixtisas seçimi ilə bağlı reklamlar edirlər. Mən valideynlərə, onların müəllimlərinə tövsiyə edirəm ki, cari ilin statistik göstəriciləri, “Abituriyent 4”, balların paylanma jurnalı çıxmayana qədər ixtisas seçimi etməsinlər”.

Həftəsonu 33 mindən çox abituriyent imtahan verəcək
Ekspert qeyd edib ki, bu il ali məktəblərə qəbul planı yeri artıb:

“Əgər keçən il qəbul plan yeri 55800 idisə, bu il 60 minə yaxındır. Eyni zamanda bu il ali məktəblərin ödənişsiz dövlət sifarişli plan yerlərinin sayı 28 mindir. I ixtisas qrupu üzrə 200 baldan yuxarı, II ixtisas qrupunda isə 160-170 baldan yuxarı hər kəs tələbə adını qazana biləcək. Hətta I ixtisas qrupunda 210 balla pulsuz ixtisaslara belə qəbul olmaq mümkün olacaq. Hətta I və II qrupda plan yerlərinin kifayət qədər boş qalmasını da proqnozlaşdırırlar”.

K.Əsədov onu da bildirib ki, gərgin müsabiqə şərti III və IV ixtisas qrupunda olacaq:

“Çünki bu il 500 və 600-dən yuxarı bal toplayanların sayı III ixtisas qrupunda çoxdur. I ixtisas qrupunda abituriyentlər informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi ixtisaslarını, II ixtisas qrupunda maliyyə ixtisasını seçəndə daha çox diqqətli olmalıdırlar. IV ixtisas qrupunda müəyyən qədər balların dəyişməsi proqnozlaşdırılır. Abituriyentlər ixtisas seçimi edəndə baxsınlar ki, özlərinin topladığı baldan yuxarı nə qədər abituriyent sayı var, plan yerlərinə diqqət etsinlər. Xüsusən bu il rus bölməsində abituriyentlərin plan yerləri azalıb”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İxtisasseçimi   abituriyent   universitet  





Xəbər lenti