Dördüncü “Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub

Dördüncü “Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub
  12 İyul 2024    Oxunub:1383
Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb.
Müsabiqənin İşçi Qrupundan bildirilib ki, bu mərhələdə iştirak edən 315 namizəddən 118-i finala vəsiqə qazanıb. Bakıdan 74, regionlardan isə 44 nəfər final mərhələsinə keçib. Onlardan 99-u kişi, 19-u qadındır. Qeyd edək ki, finalçılar arasında beynəlxalq, özəl və dövlət şirkətlərində, həmçinin QHT-lərdə çalışan namizədlər yer alır.

Yarımfinal mərhələsində iştirakçılara 12 keys ünvanlanıb və onlar 4 fərqli komandada bu keysləri həll etməyə çalışıblar. Namizədlərin dinamik bölüşdürülməsi nəticəsində hər bir iştirakçı iki gün ərzində 8 ekspert tərəfindən qiymətləndirilib. Bu da öz növbəsində şəffaf dəyərləndirilmənin həyata keçirilməsinə imkan yaradıb. Qeyd edək ki, final mərhələsinə keçid üçün minimal bal 15 müəyyən edilib.

Müsabiqənin son mərhələsi olan finalda iştirakçılar 2 gün ərzində qalibiyyət uğrunda bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriləcəklər. Qiymətləndirmə təqdim edilən keyslər üzrə aparılacaq.

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi iyulun 19-21-də Bakı Ekspo Mərkəzi keçiriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti